Şəmkir rayonunun Qapanlı kəndindən tanınmış mülkədar Adıgözəl kişi çar üsul-idarəsinə qarşı açıq-aşkar mübarizə apardığı üçün Yelizavetpol (Gəncə) quberniyası jandarm idarəsi tərəfindən Sibirə sürgün ediləndə böyük oğlu Cabbarın 11 yaşı var idi.
Cabbar məcbur olub təhsilini yarımçıq qoyaraq kiçik bacıları - Gülnaz, Gülgəz, Fizzə, Gülxar, Savad, Həyat və qardaşı Hüseynə "böyüklük" etmiş, qoyun-quzu otarıb əkin-biçin işləri ilə məşğul olmuşdu. 20 yaşına çatanda həm qoyun-quzunun sayını artırmış, həm də atasından qalma əkin sahəsini xeyli genişləndirmişdi. Daha sonra ailənin və yaxınlarının köməyi ilə kəndin yaxınlığındakı qaratikan kol-kosundan ibarət böyük bir sahəni yararlı hala salıb pambıq əkmişdi. Pambığı Şəmkir stansiyasındakı tədarük məntəqəsinə qızıl pula satırmış. Ata yurdunda yaxşı mülk tikdirib, Qaracəmirli kəndindən olan Züleyxa ilə ailə qurmuşdu.
Cabbar kişini Başkəndin, Basarkeçərin (sovet dönəmində ermənilər bu mahalın adını Vardenis adlandırmışlar), Gədəbəyin kəndlərinin əhalisi də yaxşı tanıyırdı. Qış bu mahala sərt gələndə Göyçədəki tanışlarına araba-araba taxıl, buğda, imkansızlara mal-qarasını qışdan çıxarmaq üçün yem göndərərdi. Bəzən də ermənilərin azərbaycanlılara qarşı etdikləri haqsızlıqların qarşısını alardı.
...1912-ci il yazın ilk günlərindən biri idi. Basarkeçərdən gələn atlı özünü hövlnak Şamxor stansiyasındakı bazara çatdıraraq Qapanlı camaatından bərk-bərk təvəqqe etdi ki, Cabbar əmiyə deyin, ermənilər bizim kəndi çapıb-taladılar.
Xəbər Cabbar əmiyə çatan kimi o, Qapanlı cavanlarından bir neçəsi ilə silahlanıb, səhərin alatoranında yola çıxdı. Saratovkaya çathaçatda Cabbarın gözü bir az aralıda, yol kənarında dalaşan uşaqlara sataşdı. İki uşaq üçüncünü çubuqla döyürdü.
Cabbar üzünü Kazıma tutub dedi:
- Get gör o uşağı niyə döyürlər?
Kazım uşaqlara tərəf gedəndə döyənlər hadisə yerindən uzaqlaşırlar. Üst-başını təmizləyə-təmizləyə yerdən qalxan uşaq ağlaya-ağlaya "deyirlər biznən quzu otarma. Mən də onları söyəndə başladılar məni kötəkləməyə" söyləyir.
Cabbar atdan düşüb özü uşağı yerdən qaldırdı:
- A bala, qorxma, çıx get evinizə. Söyüşü də tərgit.
Təxminən on il sonra Şamxor NKVD-sinin rəisi öz kabinetində bu əhvalatı Cabbar kişiyə xatırlatmışdı.
Azərbaycan XI ordu tərəfindən işğal olunanda ermənilərin çiçəyi çırtdamışdı. Gəncə üsyanında, eləcə də üsyandan sonrakı günlərdə bolşevik qiyafəsində gecə-gündüz azərbaycanlıları qırğına verməklə məşğul olan ermənilərin əməlləri Cabbarı da heyrətə salırdı. Cabbar kişi Cümhuriyyət dönəmindən əvvəl Azərbaycanda ilk milli siyasi təşkilatlardan olan, 1905-ci ildə Gəncədə yaradılan "Qeyrət" (sonralar Türk-Ədəmi-Mərkəziyyət partiyası adlandı) təşkilatının üzvü idi. Nəsib bəy Yusifbəyli, Gəncənin qubernatoru doktor Ələkbər bəy Rəfibəyli, tanınmışlardan Sarı Ələkbər, Tatoğlu Həsən, Gəncə Ruhani İdarəsinin rəisi Mirzə Məhəmməd Pişnamazzadə ilə yaxın dost idi. Bir sözlə, Adıgözəl oğlu Cabbar Gəncəbasarda böyük nüfuz sahibi, xeyriyyəçi kimi də ad-san qazanmışdı.
Xalq Cümhuriyyəti süquta uğradılandan sonra bolşeviklər hər yerdə olduğu kimi, Şəmkirdə də adlı-sanlı adamların mülklərinə, almanlardan qalma şərab emalı zavodlarına, Alqocanın pambıq tədarükü məntəqəsinə sahib durmuşdular.
