"Neftçi”nin baş məşqçisi Yuri Vernidub klub saytına müsahibə verib. Ukraynalı mütəxəssis arxada qalan təlim-məşq toplanışını dəyərləndirib: “Təlim-məşq toplanışı çox xoşuma gəldi, çox yüksək səviyyədə təşkil olunmuşdu. Buna görə rəhbərliyimizə xüsusi təşəkkürümü bildirirəm. Onlar komandamızın məşqi və inkişafı üçün bizə rahat şərait yaratmaqdan ötrü hər şey etdilər. Həmçinin futbolçulara da toplanışa görə təşəkkür edirəm. Onlara minnətdaram ki, qoyduğumuz tələbləri və yüklənmələri yerinə yetirdilər, yaxşı işlədilər, tempi qorudular və inkişaf göstərdilər. Biz buna görə razıyıq və məmnunuq. Onu da qeyd etmək istəyirəm ki, komandada ciddi zədəli futbolçu olmadığı üçün şadıq. Düzdü, bəzi oyunçularda mikrozədələr var, amma onları qısa müddətdə aradan qaldıracağıq və müsbət nəticə əldə edəcəyik. Məni məyus edən yeganə məqam Ortisin hərarət səbəbindən məşq prosesindən kənarda qalmasıdı, amma düşünürəm ki, 1-2 günə vəziyyəti normallaşacaq. Ümumilikdə keçirilən toplanışdan çox razıyam. Komandada heç kimi xüsusi fərqləndirmək istəmirəm, çünki hamı layiqincə və yaxşı məşq edirdi. Heç kimi fərqləndirməməyimin səbəbi odu ki, biz böyük bir ailəyik. Hazırda komandada belə ab-hava olduğuna görə qürur duyuruq. Yeganə qeyd etmək istədiyim futbolçu Murad Məmmədovdu. Bu cür davam etsə, onu çox böyük gələcək gözləyir. Həmçinin “Neftçi-2”dən bizə qoşulan futbolçulara – Nihad Əliyev və Məhəmməd Məmmədliyə də təşəkkür etmək istəyirəm. Onlara minnətdaram ki, çalışdılar və məşq prosesində bizə kömək etdilər. Düzdü, çox oynamaq şansı qazanmadılar, amma biz onların inkişafını izləməyə davam edib gələcəkdə də məşq proseslərinə cəlb edəcəyik. Hər şey hələ indi başlayır. Qarşıda bizi “Zirə” kimi çox ciddi rəqibə qarşı hazırlıq həftəsi gözləyir. “Zirə” çox yaxşı komandadı. Təhlil üçün çox işimiz var. Təhlil edib bu oyuna hazırlaşacağıq. Hazırda nəyisə dəyişməyə ciddi ehtiyac görmürəm. Çünki komandada kifayət qədər futbolçu var, hamı istəklidir və çalışır, bu da məni qane edir. Bununla belə, bizə maraqlı və “Neftçi” səviyyəsinə layiq bir futbolçu olarsa və o da komandamıza qoşulmaq istədiyini bildirərsə, əlbəttə, bu variantı nəzərdən keçirəcəyik. Açığı, bu mövzuda danışmaq çətindi, çünki hər məşqçi heyətin güclənməsini istəyər. Lakin hazırda futbolçularımız var və biz də, onlar da qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə və mövcud vəziyyəti düzəltməyə hazırıq. Baxacağıq, indi konkret nəsə demək çətindi. Qarşıda hələ birhəftəlik hazırlıq var və Bakıda hazırlaşacağıq. Yeganə fərq Bakının havasıdı. Burda temperatur +25 dərəcədir, Bakıda isə +5, +6 dərəcə və güclü külək gözlənilir. Amma qorxulu heç nə yoxdu. Biz burda hazırlaşmışıq, məşq etmişik və düşünmürəm ki, bu bizim üçün böyük çətinlik yaradacaq. Hazırda bu heç də ən vacib məqam deyil. Çempionatın son 17 turuna 100 yox, 150 faiz hazır olmalıyıq. Dəstək verdiklərinə görə azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Buna görə biz sizə minnətdarıq. Azarkeşlərə demək istəyirəm ki, heç vaxt komandadan üz döndərməsinlər. Vəziyyətin nə qədər ağır və ya asan olmasından asılı olmayaraq, tribunaya gəlin. Siz hər zaman komandanın yanında olmalısız. Komanda isə mənim fikrimcə, ən yaxşı nəticəni göstərmək üçün əlindən gələni edəcək”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta