AZ

Heydər Əliyevin unudulmaz Şuşa səfəri  

Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, erməni iddialarını hər zaman iflasa uğratmışdı. Hələ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısını almış, onların fitnəkar niyyətlərinə qarşı mübarizəni daha da gücləndirmiş və bu istiqamətdə həyata keçirilən tədbirlərə şəxsən nəzarət etmişdir. Sonralar müstəqillik illərində Ulu Öndər nitqlərinin birində etiraf edərək deyirdi: "60-cı, 70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam".

Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli Lider tərəfindən Şuşanı abadlaşdırmaq, XX əsrin əvvəllərində erməni təcavüzü nəticəsində şəhərin başına gətirilən müsibətlərin izlərini ləğv etmək, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda tarixi abidələri qoruyub saxlamaq, yenidən həyata qaytarmaq, ümumiyyətlə, bu bənzərsiz və qədim Azərbaycan şəhərini böyük bir muzeyə çevirmək üçün mühüm addımlar atıldı. 

Şuşanı zəngin tarixi abidə şəhəri, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi dəyərləndirən Heydər Əliyev XX əsrin 70-ci illərində buradakı Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə tapşırıq vermişdi. Eyni zamanda Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri M.P.Vaqifin və Xurşidbanu Natəvanın yaşayıb-yaratdığı yerlərlə tanış olmuşdur. 

Ulu Öndərin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin qərarlara uyğun olaraq, şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar inşa edildi. Şuşanın statusu yüksəldilərək ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Həmin qərarların yerinə yetirilməsinin böyük tarixi əhəmiyyəti var idi. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılır, həyat səviyyəsi yaxşılaşır, azərbaycanlıların milli ruhu güclənirdi. Keçmiş SSRİ-nin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular. 

Onu da qeyd edək ki, 1920-ci ildən 1970-ci ilə qədər  Şuşada heç vaxt belə geniş quruculuq işləri aparılmamışdır. Şuşa şəhərinin Qala divarlarının və "Gəncə qapısı"nın bərpasına 1975-ci ildə 25 min rubl vəsait xərclənmişdi. Azərbaycan mədəniyyəti, incəsənəti və elm xadimlərinin, o cümlədən XIX əsrin görkəmli ədibi Qasım bəy Zakirin məzarı qaydaya salınmışdı. Zəngin tarixi eksponat olan Şuşa Tarix Muzeyi fəaliyyətə başlamışdır. 1976-cı il noyabrın 4-də Ümummilli Lider Heydər Əliyev yenidən "Şuşa şəhərində kurort kompleksini daha da inkişaf etdirmək tədbirləri haqqında" qərar imzalamışdır.

Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qəbul edilmiş qərarın mühüm əhəmiyyəti olmuşdur. 1977-ci il avqustun 10-da Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Şuşa şəhəri Tarixi-Memarlıq Qoruğu elan edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi, həmçinin ev-muzeylərinin yaradılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bu baxımdan 1978-ci ildə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün anadan olduğu və uşaqlıq illərini keçirdiyi evində (iki otaq, 369 eksponatdan ibarət) ev-muzeyinin açılışı olmuşdur. 

Tarixi səfərlər

Heydər Əliyevin diqqət və qayğısı nəticəsində görkəmli Azərbaycan şairi, ictimai xadim Molla Pənah Vaqifin məzarı üstündə abidə, məqbərə kompleksi tikildi. 1982-ci il yanvarın 14-də qarlı havada Heydər Əliyevin iştirakı ilə məqbərənin təntənəli açılışı oldu. Ulu Öndərin M.P.Vaqifə bu münasibəti bir tərəfdən milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Bu məqbərə eyni zamanda gözəl memarlıq abidəsi idi. Bununla yanaşı, səfər zamanı Heydər Əliyev Şuşada Poeziya evini açaraq, Vaqif Poeziya Günlərində iştirak etdi.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan peşəkar musiqi sənətinin və milli opera məktəbinin banisi Üzeyir bəy Hacıbəylinin və vokal sənətinin banisi Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. Bu tarixi səfər zamanı Şuşadakı abidələrin bərpa işləri ilə maraqlanan Heydər Əliyev müvafiq göstərişlər verərək işlərin davam etdirilməsinə dair bir sıra təkliflərini də söyləmişdi. Həmin vaxt Heydər Əliyevin Şuşa məscidinə getməsi bir tərəfdən onun dini dəyərlərə olan ehtiramının və dərin bağlılığının göstəricisi idisə, digər tərəfdən azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmalarının vacibliyinə olan nümunə idi. Heydər Əliyev erməni millətçilərinin ona müxtəlif böhtanlar atdığı bir zamanda məscidə getməklə yerli əhaliyə dini inanclarını qorumağı da tövsiyə etmişdi.

