Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronun Qrenlandiyanın suverenliyi ilə bağlı xəbərdarlığını lağa qoyub. Medvedev Avropa ölkələrinin ABŞ qarşısında aciz olduğunu iddia edərək, Makronun hədələrini mənasız adlandırıb.
Milli.Az xəbər verir ki, hadisənin əsası Fransa lideri Makronun "Qrenlandiyanın suverenliyi pozulacağı təqdirdə bunun misli görünməmiş zəncirvari nəticələri olacaq" bəyanatından sonra başlayıb. Medvedev bu sözlərə sosial media vasitəsilə olduqca sərt və təhqiramiz ifadələrlə reaksiya verib.
Medvedev Makronun açıqlamalarını lağlağı ilə tənqid edərək bildirib: "Fransız xoruzu deyir ki, Danimarkanın suverenliyinə toxunulsa, nəticələr görünməmiş olacaq. Aman Tanrım, nə edəcəklər? ABŞ prezidentini qaçıracaqlar, yoxsa Amerikaya nüvə zərbəsi endirəcəklər?" Rusiyalı rəsmi Avropa ölkələrinin Vaşinqtona qarşı heç bir real addım ata bilməyəcəyini, sadəcə "qorxudan Qrenlandiyanı təslim edəcəklərini" iddia edib.
Dmitri Medvedev çıxışında daha da irəli gedərək Donald Trampı hədəf alan bir ssenari paylaşıb. O iddia edib ki, əgər ABŞ prezidenti tələsməsə, Qrenlandiyada qəfil referendum keçirilə bilər və ada əhalisi Rusiyaya qatılmaq üçün səs verər. Medvedevin fikrincə, təxminən 55 min sakini olan ada Rusiya Federasiyasının nəzarətinə keçə bilər.
Lalə Qüdrətova
Milli.Az