AZ

İranda baş verən proseslərin regiona təsiri: Azərbaycan kontekstində baxış



Son illərdə İran İslam Respublikasında müşahidə olunan siyasi, sosial və iqtisadi proseslər yalnız bu ölkənin daxili həyatını deyil, bütün Yaxın Şərq və Cənubi Qafqaz regionunu ciddi şəkildə təsirləndirir. İran regional güc, böyük enerji ehtiyatlarına malik dövlət və mürəkkəb etnik–dini struktura sahib ölkə kimi qonşular üçün xüsusi strateji əhəmiyyət daşıyır. Bu proseslərin Azərbaycan üçün yaratdığı risklər və imkanlar isə ayrıca diqqət tələb edir.


İranda daxili qeyri-sabitliyin artması
İranda son illər iqtisadi böhran, sanksiyalar, işsizlik, inflyasiya və sosial ədalətsizlik kütləvi narazılıqlara səbəb olub. Xüsusilə gənclər və qadınlar arasında rejimə qarşı etirazlar güclənib. Bu daxili təzyiqlər Tehranın xarici siyasətində daha aqressiv və təhlükəsizlikyönlü davranışlara yol açır. Tarix göstərir ki, daxili zəiflik yaşayan avtoritar rejimlər diqqəti kənara yönəltmək üçün xarici düşmən obrazı yaratmağa çalışırlar.

Bu kontekstdə Azərbaycan zaman-zaman İran mediasında və bəzi rəsmi çevrələrdə "təhlükə” kimi təqdim olunur. Bunun əsas səbəbi Azərbaycanın son 20 ildə qüdrətlənməsi, ərazi bütövlüyünü təmin etməsi, eləcə də müstəqil regional siyasət yürütməsidir.

İranın Cənubi Qafqaz siyasəti və Azərbaycan

İran Cənubi Qafqazı öz təhlükəsizlik bufer zonası hesab edir. Xüsusilə Azərbaycan–Türkiyə yaxınlaşması və Zəngəzur dəhlizi ideyası Tehran tərəfindən geosiyasi risk kimi qiymətləndirilir. İran bu dəhlizin açılmasının onun Ermənistan üzərindən Avrasiya ilə əlaqələrinə zərbə vuracağını düşünür.

Bu səbəbdən İranın Ermənistanı açıq və gizli şəkildə dəstəkləməsi Azərbaycanın təhlükəsizlik maraqları ilə ziddiyyət təşkil edir. Tehran Bakı–Ankara tandeminə qarşı balans yaratmaq üçün Yerevanla münasibətləri gücləndirir və bu, regionda yeni gərginliklər yaradır.

Cənubi Azərbaycandakı faktor

İran əhalisinin təxminən 30–40 faizinin etnik azərbaycanlı olması Azərbaycan üçün həm humanitar, həm də strateji amildir. Son etirazlarda Cənubi Azərbaycanda milli kimlik, dil və mədəni hüquqlar tələblərinin artması Tehranın həssas nöqtəsinə toxunur.

Azərbaycanın uğurlu inkişaf modeli, güclü dövlət quruculuğu və qalib ölkə imici İran azərbaycanlıları üçün alternativ nümunə yaradır. Bu isə İran rejimində qorxu doğurur və Bakıya qarşı informasiya və siyasi təzyiqlərin səbəblərindən birinə çevrilir.

İran–İsrail qarşıdurması və İranın İsrailə qarşı düşmən siyasəti regionda təhlükəli gərginlik yaradır. Azərbaycan isə İsraillə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu amil İran tərəfindən Bakıya təzyiq aləti kimi istifadə edilə bilər. Lakin Azərbaycan balanslı xarici siyasət yürüdərək ərazisinin üçüncü dövlətlərə qarşı istifadəsinə imkan vermədiyini dəfələrlə bəyan edib.

Buna baxmayaraq, İran–İsrail qarşıdurmasının kəskinləşməsi Azərbaycan üçün təhlükəsizlik riskləri yaradır, xüsusilə kəşfiyyat, diversiya və diplomatik təzyiq sahələrində.

Regional iqtisadi və nəqliyyat təsirləri
İrana qarşı sanksiyalar regionun nəqliyyat və enerji layihələrinə də təsir edir.

Azərbaycan üçün Şimal–Cənub dəhlizi və İran üzərindən Hind okeanına çıxış perspektivləri iqtisadi baxımdan əhəmiyyətlidir. Lakin İranın qeyri-sabitliyi və Qərblə qarşıdurması bu layihələrin riskini artırır.

Bir sözlə, Cənubi Qafqazda güc balansı dəyişdikcə, İran faktoru Azərbaycanın xarici siyasətində uzun müddət əsas gündəm mövzularından biri olaraq qalacaq.

Səbuhi ABBASOV
QHT sədri, internet-media ekspert
 
 
 

Seçilən
12
50
7news.az

10Mənbələr