Strateji hədəfləri reallığa çevirən faktorlar: milli maraqların aliliyi, güclü siyasi iradə və sarsılmaz xalq-iqtidar birliyi
Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun “Azərbaycan” qəzetinə müsahibəsini təqdim edirik:
- Tahir müəllim, artıq yola saldığımız 2025-ci ildə də Azərbaycan önəmli uğurlara imza ataraq milli gücünü daha da artırmış və beynəlxalq mövqelərini olduqca möhkəmləndirmişdir. Fikrinizcə, bu nailiyyətləri şərtləndirən əsas amillər hansılardır?
- Yola saldığımız 2025-ci il beynəlxalq münasibətlər sistemində baş verən tənəzzülün daha da dərinləşməsi, hərbi-siyasi konfrontasiyaların kəskinləşməsi, humanitar böhranlar, milli-etnik və dini qarşıdurmalar, iqlim dəyişikliklərinin meydana gətirdiyi fəsadlarla yadda qaldı. Təbii ki, belə bir mürəkkəb şəraitdə, yeni geosiyasi reallıqların və çağırışların meydana çıxdığı bir dönəmdə milli maraqların qorunması müstəqil siyasət həyata keçirən hər bir ölkə üçün taleyüklü məsələyə çevrilmiş, onların liderlərinin üzərinə böyük tarixi məsuliyyət qoymuşdur.
İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq Zəfərə imza ataraq öz ərazi bütövlüyünü, 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində isə mütləq suverenliyini bərpa edən Azərbaycan siyasi, sosial-iqtisadi, hərbi-strateji və digər sahələrdə əldə etdiyi müvəffəqiyyətlərlə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində əldə olunmuş qələbənin 5-ci ildönümünü qeyd etdiyimiz 2025-ci ilin nəticələri də bu gerçəkliyi birmənalı şəkildə təsdiqləyir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində qeyd etdiyi kimi, 2025-ci il ölkəmiz üçün uğurlu olmuş, Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır.
Ulu Öndər Heydər Əliyevin milli maraqlara əsaslanan, demokratik dəyərləri, qarşılıqlı hörmət və etimad prinsipini özündə ehtiva edən siyasətini ardıcıl islahatlarla zənginləşdirərək ölkəmizin davamlı inkişafını təmin edən Prezident İlham Əliyev Azərbaycanın qüdrətini və nüfuzunu daha da artırmış, onun regiondakı lider mövqeyini möhkəmləndirmiş, dünyada dialoq və əməkdaşlıq məkanı, etibarlı və konstruktiv tərəfdaş imicini gücləndirmişdir.
Vahid milli ideya - azərbaycançılıq ideologiyası əsasında ictimai-siyasi sabitliyin qorunması, ardıcıl sosial-iqtisadi və siyasi-hüquqi islahatların həyata keçirilməsi və digər mühüm faktorlar ölkəmizdə milli birliyin güclənməsini şərtləndirmişdir. Təsadüfi deyil ki, bu gün xalqımız həmrəylik nümayiş etdirərək prinsipial mövqe ortaya qoymaqla dövlət başçısının siyasətinə mütləq dəstək göstərir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi: “Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir”.
Qlobal təhlükəsizliyə ciddi təhdidlər yaradan hallara qarşı qətiyyətli mübarizə apararaq beynəlxalq hüququn aliliyini təşviq edən Azərbaycanın məqsədyönlü xarici siyasət kursu regionda ədalətli geosiyasi nizamın - yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşması, bütövlükdə isə sülh naminə etimad quruculuğunun həyata keçirilməsi baxımından çox böyük önəmə malikdir. Bu xüsusda 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamə ölkəmizin növbəti diplomatik nailiyyətini əks etdirməklə bərabər, sülh prosesinin irəliyə aparılması baxımından böyük dəyərə malik olmaqla postmüharibə dövründə regionda yeni tarixi dönəmin başlanmasını şərtləndirmişdir.
Dövlət başçısının praqmatik və ardıcıl siyasəti Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda münasibətlərinin inkişafı ilə yanaşı, beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmlənməsini də təmin edir. Azərbaycanın Türk Dövlətləri Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ötən il üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) və digər təsisatlarda səmərəli fəaliyyəti, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS kimi nüfuzlu platformalarda tərəfdaş ölkə kimi işbirliyini diqqət mərkəzində saxlaması ölkəmizin beynəlxalq müstəvidə mühüm tərəfdaş kimi önəmini təsdiqləyir.
