Gürcüstanın Baş naziri İrakli Kobaxidze nümayəndə heyəti ilə birlikdə Abu-Dabidə Dayanıqlı İnkişaf Həftəsi Sammitində iştirak edir. Bu, ölkənin regional və qlobal tranzit sistemində tutduğu mövqeyin beynəlxalq auditoriyaya təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Sammit çərçivəsində Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz layihəsi əsas müzakirə mövzularından biridir. Gürcüstan bu marşrutu təkcə nəqliyyat infrastrukturu kimi deyil, iqtisadi inkişaf, geosiyasi balans və təhlükəsizlik maraqlarını uzlaşdıran strateji platforma kimi qiymətləndirir.
Xarici işlər naziri Maka Boçorişvilinin vurğulandığı kimi, beynəlxalq tədbirlər Gürcüstanın tranzit və logistika potensialının qlobal səviyyədə tanıdılması üçün əlverişli imkandır. Onun sözlərinə görə, Gürcüstan Qərblə Şərq arasında etibarlı əlaqə yaradan mühüm həlqə olmaqla yanaşı, regionda yük və enerji axınlarının təhlükəsiz və dayanıqlı şəkildə ötürülməsində xüsusi rol oynayır. Məhz bu səbəbdən Orta Dəhlizin inkişafı Gürcüstan üçün həm iqtisadi gəlirlər, həm də geosiyasi dividendlər baxımından həyati əhəmiyyət daşıyır.
Qlobal iqtisadiyyatda müşahidə olunan geosiyasi gərginliklər, nəqliyyat zəncirlərində yaranan risklər və marşrutların təhlükəsizliyi məsələsi Avropa ilə Asiya arasında alternativ yolların formalaşdırılmasını zəruri edib. Bu kontekstdə Orta Dəhliz Rusiya üzərindən keçən ənənəvi marşrutlara etibarlı alternativ kimi ön plana çıxır. Azərbaycan və Gürcüstan bu marşrutun əsas dayaqları olaraq Xəzər və Qara dəniz hövzələrini birləşdirən strateji körpü funksiyasını yerinə yetirirlər. Hər iki ölkənin siyasi iradəsi və koordinasiyalı fəaliyyəti Orta Dəhlizin real işlək mexanizmə çevrilməsini təmin edir.
Baş nazir İrakli Kobaxidzenin beynəlxalq görüşləri və səfərləri çərçivəsində əsas hədəflərdən biri Gürcüstan iqtisadiyyatına uzunmüddətli və dayanıqlı sərmayələrin cəlb edilməsidir. Qlobal fəaliyyət göstərən iri şirkətlərin Gürcüstanın investisiya mühiti, hüquqi təminatları və tranzit üstünlükləri barədə dolğun məlumatlandırılması bu baxımdan xüsusi önəm daşıyır. Bu məqsədlə hökumət nümayəndə heyətinin “DAMAC Properties” şirkətinin təsisçisi ilə keçirdiyi görüşlər ölkənin daşınmaz əmlak, logistika, turizm və infrastruktur sahələrində investisiya imkanlarını gündəmə gətirib. Eyni zamanda, Gürcüstanın “Emaar Properties/Eagle Hills” ilə 6,5 milyard dollarlıq investisiya sazişi ölkənin beynəlxalq investorlar üçün etibarlı tərəfdaş imicini gücləndirir. Bu, qlobal miqyasda fəaliyyət göstərən şirkətlərin regionumuzda fəaliyyət göstərməkdə maraqlı olduğunu və Gürcüstanı potensial investisiya məkanı kimi dəyərləndirdiyini sübut edir.
Cəlb edilən sərmayələrin əsas istiqamətlərindən biri Orta Dəhlizin ötürücülük qabiliyyətinin artırılmasıdır. Gürcüstan Azərbaycanla birlikdə Xəzərdən Qara dənizə uzanan nəqliyyat zəncirinin mühüm halqasını təşkil edir. Bakı–Tbilisi–Qars dəmir yolu Asiya ilə Avropa arasında yüklərin sürətli və fasiləsiz daşınmasına imkan yaradır. Bakı Limanı ilə Gürcüstanın Poti, Batumi və Supsa limanlarının inteqrasiyası isə multimodal daşımaların səmərəliliyini artırır. Lakin yük axınının dinamik artımı mövcud infrastrukturun genişləndirilməsini və modernləşdirilməsini qaçılmaz edir.
