ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinin uzanmasında günahkar tərəfin Kiyev olduğunu iddia edib. Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin müharibəni bitirmək və razılaşma əldə etmək niyyətindədir.
Vətəninfo.az xəbər verir ki, Reuters agentliyinə verdiyi müsahibədə Tramp bildirib ki, sülh sazişinin imzalanmasına mane olan əsas tərəf Ukraynadır.
“Düşünürəm ki, o (Putin) razılaşmaya hazırdır. Məncə, Ukrayna razılaşmaya daha az hazırdır”, – deyə Tramp vurğulayıb.
Avropada İkinci Dünya müharibəsindən bəri ən böyük quru münaqişəsinin ABŞ-ın vasitəçiliyi ilə hələ də bitməməsinin səbəbi ilə bağlı suala Tramp qısa cavab verərək “Zelenski” deyib.
“Biz prezident Zelenskini bunu dəstəkləməyə inandırmalıyıq”, – deyə o əlavə edib.
Tramp Ukrayna Prezidentinin danışıqları niyə uzatdığı ilə bağlı detallara varmayaraq yalnız bunu bildirib:
“Mən sadəcə düşünürəm ki, onun üçün istədiyini əldə etmək çətindir”.
ABŞ Prezidenti, həmçinin Reuters-ə açıqlamasında Bloomberg agentliyinin yaydığı məlumatlara münasibət bildirərək, Stiv Uitkoff və Cared Kuşnerin yaxın vaxtlarda Moskvaya mümkün səfəri barədə heç bir məlumata malik olmadığını deyib.
Tramp gələn həftə İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda Volodimir Zelenski ilə görüşüb-görüşməyəcəyi sualına müsbət cavab versə də, hələlik konkret planın olmadığını qeyd edib.
“Əgər o orada olsa, görüşərdim. Mən orada olacağam”, – deyə Tramp bildirib.
Xatırladaq ki, daha əvvəl mediada Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşnerin Ukraynadakı müharibənin nizamlanması ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya yeni səfər planlaşdırdığı barədə məlumat yayılmışdı.
Bundan başqa, Davosda keçiriləcək görüş çərçivəsində Zelenski və Tramp arasında Ukraynanın müharibədən sonrakı bərpası və “rifah sazişi” ilə bağlı 800 milyard dollarlıq razılaşmanın müzakirə olunacağı bildirilirdi.
Prezident Volodimir Zelenski isə daha əvvəl açıqlamasında Ukraynanın 20 maddədən ibarət sülh planına Rusiya tərəfindən bu ayın sonunadək cavab gözlədiyini bəyan etmişdi.