Beləliklə, 2025-ci il də həm daxili, həm də beynəlxalq müstəvidə qazanılan uğurlarla zəngin olmuş, ölkəmizin strateji hədəflərinin reallığa çevrilməsini, yeni perspektivlərin meydana gəlməsini şərtləndirən əsas faktorlar kimi milli maraqların aliliyi, güclü siyasi iradə və sarsılmaz xalq-iqtidar birliyi çıxış etmişdir.
- Azərbaycan Prezidenti ötən ilin yekunlarından bəhs edərkən vurğuladı ki, Böyük Qayıdış Proqramı uğurla icra edilir və işğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır. İstərdik ki, artıq nəhəng prosesə çevrilən Böyük Qayıdışın sosial-iqtisadi və mənəvi-siyasi əhəmiyyəti barədə fikirlərinizi bildirəsiniz.
- Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra tamamilə yeni siyasi, sosial-iqtisadi və mədəni-humanitar çağırışlar meydana çıxmışdır ki, bunlardan biri də 2030-cu ilədək beş Milli Prioritetdən biri olan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Bu məqsədlə qəbul edilmiş Dövlət Proqramı hazırda müvəffəqiyyətlə icra olunmaqdadır.
Böyük Qayıdışın zamanında və yüksək səviyyədə həyata keçirilməsi üçün ilk növbədə işğaldan azad edilmiş ərazilər minalardan təmizlənməli, genişmiqyaslı bərpa-quruculuq işləri aparılmalı və müasir infrastruktur yaradılmalıdır ki, bunları da Azərbaycan öz iqtisadi gücü hesabına gerçəkləşdirir. Ekoloji vəziyyətin yaxşılaşdırılması, iqtisadi fəaliyyətin bərpası və digər istiqamətlərdə atılan addımlar da dayanıqlı məskunlaşmanın, o cümlədən müasir standartlara uyğun yüksək keyfiyyətli həyat şəraitinin təmin olunmasına əlverişli zəmin yaradır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının potensial imkanlarından istifadə olunması nəinki həmin bölgələrin yüksəlişi, bütövlükdə Azərbaycanın inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının, əzəli yurd yerlərinə əbədi qayıdışının hədsiz sevincini yaşamaqdadır. İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan kənd, qəsəbə və şəhərlərdə 73 min insan yaşayır, çalışır, təhsil alır, onların şərait və güzəranı gündən-günə yaxşılaşdırılır.
Böyük Qayıdış prosesi tarixi ədalətin bərpasının təzahürü olmaqla bərabər, xalqımızın əzmkar ruhunu, Vətəninə sonsuz məhəbbətini nümayiş etdirməklə müasir beynəlxalq münasibətlər sisteminin önəmli aktoruna çevrilən Azərbaycanın dünyada imicinin möhkəmlənməsinə xidmət edir. Bu istiqamətdə qazanılan nailiyyətlər Prezident İlham Əliyevin uğurlu siyasətinin real təzahürü və məntiqi nəticəsi, xalqımızın isə qürur mənbəyidir.
Heydər Əliyevin milli-mənəvi dəyərlərə əsaslanan tükənməz siyasi irsindən qaynaqlanan, Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun zənginləşdirilərək inamla həyata keçirilən Yeni Azərbaycan ideyası xalqımızı növbəti nailiyyətlərə və zirvələrə doğru aparır. Cənab İlham Əliyev tarixin ən güclü Azərbaycanının Lideri kimi tarix yazmağa davam edir, ölkəmizin suveren dövlət kimi Zəfər yolunda əmin addımlarla irəliləməsini təmin edir.
- Tahir müəllim, milli dövlətçilik tariximizə “Konstitusiya və Suverenlik İli” kimi həkk olunan 2025-ci il Yeni Azərbaycan Partiyasının həyatında nə ilə əlamətdar oldu, beynəlxalq müstəvidə hansı hadisələrlə yadda qaldı?