Bu sahədə Azərbaycanın həyata keçirdiyi layihələr Orta Dəhlizin inkişafında mühüm təcrübə kimi qiymətləndirilir. Dövlət büdcəsindən ayrılan 100 milyon dollar vəsait hesabına Bakı–Tbilisi–Qars dəmir yolunun illik yükötürmə qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması marşrutun rəqabət qabiliyyətini xeyli artırıb. Gürcüstanda da dəmir yollarının modernləşdirilməsi, limanların genişləndirilməsi, yeni anbar və logistika mərkəzlərinin yaradılması həm daxili, həm də regional tranzit imkanlarını gücləndirir və ölkəni daha cəlbedici nəqliyyat qovşağına çevirir. “Biz strateji mövqeyimizdən istifadə edirik, nəqliyyat bağlantılarının möhkəmləndirilməsi baxımından çox iddialı planlarımız var və infrastruktura sərmayələr yatırırıq, magistral yollar çəkirik. 2030-cu ilədək bütün seqmentlərin tikintisi başa çatacaq. Gürcüstanda dəmir yolu infrastrukturu inkişaf etdirilir, dəmir yolları və dəniz limanları modernləşdirilir”, – Kobaxidze əlavə edib.
* * *
Tranzit potensialının genişlənməsi Gürcüstanın sosial-iqtisadi inkişafına birbaşa təsir göstərir. Logistika, nəqliyyat, liman xidmətləri, gömrük, sığorta və əlaqəli sahələrdə yeni iş yerlərinin açılması məşğulluğun artmasına, regionların inkişafına və sosial-iqtisadi tarazlığın möhkəmlənməsinə şərait yaradır. Nəqliyyat sektorundan əldə olunan gəlirlər dövlət büdcəsinə sabit daxilolmalar təmin edir və iqtisadiyyatın şaxələndirilməsində mühüm rol oynayır.
İnfrastrukturun inkişafı və tranzit fəaliyyətinin genişlənməsi əmək bazarına da müsbət təsir göstərir. Logistika, nəqliyyat, liman xidmətləri, gömrük, sığorta və əlaqəli sahələrdə yeni iş yerləri açılır, xidmət sektoru genişlənir. Bu proses xüsusilə regionlarda məşğulluğun artmasına və sosial-iqtisadi tarazlığın möhkəmlənməsinə şərait yaradır.
Gürcüstanlı politoloq Bəhram Mehtiyevin fikrincə, Orta Dəhlizin genişlənməsi ölkənin geosiyasi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir: “Bu marşrut Gürcüstanın Avropa ilə inteqrasiyasını sürətləndirir, Azərbaycan və Türkiyə ilə strateji əməkdaşlığı dərinləşdirir, Mərkəzi Asiya ölkələri ilə, xüsusilə Qazaxıstanla ticarət və nəqliyyat əlaqələrini genişləndirir. Eyni zamanda, nəqliyyat və enerji dəhlizlərinin paralel şəkildə inkişafı Gürcüstanın regional enerji təhlükəsizliyində rolunu artırır, fövqəladə hallara və geosiyasi risklərə qarşı dayanıqlılığı gücləndirir”.
Politoloq onu da bildirdi ki, Orta Dəhliz Gürcüstan üçün sadəcə tranzit marşrutu deyil, ölkənin iqtisadi inkişafını sürətləndirən, geosiyasi mövqeyini möhkəmləndirən və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verən strateji platformadır: “Coğrafi üstünlüklərin, inkişaf edən infrastrukturun və dərinləşən regional əməkdaşlığın sinerjisi Gürcüstanın Avropa–Asiya ticarət sistemindəki rolunu uzunmüddətli perspektivdə daha da gücləndirir. Onu da qeyd edim ki, Gürcüstanın tranzit rolu iqtisadiyyatın inkişafında xüsusi əhəmiyyət kəsb edir. Çünki Çin, Türkiyə və Avropa İttifaqı ilə azad ticarət sazişləri mövcuddur. Gürcüstanın rolunu gücləndirmək məqsədilə hazırda Asiya ilə Avropanı Gürcüstan üzərindən birləşdirən Şərq–Qərb avtomobil yolunun bir hissəsinin inşasını əhatə edən irimiqyaslı layihə həyata keçirilir.
Bu gün Orta Dəhliz Gürcüstan üçün sadəcə tranzit marşrutu deyil, ölkənin iqtisadi inkişafını sürətləndirən, geosiyasi mövqeyini möhkəmləndirən və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verən strateji platformadır. Coğrafi üstünlüklərin, inkişaf edən infrastrukturun və dərinləşən regional əməkdaşlığın sinerjisi Gürcüstanın Avropa–Asiya ticarət sistemindəki rolunu uzunmüddətli perspektivdə daha da gücləndirir”.
Beləliklə, Orta Dəhliz Gürcüstan üçün, sadəcə, tranzit marşrutu deyil. Bu layihə ölkənin iqtisadi inkişafını sürətləndirən, geosiyasi mövqeyini möhkəmləndirən, enerji və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan çoxşaxəli platforma kimi çıxış edir. Eyni zamanda, Azərbaycanın regiondakı rolunu gücləndirir, Qafqazın inteqrasiya potensialını artırır və Avropa–Asiya ticarət əlaqələrinin davamlılığını təmin edir. Uzunmüddətli perspektivdə Orta Dəhliz regional əməkdaşlıq, dayanıqlı iqtisadi inkişaf və strateji sabitlik üçün əsas dayaqlardan biri olaraq qalacaq.
Pünhan ƏFƏNDİYEV
XQ