Hakimiyyət dəyişikliyi halında, İran hərbi nüvə proqramını dayandıracaq, İsraili tanıyacaq və ABŞ ilə münasibətləri normallaşdırmağa çalışacaq.
"Unikal" xəbər verir ki, bunu İranın devrilmiş şahının oğlu, vəliəhd şahzadə Rza Pəhləvi deyib.
O, İranın gələcəyi ilə bağlı belə bir vizyonunu özünün X səhifəsində ifadə edib.
Pəhləvi müraciətində bildirib ki, İranın mövcud sistemdəki qlobal imici "terrorizm, ekstremizm və yoxsulluq" tərəfindən formalaşıb: "Təhlükəsizlik və xarici siyasət sahələrində İranın hərbi nüvə proqramı dayandırılacaq. Terrorçu qruplara dəstək dərhal dayandırılacaq.
Azad İran terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik qaçaqmalçılığı və ekstremist islamçılığa qarşı mübarizə aparmaq üçün regional və qlobal tərəfdaşlarla əməkdaşlıq edəcək.
Amerika Birləşmiş Ştatları ilə münasibətlər normallaşacaq, Amerika və onun xalqı ilə dostluğumuz bərpa olunacaq. İsrail dövləti dərhal tanınacaq".
Pəhləvi həmçinin beynəlxalq ictimaiyyəti İran xalqını dəstəkləməyə çağırıb: "Azad İran sülh, rifah və tərəfdaşlıq üçün bir qüvvə olacaq".
Ağarza Elçinoğlu