AZ

Türkiyə Paşinyanı açıq şəkildə MÜDAFİƏ etdi – Azərbaycan üçün GÖZLƏNTİ

Ermənistanda qarşıdan gələn seçkilər fonunda Ankara İrəvana yönəlik mövqeyini açıq şəkildə ortaya qoyub.

Türkiyənin xarici işlər naziri Hakan Fidan baş nazir Nikol Paşinyanın hazırda ictimai rəy sorğularında lider olduğunu və onun tutduğu “konstruktiv xəttin” dəstəkləndiyini bildirib.

Nazirin sözlərinə görə, Paşinyanın nümayiş etdirdiyi siyasi iradə və kurs regionda sabitlik və normallaşma baxımından əhəmiyyətlidir və bu xəttin davam etməsi vacibdir. Ankara Paşinyanın oynadığı rolu müsbət qiymətləndirərək, normallaşma prosesinə töhfə verən addımları dəstəklədiyini vurğulayıb.

Bu açıqlama Türkiyə–Ermənistan münasibətlərində son dövrlər müşahidə olunan yumşalma fonunda seçkilər ərəfəsində verilmiş açıq siyasi mesaj kimi dəyərləndirilir.

Buradan bir neçə sual yaranır: Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ermənistan seçkiləri ərəfəsində Nikol Paşinyanın “konstruktiv xəttini” açıq şəkildə dəstəkləməsi sizcə nə ilə izah olunur? Bu mövqe Ankaranın regionla bağlı uzunmüddətli strateji hədəflərinin tərkib hissəsidirmi, yoxsa seçkilər ərəfəsində İrəvana verilən konkret siyasi mesajdır? Eyni zamanda, bu açıqlamanın Türkiyə–Ermənistan normallaşma prosesi və Azərbaycan–Ermənistan sülh gündəliyinə necə təsir edə bilər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Fikrət Nəsrəddinzadə qeyd edib ki, bu məsələ açıq həqiqətdir ki, həm Ankara, həm də Bakı Nikol Paşinyanın lideri olduğu partiyanın seçkidə qələbə qazanmasını istəyir: “Azərbaycanla sülhün əleyhdarları Ermənistanda hakimiyyətə gələrlərsə, bu, bölgədə qurulmağa başlanan sabitliyə təhlükə yaradacaq. Bu yanaşma təkcə Paşinyana siyasi dəstək kimi yox, ümumilikdə bölgədə sülh gündəliyinə verilən dəstək kimi qiymətləndirilməlidir. Söhbət sülh sazişinin imzalanmasına, Zəngəzur dəhlizinin açılmasına, regionda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş siyasi iradənin dəstəklənməsindən gedir. Çox gümanki, bu bəyanat rəsmi Bakı ilə razılaşdırılmış şəkildə irəli sürülüb”.

Şərhçinin sözlərinə görə, Türkiyənin dəfələrlə vurğuladığı kimi, regional məsələlərdə Ankara və Bakı eyni mövqedən çıxış edir: “Son bir neçə il ərzində Türkiyənin Cənubi Qafqazda yürütdüyü siyasəti incələyəndə Ankaranın da Ermənistanla münasibətlərdə yeni səhifə açmağa cəhdlər etdiyi aydın olur. Amma Azərbaycanla məsləhətləşmə və koordinasiya müttəfiqlərin öhdəliklərindən biridir və Türkiyə rəhbərliyini buna əməl edib. Baş verənlərdən o nəticə çıxır ki, İrəvan müttəfiqlərin vahid güclü mövqeyi qarşısında başqa çıxış yolu görmür. Ölkənin rəsmi mövqeyi regionda dominant mövqeyə uyğunlaşdırılır və Azərbaycanla sülh müqaviləsinin imzalanmasını şərtsiz prioritetə çevirir. Ermənistan indiki status-kvonu dəyişmək, özünü təcriddən çıxmaq istəyirsə, 2026-cı ilin iyun seçkilərindən dərhal sonra referenduma gedib ölkə konstitusiyasında dəyişiklər edib sülh masasının arxasında öz yerini tutmalıdır”.

Seçilən
204
nocomment.az

1Mənbələr