Bu barədə qəbul olunan dövlət proqramının icrası xüsusi nəzarətdə saxlanılacaq
Məlum olduğu kimi, Prezident İlham Əliyev 12 yanvar 2026-cı il tarixli sərəncamı ilə "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı"nı təsdiq edib. Proqram adından da göründüyü kimi, sözügedən ərazilərdə su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədi ilə hazırlanıb.
Yanvarın 12-də dövlət proqramına həsr olunan müşavirədə Prezidentimiz bu sənədin genişliyini və konkretliyini qeyd edərək deyib: "Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən. İctimai nəzarət də, əlbəttə ki, mütləq olmalıdır".
Dövlət başçısı mətbuat qarşısında isə proqramın icrasının geniş işıqlandırılması tələbini qoyub: "Azərbaycan vətəndaşları, xüsusilə Bakı və Abşeronda yaşayan insanlar görsünlər, bilsinlər ki, nə vaxt hansı məsələ öz həllini tapır və yubanmalar da olmamalıdır".
Əvvəla qeyd edək ki, proqram iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2026-2030-cu, ikinci mərhələ isə 2031-2035-ci illəri əhatə edəcək. Birinci mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaq. İkinci mərhələdə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcək.
Proqramın icrası içməli su mənbələrinin dayanıqlığının artırılması, su anbarlarının və supaylayıcı şəbəkələrin inkişaf etdirilməsi, suyun uçot sisteminin təkmilləşdirilməsi, yağış suları sistemlərinin yenilənməsi ilə nəticələnəcək. Bir sözlə, proqram uzunmüddətli strateji hədəflər və icra mexanizmləri müəyyənləşdirib. Bu sənədin Bakı şəhərinin Baş planı ilə uzlaşması da müsbət hal kimi dəyərləndirilməlidir.
Proqram ayrı-ayrı bəndlərə bölünən 9 hissədən ibarətdir. Birinci hissədə qısa xülasə verilir. O, elə bu cür də adlanır: "Qısa xülasə".
"Qlobal trendlər"də dünyada su ehtiyatlarına tələbatın artması və iqlim dəyişikliyinin təsirinin su sektorunda mövcud struktur problemlərinin də dərinləşməsinə səbəb olduğu göstərilir. Bakı şəhərində və Abşeron yarımadasında içməli su təchizatı sistemlərinin mühüm hissəsinin ötən əsrin əvvəllərində qurulduğu, uzunmüddətli istismar nəticəsində texniki baxımdan köhnəldiyi qeyd olunur.
Hazırda sözügedən ərazinin su təchizatı 5 əsas magistral kəmər kompleksi vasitəsilə həyata keçirilir. Bunlar birinci Bakı su kəmərləri (Şollar), ikinci Bakı su kəmərləri (Xaçmaz), Ceyranbatan su kəmərləri, Kür su kəmərləri kompleksləri, Oğuz-Qəbələ-Bakı su kəməridir. Lakin artan su tələbatının tam qarşılanması baxımından bu magistral kəmərlərin potensialı azalıb.
Son onilliklərdə paytaxtımızda yeni yaşayış və qeyri-yaşayış obyektlərinin sürətlə artması mövcud kanalizasiya sistemlərinin daşıma qabiliyətinə də əlavə yük yaradıb. Üstəgəl yağış suları kollektorların həddindən çox yüklənməsinə səbəb olur. Bir sıra qəsəbələrdə mərkəzləşdirilmiş kanalizasiya sistemləri olmadığı üçün tullantı suları qrunt sularına qarışaraq ekoloji tarazlığa mənfi təsir göstərir.
Bu vəziyyətin aradan qaldırılması üçün genişmiqyaslı işlər görülüb. Bununla belə şəbəkənin yenidən qurulması və təkmilləşdirilməsi hələ də prioritet olaraq qalır.
"Hədəf göstəriciləri", "Dövlət Proqramının məqsədləri", "Dövlət Proqramının prioritet istiqamətləri" adlı növbəti hissələr də məhz qarşıda duran mühüm vəzifələrə, hədəflərə, məqsədlərə həsr olunub. Bunlar isə çox və genişmiqyaslıdır. Məsələn, vurğulanır ki, Bakı şəhərində və Abşeron yarımadasında mövcud su təchizatı infrastrukturu əsasən köhnə və yararsızdır. Magistral su kəmərləri, paylayıcı şəbəkələr və su anbarları bir sıra hallarda texniki cəhətdən qüsurludur. Bu isə su itkisinin artmasına və suyun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bununla yanaşı, sənəddə sənaye zonalarında və iqtisadi zonalarda su təchizatının dayanıqlığı, həmçinin yeni yaşayış ərazilərinin perspektiv inkişafı üçün alternativ su mənbələrinin istifadəsinin vacibliyi də bildirilir.
Məlumdur ki, Abşeron yarımadasında intensiv urbanizasiya müşahidə olunur. İnfrastrukturlar isə köhnədir. Üstəlik, iqlim dəyişikliyi səbəbindən yağış riskləri yüksəkdir. Suyun yığılması kanalizasiya sistemi olmayan ərazilərdə subasma halları yaradır. İnfrastruktura, yaşayış evlərinə və ətraf mühitə zərər dəyir. Odur ki, sel və daşqınların idarə olunması üçün müasir texnologiyaların tətbiqi, yağış sularının tez toplanması və paylanması üçün sistemlər inkişaf etdirilməlidir.
Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı və tullantı sularının idarə olunması infrastrukturunun dayanıqlığını və səmərəliliyini artırmaq üçün rəqəmsal texnologiyaların tətbiqi vacibdir. Bu texnologiyaların tətbiqi su itkisini azaldacaq, təchizatın fasiləsizliyini artıracaq və fəlakət risklərinə operativ reaksiya vermək imkanlarını genişləndirəcək.
Su itkisi səviyyəsinin azaldılması üçün isə müvafiq idarəetmə sistemlərini tətbiq etmək vacibdir. Bu sistemlərin tətbiqi nəticəsində su axınları izlənəcək, sızma və itkilər vaxtında aşkarlanacaq və aradan qaldırılacaq.
Qaldı ki, həyata keçirilməsi vacib sayılan bu və digər layihələrin maliyyələşdirilməsinə, sözügedən sənəddə həmin məsələdən də ətraflı bəhs olunub. Məlumdur ki, su təchuzatı və tullantı sularının idarə olunması layihələrinin icrası yüksək maliyyə tələb edir. Ona görə də maliyyələşmə mənbələrinin məhdudluğu onların icrasına mənfi təsir göstərə bilər. Bu riskin neytrallaşması məqsədilə dövlət büdcəsi ilə yanaşı, beynəlxalq maliyyə institutları ilə və donor təşkilatlarla əməkdaşlıq gücləndiriləcək və alternativ maliyyə mənbələri cəlb ediləcək.
Flora SADIQLI,
"Azərbaycan"