Prezident İlham Əliyev “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb.
“Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanına uyğun olaraq qərara alınıb ki, Şuşa şəhərində yerləşən və İqtisadiyyat Nazirliyinin balansında olan “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin müqavilə əsasında idarəetməyə verilməsi barədə Nazirlər Kabinetinin təklifi qəbul edilsin.
Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla, “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməyə verilməsi ilə bağlı müqavilənin İqtisadiyyat Nazirliyi tərəfindən bağlanılmasını iki ay müddətində təmin etməli, müqavilə bağlanıldıqdan sonra onu təsdiq etməlidir.
İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.