- Bu gün sıralarında 750 mindən artıq vətəndaşımızı birləşdirən, öz fəaliyyətində dialoq, konstruktiv əməkdaşlıq, qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərinə söykənən, plüralizmi təşviq edərək siyasi sistemin inkişafına, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə mühüm töhfələr verən Yeni Azərbaycan Partiyası müasir çağırış və hədəfləri əsas götürərək “Konstitusiya və Suverenlik İli”ndə də məqsədyönlü fəaliyyətini davam etdirmişdir.
Ötən il ərzində də Yeni Azərbaycan Partiyası milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən dövlət mənafelərinin müdafiəsi naminə sağlam ictimai rəyin formalaşması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi - milli şüurun gücləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, partiyamızın və ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə hədəflənmişdir.
Azərbaycanın aparıcı siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunan silsilə tədbirlər ölkəmizin müstəqil inkişaf yolunun əhəmiyyətinin, möhtəşəm Zəfərimizin tarixi və ictimai-siyasi əsaslarının, yeni mərhələdə suveren Azərbaycanın qarşısında duran əsas hədəflərin geniş auditoriyaya çatdırılması məqsədini daşımışdır.
Siyasi müstəvidə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi də suveren Azərbaycanın milli maraqlarının qorunması üçün böyük önəm kəsb edir. Dövlət başçısının uzaqgörən xarici siyasət kursu əsasında partiya diplomatiyasının - partiyalar arasında intensiv təmasların müvəffəqiyyətlə davam etdirilməsi, səmərəli fikir və təcrübə mübadiləsinin aparılması xüsusi diqqət mərkəzindədir.
Qeyd etmək lazımdır ki, partiyamızın sonuncu – 2021-ci il martın 5-də keçirilmiş VII qurultayından ötən müddət ərzində bir sıra ölkələrin, o cümlədən Türkiyə, Özbəkistan, Qazaxıstan, Ukrayna, Şimali Kipr Türk Respublikası, Şimali Makedoniya, Çin, Vyetnam və Kubanın aparıcı siyasi partiyaları ilə əməkdaşlıq sazişləri, həmçinin YAP Gənclər Birliyi ilə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Gənclər Təşkilatı arasında Əməkdaşlıq Memorandumu imzalanmış, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP), Mərkəzçi Demokrat İnternasionalı (IDC-CDI) kimi önəmli siyasi platformalarda YAP-ın fəal iştirakı təmin edilmişdir. Bütün bunlar ölkəmizin siyasi nüfuzunun artmasına xidmət etməklə yanaşı, ümumilikdə dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verməkdədir.
Ötən il Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin genişlənməsinə xidmət edən mühüm amillərdən biri də nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, həmçinin YAP-ın təşkilatçılığı ilə aktual məsələlərə dair əhəmiyyətli tədbirlərin keçirilməsidir.
2025-ci il fevral ayında 18 ölkədən 22 siyasi partiyanın, diplomatik missiya rəhbərlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin qatıldığı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) VIII Böyük Qurultayında, aprel ayında isə Türkiyə Cümhuriyyəti Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən IV Antalya Diplomatiya Forumunda iştirak edən YAP nümayəndə heyəti ilə AK Parti Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala və xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya arasında keçirilən görüşlərdə “bir millət, iki dövlət” prinsipinə, dostluğa, qardaşlığa və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində ən yüksək səviyyəyə çatdığı, beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin milli maraqların təmini və müştərək hədəflərin gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığı, dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq hakim partiyalar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımların önəmi, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından son dərəcədə vacib olduğu vurğulanmış, 2021-ci il iyunun 2-də YAP ilə AK Parti arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələn vəzifələrin icrası barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Ötən ilin aprel ayının 2-də Yeni Azərbaycan Partiyasının dəvəti ilə Çin Kommunist Partiyasının yüksək səviyyəli nümayəndə heyəti ölkəmizə səfər etdi. Səfər çərçivəsində “Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda keçirilən konfrans zamanı hakim partiyalar arasında əlaqələrin mövcud vəziyyəti dəyərləndirilərək 2024-cü ilin noyabr ayında imzalanmış Əməkdaşlıq Memorandumundan irəli gələn vəzifələrin yerinə yetirilməsi və gələcək əməkdaşlıq istiqamətləri ilə əlaqədar ətraflı müzakirələr aparılmışdır. Aprel ayının sonunda isə ÇKP-nin dəvəti ilə YAP nümayəndə heyəti Çinə səfəri çərçivəsində 23 ölkədən 200 nəfərə yaxın nümayəndənin qatıldığı Şanxay Əməkdaşlıq Təşkilatının Siyasi Partiyalar Forumunda, eləcə də “İnkişaf imkanlarını paylaşmaq və iqtisadi qloballaşmanı təşviq etmək” adlı panel sessiyasında iştirak etdi.
