Pekin, 14 yanvar, AZƏRTAC
Tailandın Nakhon Ratçasima əyalətində qaldırıcı kranın hərəkətdə olan qatarın üzərinə aşması nəticəsində ölənlərin sayı 28-ə çatıb.
AZƏRTAC Tailand mediasına istinadla xəbər verir ki, səhər erkən saatlarda Sixio rayonunda baş verən qəza nəticəsində 64 nəfər xəsarət alıb.
Banqkok-Ubonratçathani marşrutu üzrə hərəkət edən qatar dəmir yolunda inşaat işləri aparılan hissədən keçərkən kran onun üzərinə aşıb. Qatarın 2-ci və 3-cü vaqonu relsdən çıxaraq aşıb və yanğın baş verib. Hazırda qəza yerində yanğının tam söndürülməsi və itkin düşənlərin axtarış-xilasetmə işləri davam edir.
Qatarda təxminən 200 sərnişin olub. Xilasetmə qrupları sağ qalanları təxliyə edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin