Səhhətində problem olan taksi sürücüsü özü ilə yanaşı sərnişinin də həyatını təhlükəyə atdı. Qax rayon sakini Seyfəddin Əhmədov taksi xidməti göstərdiyi VAZ-21015 markalı avomobillə Zaqatala rayonu ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və maneəyə çırpılıb. S.Əhmədov və müştəri qismində daşıdığı sərnişini xəstəxanaya çatdırılsa da, sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Bu barədə məlumatı DİN-in mətbuat xidməti yayıb.
Yaxınlarının və şahidlərin bildirdiyinə əsasən hadisəyə səbəb xəstəlikdən əziyyət çəkən S.Əhmədovun səhhətinin qəflətən pisləşməsi ehtimal edilir.
Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar bu qəbildən olan hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.
Belə hallarla mübarizədə yaxın ətrafın rolu olduqca əhəmiyyətlidir. Xüsusilə ailə üzvlərindən xahiş olunur ki, səhhətində problem olan doğmalarının sükan arxasına keçməsinin qarşısını alsınlar.
Unutmayaq: Sağlamlığımızın risk altında olduğunu bildiyimiz halda sükan arxasına əyləşmək qəzanı birbaşa yolumuza “dəvət” etmək deməkdir! Qəzadan uzaq olaq!
P.ƏMİRCANOV
XQ