Bu o vaxtlar idi ki, İnqilabi Hökumət üzdə olan ziyalıları, nüfuz sahiblərini "xalq düşməni" adıyla həbs etdirir, güllələtdirir, onların mülkünü, torpağını, təsərrüfatını əlindən alır, özünü, ailəsini ölüm düşərgələrinə sürgün edirdi. 1925-ci ilin payızında axşamdan xeyli keçmiş belə bir bəd xəbər Cabbar kişinin də qapısını döydü. Qara "M-1"də gələnlər Cabbarı dinməz-söyləməz maşına mindirib bir anda kənddən uzaqlaşdılar.
Cabbar gecəni Şamxor NKVD-sinin zirzəmisində keçirdi. Səhər rəisin otağında ona ilk sual belə oldu:
- Adın, familiyan?
- Cabbar Məmmədəliyev.
- Məni tanıyırsan?
- Xeyr.
- Yaxşı bax, tanış gəlmirəm?
Cabbar kişi rəisin üzünə xeyli baxıb başını buladı.
- Yadındadır, təxminən 15-16 il bundan əvvəl bir dəstə atlı ilə sən Saratovkadan keçəndə yolun qırağında bir uşağı döyürdülər, əllərindən aldın.
- O qədər elə hallarla rastlaşmışam... Hamısını yadda saxlamaq olmur ki...
- Amma mən səni görən kimi tanıdım. Adını deyən kimi tam əmin oldum ki, sən həmin adamsan... Mən bu idarənin rəisiyəm. Nəinki mənim kabinetimin, bu idarənin bütün qapıları bu gündən sənin üzünə həmişə açıqdır.
NKVD rəisinin Cabbara olan ehtiramından sonra kənddə bolşeviklər və firqəçilər arasında da Cabbar kişinin hörməti, etibarı birəbeş artdı. Kənddəki hökumət adamları ilə münasibəti yaxşılaşdıqca qaçaqlarla əlaqəni möhkəmləndirirdi. Halbuki kənddə böyükdən-kiçiyə, hamı bilirdi ki, Cabbar kişi Qaçaq Rüstəmlə, onun qardaşı Təhməzlə yaxın dostdur.
1924-cü ildə Gəncə və Şamxor NKVD-sinin silahlı dəstəsi kənddə yığıncaq keçirir. Uzun məsləhət-məşvərətdən sonra yerli adamların bələdçiliyi və köməyi ilə Ramazan oğlu Rüstəmi və Təhməzi ya öldürmək, ya da diri tutmaq qərara alınır.
Qaçaqlar bəzən həftələrlə, aylarla qeybə çəkilərdilər. Ramazan oğlu Rüstəm Kürqırağı ormanlarda, Ceyrançöldə olanda Cabbar gizlin onun görüşünə gedərdi. Bir dəfə çuğullardan biri Cabbarı bərə ilə Kürü Qaracəmirliyə tərəf keçən görür. Özünü oda-közə vuraraq öyrənir ki, Cabbar kişi bir gün əvvəl Çopur düzündə dostu Qaçaq Rüstəmlə bir yerdə olub.
Bu xəbəri Şamxor qaçaqlarının başçısı Ramazan oğlu Rüstəmin gecə-gündüz axtarışında olan NKVD əməkdaşlarına çatdırır və deyir ki, onun dəqiq yerini yalnız Adıgözəl oğlu Cabbar bilər. NKVD-çilər Qapanlıya gələndə Cabbar kişi buna nə qədər etiraz etsə də, nə qədər boynundan atsa da, mümkün olmur.
Cabbar kişini götürüb aparırlar Kürün o tayına. Cabbar kişi qaçaqların hansı yataqda olduğunu yaxşı bilirdi. Odur ki, onların olduqları yatağa az qalanda qəsdən başlayır bərkdən öskürməyə.
Öskürəyin səsinə Rüstəm oturduğu yerdən dik atılıb əl atır silaha: "Əyə, bu, Cabbar kişinin səsidir, nəyəsə işarədir!" - deyib hövlnak çölə çıxanda görür ki, Cabbar kişi bir dəstə əsgərlə yatağa çathaçatdadır.
Cabbar kişiyə xətər gəlməsin deyə, yanındakılara deyir: "Atəş açmayın, atlanın qaçaq!"
Bu qovğadan Rüstəm və Təhməz sağ-salamat çıxsalar da, əsgərlər qaçaqlardan ikisini arxadan vura bilirlər.
1928-ci ilin may ayında kolxoz quruculuğunun qızğın vaxtında Bakıdan, Azərbaycan Dövlət Siyasi İdarəsindən Astnamazov adlı nümayəndə Şəmkirə, oradan da Qapanlıya gəlir. Qaçaqlarla əlaqəsi olanları, o cümlədən qaçaqlara ərzaq-sursat daşıyan kənd sakinləri Əmiri, Əzizi və Qaranı tutub gətirirlər Astnamazovun yanına. Astnamazov hər üçünə idarə binasının qarşısında hərəsinə bir qəbir yeri qazmağı əmr edir. Sonra da əmrə əsasən, onlar qazdıqları qəbrin içinə girib üzləri camaata tərəf dayanırlar... "Tədbirə" məxsusi gətirilən Cabbarın və camaatın gözü qarşısında hər üçünü nümayişkaranə şəkildə güllələyirlər. Bu həm də bir növ Cabbar və onun sözü ilə oturub-duranlara xəbərdarlıq idi.
