Çıldıran kəndi Ağdərə rayonunda keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğu yaşayış məntəqələrindəndir. Kənddə indiyədək 28 ev istismara hazır vəziyyətə gətirilib və 13 ailə - 48 nəfər yaşamaq üçün kəndə qayıdıb. Bu il daha 30 evin bərpası planlaşdırılır.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, kənd işğaldan azad olunandan sonra burada bir sıra layihələr icra edilib. Belə ki, 2 transformator, elektrik və qaz xətləri bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib. Bundan başqa, su nasosu istifadəyə verilib, ümumi həcmi 190 kubmetr olan su anbarları təmizlənib və subartezian quyusu təmir olunub, 8,4 kilometr uzunluğunda kənddaxili yollar bərpa edilib, park salınıb.
Beləliklə, Ağdərə rayonunun digər yaşayış məntəqələrində olduğu kimi, Çıldıran kəndində də həyata keçirilən bu genişmiqyaslı layihələr “Böyük Qayıdış” proqramının uğurlu icrasının növbəti göstəricisidir. Hər iki yaşayış məntəqəsində müasir standartlara uyğun infrastrukturun qurulması və evlərin mərhələli şəkildə bərpası doğma yurduna dönən sakinlərin məşğulluğu və rahat yaşayışı üçün hərtərəfli şərait yaradır. Yanvarın 13-də dövlət başçısının bu rayona səfəri və görülən işlərlə yerində tanış olması Qarabağın dirçəldilməsi prosesinin dövlətin xüsusi diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Yaxın gələcəkdə bərpa ediləcək yeni evlərin istifadəyə verilməsi ilə rayonda məskunlaşma daha da sürətlənəcək.