May ayında Rusiyanın Perm şəhərində ICAPP Daimi Komitəsinin 43-cü iclasında və Avrasiyada vahid, bərabər təhlükəsizlik və əməkdaşlıq sisteminin formalaşması problemləri üzrə beynəlxalq ictimai-siyasi dinləmələrdə Azərbaycanın istər regionda, istərsə də Avrasiyanın daha geniş coğrafi və geosiyasi məkanında dayanıqlı sülh, təhlükəsizlik və tərəfdaşlıq naminə hərbi-siyasi təhdidlərin qarşısının alınması, iqtisadi, ekoloji, humanitar və digər sahələrdə təhlükəsizliyin təmin olunması istiqamətində beynəlxalq hüquq normalarına əsaslanan hərtərəfli fəaliyyəti, terrorçuluq, ekstremizm, separatizm və neokolonializm kimi təhdidlərə qarşı mübarizəyə yönəlmiş beynəlxalq səyləri əməli surətdə dəstəklədiyi xüsusi qeyd edildi.
2025-ci il 9-17 sentyabr tarixlərində YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına növbəti səfəri də iki ölkənin hakim partiyaları arasında uğurlu əməkdaşlığın dərinləşdirilməsi, davamlı siyasi dialoqun təmin olunması, qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması baxımından xüsusi əhəmiyyətə malik olmuşdur.
2025-ci il 20-23 noyabr tarixlərində YAP nümayəndə heyəti IDC-CDI-nin dəvəti ilə Braziliya Federativ Respublikasında “Demokratik müzakirə: sağ-mərkəzin siyasətdə körpülər qurması və həllər təklif etməsi” mövzusunda Forumda iştirak etdi. “Dəyişikliklər dövründə ekstremal yanaşmalar arasında idarəetmə”, “Dəyişən dünyada sağ-mərkəz narrativi”, “Mürəkkəb problemlərə dair realist həllər” mövzularında panel sessiyalarda müasir dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, demokratik institutların gücləndirilməsi, media və vətəndaş cəmiyyəti təsisatlarının dəstəklənməsi, eləcə də xalqlar arasında körpülərin qurulması üçün ideoloji qütbləşmənin azaldılması, etnik zəmində münaqişələrin qarşısının alınması və sivilizasiyalararası dialoqun təşviqində siyasi partiyaların rolu məsələləri müzakirə olundu. Yeni dünya nizamına keçid prosesinin geniş vüsət aldığı müasir dövrdə hökm sürən qlobal kataklizmlər fonunda milli, regional və beynəlxalq təhlükəsizlik məsələlərinin xalqlar və dövlətlər qarşısında mühüm çağırış kimi dayandığı, hazırda bəşəriyyətin sağlam gələcəyi naminə intensiv dialoqa ehtiyac duyulduğu və bu kontekstdə sosial məsuliyyət daşıyıcısı kimi siyasi partiyaların da üzərinə mühüm vəzifələrin düşdüyü, qarşılıqlı faydalı əməkdaşlıq şəraitində milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına riayət etməklə ümumbəşəri dəyərlər və ortaq maraqlar naminə səylərin birləşdirilməsinin vacibliyi vurğulandı. Səfər zamanı IDC-CDI-ın Prezidenti, Kolumbiyanın sabiq Prezidenti Andres Pastana, Kamboca Xalq Partiyası Xarici əlaqələr komissiyası sədrinin birinci müavini və Kamboca Krallığı Milli Assambleyasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və informasiya komitəsinin sədri Suos Yara və Macarıstanın hakim Fides partiyasının vitse-prezidenti, Avropa Parlamentinin üzvü Kinqa Qal ilə görüşlərimiz zamanı ölkələrimiz və partiyalarımız arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi də aparıldı.
