AZ

Zəngin ölkələrdə faizlə, kasıb ölkələrdə çox vaxt “ümidsizlik”lə ölçülən işsizlik Sakit rəqəmin arxasındakı “stabil” səs

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Beynəlxalq Əmək Təşkilatının yayımladığı son hesabat dünyaya bir tərəfdən səssiz xəbərdarlıq, digər tərəfdən isə acı bir gerçəyi xatırladır. 2026-cı ilə qədər qlobal işsizlik 4,9 faiz səviyyəsində qalacaq və bu, təxminən 186 milyon insanın işsiz qalması deməkdir. Rəqəmlər çox vaxt soyuq olur, amma bu statistikanın arxasında yalnız faiz yox, həyatlar, ailələr, yarımçıq qalan planlar, gecikən ümidlər dayanır.

Maraqlıdır ki, bu göstərici “stabil” kimi təqdim olunur. Yəni artmır bu, müsbət xəbərdir. Amma azalması da gözlənilmir. Bu isə artıq düşündürücüdür. Dünyanın texnologiya, süni intellekt və avtomatlaşdırma ilə sürətlə dəyişdiyi bir dövrdə iş imkanlarının genişlənəcəyini gözləyənlər üçün bu sabitlik bəzən durğunluq kimi görünür. Çünki qlobal iqtisadiyyat böyüyür, amma hamını öz içində daşıya bilmir. Zəngin ölkələrdə işsizlik faizlə ölçülür, kasıb ölkələrdə isə çox vaxt “ümidsizlik”lə.

Bu rəqəmlər bir sualı daha kəskinləşdirir: problem iş yerlərinin olmamasıdır, yoxsa mövcud işlərin insanların bacarıqları ilə uyğun gəlməməsi? Artıq bir çox ekspertlər deyir ki, dünya işsizlikdən çox “uyğunsuz məşğulluq” problemi yaşayır. Yəni iş var, amma o iş üçün lazım olan bilik, texniki bacarıq, ixtisas çoxlarının əlində yoxdur. Texnologiya sürətlə irəliləyir, amma insanların öyrənmə imkanı eyni sürətlə artmır. Beləliklə, fərq böyüyür, işsizlik isə “rəsmi rəqəmlər” səviyyəsində sükutla yerində qalır.

Digər tərəfdən, bu statistika ölkələr arasında olan ədalətsiz bölgünü də xatırladır. Bəzi ölkələr üçün 4,9 faiz işsizlik “rahat nəfəs almaq” deməkdir, bəziləri üçün isə əlçatmaz arzudur. İnkişaf etmiş ekosistemlər işsizliklə mübarizəni dayanıqlı iqtisadiyyat, güclü sosial siyasət və təhsil sistemi ilə aparır. İnkişaf etməkdə olan ölkələrdə isə işsizlik çox vaxt miqrasiya ilə, kölgə iqtisadiyyatı ilə və ya məcburi kompromislərlə “həll olunur”. Kağız üzərində işsiz sayılmayan milyonlarla insan gerçəklikdə ya aşağı maaşa işləyir, ya da sahib olduğu potensialdan qat-qat aşağı səviyyədə fəaliyyət göstərir.

186 milyon insanın işsiz qalacağı bir dünyada yalnız iqtisadi yox, sosial nəticələri də düşünmək lazımdır. İşsizlik psixoloji basqı yaradır, narazılığı artırır, sosial ədalətsizlik hissini dərinləşdirir. İş yalnız gəlir mənbəyi deyil insanın cəmiyyətə bağlılığını, öz dəyərini hiss etmə formasını da müəyyənləşdirir. İşsiz bir dünya daha qaranlıq, daha əsəbi, daha etibarsız dünyadır.

BƏT-in hesabatı bizi başqa bir reallıqla da üz-üzə qoyur. Dünya əmək bazarı dəyişib, amma cəmiyyətlərin böyük hissəsi hələ də köhnə düşüncə ilə yeni reallığı idarə etməyə çalışır. Təhsil sistemlərinin yenilənməsi, insanların yenidən ixtisaslaşması, sosial siyasətlərin gücləndirilməsi, gənclərin əmək bazarına sağlam şəkildə daxil olması bu rəqəmlərin sadəcə statistika olaraq qalması üçün yeganə yoldur.

Bəzən belə xəbərlərə baxıb sadəcə çiyin çəkib keçirik, çünki bu, “qlobal problem”dir. Amma qlobal olan hər şey bir gün yerli olur, qapımızı döyür. İşsizlik yalnız dünyanın problemi deyil, hər ölkənin, hər ailənin, hər fərdin mövzusu ola bilər. Ona görə də bu 4,9 faiz yalnız iqtisadi göstərici kimi yox, cəmiyyətlər üçün sınaq kimi dəyərləndirilməlidir.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
bizimyol.info

1Mənbələr