1982-ci il iyulun 29-dan avqustun 2-dək Qarabağa bir ildə ikinci dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada Azərbaycanın görkəmli şairi  Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Ulu Öndər Şuşaya gedərkən ailəsi ilə birlikdə yanında elm, mədəniyyət və incəsənət adamlarının böyük bir qrupunu da aparmışdı. Bu addımı ilə görkəmli dövlət xadimi Heydər Əliyev ziyalıları Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa xüsusi diqqət yetirməyə istiqamətləndirir, Şuşaya tez-tez səfərə gəlmələrini tövsiyə edirdi.

Şuşanın işğaldan azad edilməsi Zəfər Günü kimi tarixə yazıldı 

Azərbaycan Prezidenti İlham Əliyev hələ 2020-ci il oktyabrın 16-da Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində demişdi: "Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq".

İkinci Qarabağ müharibəsinin taleyində həlledici gün 2020-ci il noyabrın 8-i oldu. Həmin gün Şuşanın işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və Azərbaycanın hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi. Bu, rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən Qarabağda başladığı və 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi və Zəfər günü kimi tariximizə yazıldı.

Prezident, Ali Baş Komandan İlham Əliyev strateji əhəmiyyətli Şuşanın Azərbaycan tarixində xüsusi yerinin olduğunu vurğulayaraq bildirmişdir: "Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik...O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır".

Şuşa şəhərinin Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev qeyd etmişdir ki, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalı, ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik. Vaxt itirmədən, ancaq eyni zamanda tələsmədən Şuşanın ilkin simasının, tarixi simasının bərpa edilməli olduğunu bildirən Azərbaycan Prezidenti Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edərək demişdir: "Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır". Dövlət başçısı vaxtilə Vaqif Poeziya Günlərinin ənənəvi olaraq keçirildiyini vurğulayaraq diqqətə çatdırmışdır ki, Şuşada Vaqif Poeziya Günləri və "Xarıbülbül" festivalı bərpa olunmalıdır.

Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı sərəncama əsasən, noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. 

Azərbaycanın mədəniyyət paytaxtı

2021-ci il yanvarın 14-də Şuşaya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev son dəfə 39 il bundan əvvəl Ümummilli Lider Heydər Əliyevin şəhərə tarixi və unudulmaz səfəri zamanı gəldiyini diqqətə çatdıraraq bildirdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək, cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğaldan azad etmişdir və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır: "Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik".

Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev-muzeyləri qarət edilmişdi. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var idi. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir bəy Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərindədir.

Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı sərəncamda vurğulanır ki, şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir. 

Prezident İlham Əliyevin Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, 2022-ci ilin "Şuşa ili" elan edilməsi haqqında imzaladığı sərəncamda deyilir ki, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Şuşa şəhərində keçirilən mühüm tədbirlər - hər il təşkil olunan "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, müxtəlif beynəlxalq toplantılar,  Şuşa Qlobal Media Forumu və digər tədbirlər dünya ictimaiyyəti tərəfindən də böyük maraqla izlənilir.

2021-2025-ci illərdə keçirilən mühüm tədbirlər bir daha onu təsdiq edir ki, Şuşa Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı olmaqla yanaşı, həmçinin ictimai fikir və milli-ideoloji mərkəzinə çevrilməkdədir. Bütün qeyd edilən faktlara əsaslanaraq əminliklə söyləmək olar ki, Azərbaycanın müasir tarixinin yeni və sərəfli dövrü yazılır.

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasının professoru,  Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri

Seçilən
17
3
azerbaijan-news.az

4Mənbələr