Elə həmin ay Kuba Kommunist Partiyasının (KKP) dəvəti əsasında YAP nümayəndə heyətinin Kuba Respublikasına səfəri də baş tutdu. KKP Mərkəzi Komitəsinin Birinci katibi, Kuba Respublikasının Prezidenti Miqel Mario Dias-Kanel Bermudeslə görüşümüz zamanı fəal siyasi dialoq şəraitində iqtisadi, ticari, mədəni, tibb, təhsil, turizm, aqrar və digər sahələrdə genişmiqyaslı əməkdaşlıq üçün mühüm potensialın mövcud olduğu qeyd edilərək mürəkkəb qlobal problemlərlə müşayiət olunan və yeni geosiyasi reallıqların meydana çıxdığı müasir dövrdə iki dost ölkənin prinsipial mövqe sərgiləməklə beynəlxalq müstəvidə, o cümlədən BMT, Qoşulmama Hərəkatı kimi təşkilatlar səviyyəsində səmərəli işbirliyini davam etdirməsinin dövlət mənafelərinin qorunması baxımından əhəmiyyəti vurğulandı. Eyni zamanda, Azərbaycan-Kuba münasibətlərinin gələcək inkişafında hakim partiyalar - Yeni Azərbaycan Partiyası ilə Kuba Kommunist Partiyasının rolu diqqətə çatdırıldı, təmaslar və qarşılıqlı səfərlərin faydalı təcrübə mübadiləsinin aparılması, eləcə də məhsuldar işbirliyinin gücləndirilməsi nöqteyi-nəzərindən önəmi qeyd olundu.
Səfər zamanı, həmçinin Xalq Hakimiyyəti Milli Assambleyasının və Dövlət Şurasının sədri Xuan Esteban Lazo Hernandes, KKP Mərkəzi Komitəsi Katibliyinin üzvü Xose Ramon Monteaqudo Ruiz və Kuba Respublikasının xarici işlər nazirinin birinci müavini Herardo Penyalver Portal ilə görüşlərdə YAP nümayəndə heyətinin dost ölkəyə səfərinin önəmi vurğulanaraq siyasi partiyalar və parlamentlər arasında əlaqələrin Azərbaycan-Kuba münasibətlərinin inkişafı xüsusunda əhəmiyyəti qeyd olundu. Səfər zamanı Yeni Azərbaycan Partiyası ilə Kuba Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişinin imzalanması isə çoxşaxəli əməkdaşlığa xidmət edən siyasi-hüquqi əsasların möhkəmləndirilməsi baxımından böyük önəm daşıyır.
AK Partinin dəvəti ilə YAP nümayəndə heyəti 2025-ci il dekabrın 15-də UNESCO-nun Səmərqənddə keçirilən Baş Konfransının qərarı ilə elan olunan və ilk dəfə qeyd olunan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankara şəhərində keçirilən tədbirdə iştirak etdi. “Türk Dünyası Strateji Baxış Sənədi”nin də təqdim olunduğu tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Türk dünyasında birlik və əməkdaşlığın gücləndirilməsində müstəsna rolunu qeyd edərək türk xalqlarının çoxəsrlik bilik və təcrübəsini özündə ehtiva edən bu sənədin növbəti yüzilliyin hədəflərinin gerçəkləşdirilməsində önəmli bir bələdçi rolunu oynayacağına inamını ifadə etdi. Səfər çərçivəsində AK Parti Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlu ilə bu istiqamətdə partiyalarımızın birgə atacağı addımlarla bağlı fikir mübadiləsi aparıldı, eyni zamanda, Özbəkistan və Qazaxıstanın hakim partiya təmsilçiləri ilə səmərəli görüşlər keçirildi.