...1929-cu ilin yayında Bakıdan Şəmkirə qastrola bir dəstə incəsənət adamı gəlmişdi. Şəmkir stansiyasında Əzizbəyov adına üzümçülük sovxozunun klubunda "Cabbar bəy" adlı ikihissəli "səhnəcik" oynanılırdı. Qapanlı, Keçili, Bitdili, Təhnəli və Qaracəmirli kəndlərinin fəal firqəçi və komsomolçularının da dəvət olunduğu "tamaşa"da əsərin baş qəhrəmanı Adıgözəl oğlu Cabbarın qaçaqlarla əlaqəsi, Bakıdan gələn qonaqlara qızıldan çəngəl-bıçaqla dəbdəbəli yemək süfrəsi açması, onlara qızıldan altlığı olan armudu stəkanda çay verilməsi məsxərəyə qoyulurdu. Məqsəd Cabbar kişini el-oba arasında aşağılayıb nüfuzdan salmaq idi. "Tamaşa"nın ikinci hissəsində zaldakılar arasında açılan atəş səsi hər şeyi alt-üst edir. Qapanlıdan, Qaracəmirlidən gələn adamlara qoşulan xeyli tamaşaçı Adıgözəl oğlu Cabbar haqqında deyilənlərə etiraz əlaməti olaraq səhnəyə hücum edir. Aləm bir-birinə dəyir, hətta ölən və yaralananlar da olur.
1930-cu ilin yayında Cabbar Məmmədəliyevi yenidən Gəncə türməsinə salıb başlayırlar sorğu-suala. İstədikləri cavabı ala bilmədikləri üçün bir ay o kameradan bu kameraya, bu kameradan o kameraya atırlar. Amma Şamxor NKVD-sinin rəisi Vasili Yakofidinin köməyi ilə yenidən xilas olur.
1937-ci ilin sentyabrında Cabbar kişi üçüncü dəfə həbs ediləndə buna çox soyuqqanlılıqla yanaşır. Fikirləşir ki, Şamxor NKVD-sinin rəisi Vasili Yakofidi bu dəfə də onu xilas edəcək. Qohumlar da narahatlıq keçirmirlər. Cabbarın bacıları yemək hazırlayıb əvvəl gedirlər Şamxora, Vasili Yakofidini tapa bilmirlər, gəlirlər Gəncəyə. Türmənin qabağındakılar onlara deyirlər ki, indicə bir maşın dustaq apardılar, orada bu qiyafədə bir nəfər kişi sağa-sola boylanıb dedi ki, mənim adım Cabbardır, Şamxorun Qapanlı kəndindənəm, dalımca gələn olsa, deyin ki, Bakıya apardılar.
Türmə rəsmisi də deyilənləri təsdiqləyir. Bacılar kor-peşman geri qayıdırlar... Cabbar da atası Adıgözəl kişi kimi o gedən gedir.
Cabbar Məmmədəliyev həbs ediləndə oğlu Adıgözəl Kirovabadda (Gəncə) Kənd Təsərrüfatı İnstitutunun (indi ADAU) tələbəsi idi, həm də şəhərdəki musiqi məktəbinin tar sinfində oxuyurdu. 1937-ci ilin dekabr ayında NKVD-çilər onu musiqi məktəbində tapa bilməyəndə birbaşa instituta gəlirlər. İnstitutun rektoru ilə birlikdə Adıgözəlin olduğu auditoriyaya girib deyirlər.
- Məmmədəliyev Adıgözəl Cabbar oğlu kimdir?
Birinci cərgədə əyləşən Adıgözəl ayağa qalxır.
Gələn nümayəndə üzünü rektora çevirib:
- O, "xalq düşməni"nin oğludur, bu gündən institutdan xaric olunmalıdır" - deyir.
Beləliklə, 1937-ci ilin noyabrında "xalq düşməni"nin övladı kimi Adıgözəli institutdan və musiqi məktəbindən, bacısı Xavəri isə Tibb Texnikumundan və komsomol sıralarından xaric edirlər.
Cabbar Adıgözəl oğlu sovet quruluşuna qarşı mübarizə aparan qaçaqlarla əlaqəsinə görə Bakıda fövqəladə üçlüyün qərarı ilə "xalq düşməni" elan edilərək mülkü müsadirə olunmaqla güllələnir.
1953-cü ildə Stalinin ölümündən sonra Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı üçlüyünün 1868-ci il təvəllüdlü, atasını çar, özünü isə sovet hökuməti güllələyən Qapanlı kəndinin sakini Məmmədəliyev Cabbar Adıgözəl oğlunun işinə dair 10 sentyabr 1937-ci il tarixli qərara yenidən baxılır və SSRİ Ali Soveti Rəyasət Heyətinin "1930-1940-cı illər və 50-ci illərin əvvəllərində baş vermiş repressiya qurbanları barədə ədalətin bərpasına dair əlavə tədbirlər haqqında" 16 yanvar 1989-cu il tarixli fərmanının I maddəsinə uyğun olaraq o, bəraət alır.
Rəhman SALMANLI,
"Azərbaycan"