2025-ci il ölkəmizdə keçirilən önəmli siyasi tədbirlərlə də yadda qaldı. Bildiyiniz kimi, 2022-ci ildən etibarən hər il iyunun 15-də - Milli Qurtuluş Günündə YAP-ın təşkilatçılığı ilə Şuşa şəhərində artıq nüfuzlu siyasi platformaya çevrilən beynəlxalq konfranslar keçirilir və bu tədbirlərin iştirakçı sayı ildən-ilə artmaqdadır. 2025-ci ildə “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusuna həsr olunmuş və Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti, Tacikistan, Çin, Serbiya, Belarus, Ukrayna və Bolqarıstanın hakim siyasi partiyalarının təmsil olunduğu beynəlxalq konfransın açılış mərasimi və plenar sessiyalarında dünyada fərqli geosiyasi mənzərənin – yeni beynəlxalq nizamın yaranmaqda olduğu hazırkı şəraitdə müştərək hədəflər əsasında qarşılıqlı faydalı fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti qeyd edilmiş, ölkələrimiz arasında tərəfdaşlığın gücləndirilməsi kimi məsələlər ətrafında çıxışlar və müzakirələr zamanı partiyalararası əlaqələrin önəminə nəzər salınmışdır. Bu əlaqələrin çoxşaxəli işbirliyinə hədəfləndiyi vurğulanaraq konfransın beynəlxalq münasibətlərin bərabərlik, açıqlıq və əməkdaşlıq prinsipləri əsasında qurulması yönündə təşəbbüslərə töhfə verəcəyinə və faydalı nəticələrlə yadda qalacağına inam ifadə olunmuşdur.
Ötən il oktyabrın 17-də isə Bakı şəhərində YAP-ın ev sahibliyi ilə ICAPP Daimi Komitəsinin (DK) 44-cü və Asiya Mədəniyyət Şurasının 4-cü iclasları keçirildi. Daimi Komitənin 44-cü iclasında ötən dövrdə görülən işlər, əldə olunan nəticələr müzakirə olundu, səmərəli əməkdaşlığın davam etdirilməsinin önəminə toxunularaq qarşıda duran vəzifələrə dair ətraflı fikir mübadiləsi aparıldı.
Türkiyə, Kamboca, Çin, İran, İraq, Yaponiya, Qazaxıstan, Laos, Malayziya, Nepal, Pakistan, Özbəkistan, Türkmənistan, Kuba, Serbiya və Ukraynadan 19 aparıcı siyasi partiya nümayəndələrinin qatıldığı Asiya Mədəniyyət Şurasının 4-cü iclasında isə dünyada olduqca mürəkkəb geosiyasi vəziyyətin hökm sürdüyü bir şəraitdə müxtəlif mədəniyyətlərin daşıyıcısı olan xalqlar arasında sabitlik və tərəqqi naminə dialoq prosesinin ümumbəşəri dəyərlərin qorunması və ölkələrin təhlükəsizliyinin təmini baxımından müstəsna əhəmiyyəti vurğulandı. Asiya və Okeaniyadan 350-dən çox siyasi partiyanı bir araya gətirən ICAPP-ın səmərəli dialoqun genişləndirilməsi və çoxtərəfli əməkdaşlığın təşviqi üçün etibarlı platforma olduğu diqqətə çatdırılaraq yeni dünya nizamına transformasiya şəraitində qlobal həmrəylik axtarışında olan bəşəriyyət üçün həm siyasi, həm də mədəni kontekstdə aktual məsələlər müzakirə edildi.
Xüsusi qeyd etmək lazımdır ki, istər Şuşada keçirilmiş “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusundakı beynəlxalq konfransın, istərsə də Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən ünvanlanmış dərin məzmunlu müraciətlər böyük ictimai-siyasi rezonans doğurmuş, ölkə başçısının ədalətli dünya nizamının bərqərar olması yönündə aydın mövqeyini ortaya qoymuşdur.
Bütövlükdə, ötən il partiyalararası dialoq, əməkdaşlıq məsələlərinin müzakirəsi ilə yanaşı, Azərbaycan həqiqətlərinin, xüsusilə də postmüharibə reallıqlarının beynəlxalq auditoriyanın diqqətinə çatdırılması baxımından zəngin olmuşdur. Yeni mərhələdə qarşımızda duran əsas vəzifə Qarabağ Zəfərinin diplomatik müstəvidə möhkəmləndirilməsi, bu xüsusda Azərbaycana dəstəyin gücləndirilməsidir ki, YAP-ın xarici əlaqələrinin genişləndirilməsi də bu prosesə mühüm töhfə verməkdədir.
Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti öz milli maraqlarını rəhbər tutaraq müstəqil siyasətini uğurla davam etdirir, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyamızın Sədri, dövlətimizin başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsi isə yeni mərhələdə Azərbaycanın önəmli uğurlar əldə etməsinə və milli prioritetlərdən irəli gələn vəzifələrin reallaşdırılmasına etibarlı zəmin yaradır.