Prezident İlham Əliyev cari il yanvarın əvvəlində yerli
televiziya kanallarına müsahibəsində
vurğuladı ki, müstəqillik illərində Azərbaycan 30-a yaxın dövlətlə strateji tərəfdaşlıq
münasibətləri qurub, onlardan 25-i ilə müvafiq siyasi sənədlər imzalanıb. Bu
dövlətlərin 10-u Avropa İttifaqının üzvüdür. Azərbaycan Türk Dövlətləri Təşkilatında
(TDT) təmsil olunan bütün ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinə
malikdir. Ümumilikdə isə Avropa Siyasi Birliyində təmsil olunan 16 dövlət Azərbaycanın
strateji tərəfdaşlarıdır ki, bu da ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir.
Qeyd edilməlidir ki, Avropa Siyasi Birliyi təşkilat deyil,
siyasi dialoq platformasıdır, lakin həmin platformada bu qədər geniş tərəfdaşlıq
şəbəkəsinə malik olmaq mühüm diplomatik nailiyyətdir. Azərbaycan bəzi dövlətlərlə
strateji tərəfdaşlıqla yanaşı, müttəfiqlik münasibətlərini təsbit edən beynəlxalq
müqavilələr də imzalayıb. Bu ölkələr sırasında qardaş Türkiyə, Özbəkistan və
Qazaxıstan xüsusi yer tutur.
Azərbaycan sülhün bərqərar olunması istiqamətində ardıcıl və
prinsipial siyasət aparır
İşğal dövründə Azərbaycanın strateji tərəfdaşlıq siyasətinin
əsas şərti Azərbaycan-Ermənistan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü və
suverenliyi çərçivəsində, xüsusilə BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri
əsasında həllinə birmənalı dəstək idi. Bu prinsipial mövqe Ümummilli Lider Heydər
Əliyev tərəfindən müəyyənləşdirilmiş, Prezident İlham Əliyev tərəfindən isə
ardıcıl şəkildə qorunmuşdur. Ərazi bütövlüyümüz bərpa olunduqdan sonra da
qarşılıqlı suverenlik və ərazi bütövlüyünə hörmət prinsipi Azərbaycan xarici
siyasətinin dəyişməz əsası olaraq qalır.
Strateji tərəfdaşlıq yalnız siyasi və iqtisadi sahələri
deyil, eyni zamanda müdafiə, müdafiə sənayesi və təhlükəsizlik istiqamətlərində
intensiv əməkdaşlığı da əhatə edir. Bu çərçivədə Xarici İşlər nazirlikləri və
dövlət başçıları səviyyəsində müntəzəm siyasi məsləhətləşmələr aparılır,
regional və qlobal məsələlər üzrə mövqelər uzlaşdırılır.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və siyasi
iradəsi ilə postmünaqişə dövründə sülh prosesi ardıcıl və prinsipial xətt üzrə
irəliləyir. Bu proses artıq yalnız regional deyil, qlobal əhəmiyyət daşıyan
siyasi gündəm kimi aparıcı beynəlxalq aktorların diqqət mərkəzindədir. Dövlət
başçısının Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın sülhyaratma təşəbbüslərinin
və postmünaqişə təcrübəsinin beynəlxalq səviyyədə qəbul və təqdir olunduğunu
açıq şəkildə nümayiş etdirdi.
Son onilliklər ərzində formalaşdırılan Azərbaycanın xarici
siyasət strategiyası regional balansın qorunması ilə yanaşı, qlobal müstəvidə
dayanıqlı tərəfdaşlıq şəbəkəsinin qurulmasına yönəlib. İkinci Qarabağ müharibəsindən
sonra yaranan yeni siyasi və təhlükəsizlik reallıqları, nəqliyyat-tranzit xəritəsinin
yenidən formalaşması və beynəlxalq sistemdə güc mərkəzlərinin dəyişməsi Bakının
çoxvektorlu, çevik və prinsipial diplomatiyasını daha da gücləndirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
xarici siyasət BMT Nizamnaməsinin prinsiplərinə, xüsusilə suveren bərabərlik, ərazi
bütövlüyünə hörmət və daxili işlərə qarışmamaq yanaşmasına əsaslanır. Dost və tərəfdaş
ölkələrlə münasibətlər strateji tərəfdaşlıq, yaxın dövlətlərlə isə müttəfiqlik
səviyyəsinə yüksəldilir.
Prezident İlham Əliyevin strateji baxışına əsaslanan
diplomatik fəaliyyət nəticəsində Azərbaycanın mövqeləri beynəlxalq arenada əhəmiyyətli
dərəcədə möhkəmlənib. Bunu müxtəlif beynəlxalq platformalarda dövlət və hökumət
başçılarının açıq bəyanatları, eləcə də Avropa Siyasi Birliyinin Zirvə görüşləri,
Yaxın Şərq Sülh Sammiti, Türk Dövlətləri Təşkilatının sammitləri və ikitərəfli
səfərlər aydın şəkildə təsdiqləyir.
Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə
müdafiə, müdafiə sənayesi və təhlükəsizlik sahələrində artıq ikitərəfli
formatda müsbət və uğurlu təcrübəyə malikdir. Ölkəmiz Türkiyə, Özbəkistan və Qazaxıstanla
müxtəlif formatlarda birgə hərbi təlimlər keçirib və bu əməkdaşlıq öz səmərəsini
verib. İndi məqsəd bu təcrübəni genişləndirərək ikitərəfli çərçivədən çıxarmaq
və Türk Dövlətləri Təşkilatı səviyyəsində çoxtərəfli əməkdaşlıq müstəvisinə
daşımaqdır. Prezident İlham Əliyev bu istiqamətdə mövqeyini ötən il TDT-nin Qəbələdə
keçirilən sammitində açıq şəkildə ortaya qoyub və 2026-cı ildə bu formatda əməkdaşlıq
istiqamətində ilkin addımlardan olan birgə hərbi təlimlərin keçirilməsi istəyimizi
bəyan edib.
Bu təşəbbüsün arxasında dayanan əsas üstünlüklərdən biri Azərbaycanın
qazandığı sülh və müharibədən sonrakı bərpa təcrübəsidir. 44 günlük Vətən
müharibəsi və ondan sonrakı proseslər göstərdi ki, Azərbaycan təkcə hərbi müstəvidə
qələbə qazanmaqla kifayətlənməyib, eyni zamanda davamlı sülhün bərqərar
olunması istiqamətində ardıcıl və prinsipial siyasət aparır. Prezident İlham
Əliyevin ötən ilin sentyabrında BMT Baş Məclisində bəyan etdiyi "Azərbaycan
müharibəni uddu və sülhü qazandı" formulasına əsaslanan təcrübəsi türk
dövlətləri üçün də ciddi özünəinam mənbəyidir. Azərbaycanın uğurları beynəlxalq
ictimaiyyət tərəfindən qəbul olunur, çünki bu uğurlar BMT Təhlükəsizlik
Şurasının məlum qətnamələrinə və beynəlxalq hüquqa uyğun olaraq əldə edilib.
Azərbaycan-Türkiyə təcrübəsi çoxtərəfli formatda əməkdaşlıq üçün
nümunədir
Azərbaycan qardaş Türkiyə ilə birgə regional təhlükəsizlik və
müdafiə sahəsində əməkdaşlığın institusional əsaslarını yaratmaq üçün konkret
addımlar atıb. 2021-ci ilin iyununda imzalanan Şuşa Bəynannaməsi və 2025-ci
ilin dekabrında Milli Məclisin ratifikasiya etdiyi "Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə
Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair
Anlaşma Memorandumu" bunun üçün hüquqi əsas yaradır.
Anlaşma Memorandumu strateji müttəfiqlər olan Azərbaycan-Türkiyə
arasında Şuşa Bəyannaməsində əks olunmuş müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın
dərinləşdirilməsinə xidmət edir. Memorandumun məqsədi hərbi təhlükəsizlik sahəsində
qarşılıqlı koordinasiyanın gücləndirilməsi, birgə təlimlərin, hərbi təhsilin və
müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf etdirilməsidir. Memorandum yalnız hərbi
əməkdaşlıq və hərbi təhlükəsizlik sahəsindəki məsələləri əhatə edir və bu çərçivədə
müdafiə sahəsində qarşılıqlı yardım, təlim, təchizat və tərəflərin birlikdə fəaliyyət
qabiliyyətinin artırılmasını ehtiva edir.
Anlaşma Memorandumu həmçinin qarşılıqlı olaraq tərəflərin
dövlətlərinin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, habelə
suverenliyinin və müstəqilliyinin qorunması üçün tərəflər arasında müdafiə sahəsində
əməkdaşlığın gücləndirilməsini hədəfləyir.
"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası
arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ində təsbit
edilmişdir ki, "Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə,
suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən
təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr
aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT
Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək,
bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi
və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək
birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək
və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti
təşkil olunacaqdır".
Sözügedən Anlaşma Memorandumu da BMT nizamnaməsinə istinadı ehtiva edir. Belə
ki, tərəfdaş dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT
Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə
hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi
öhdəliyini götürürlər. Tərəflərin bir-birlərinə hərbi yardım göstərməsi
onlardan birinin sorğusu əsasında və buna dair milli qanunvericiliklərində müəyyən
edilmiş qaydaya uyğun olaraq həyata keçirilir. Tərəflər dinc dövrdə yuxarıda
qeyd edildiyi kimi, mütəmadi olaraq birgə hərbi təlimlər və manevrlər keçirirlər.
Qəbələ Sammiti TDT çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində
əməkdaşlıq üçün dönüş mərhələsi ola bilər
2025-ci ilin oktyabrında Qəbələdə regional təhlükəsizlik və
sabitlik mövzusunda keçirilən TDT sammiti daha geniş platformada və çoxtərəfli
formatda məhz bu məqsədlərə xidmət edirdi. Bu təşəbbüs Prezident İlham Əliyevin
ideyası idi və hərbi sahə ilə yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlığın
da çoxtərəfli formatda reallaşdırılmasını gündəmə gətirdi. Məsələn, ötən il
İstanbulda müdafiə sənayesinə cavabdeh qurumların birgə toplantısı keçirildi.
Növbəti belə tədbirin bu il Bakıda təşkil olunması planlaşdırılır. Bu, əməkdaşlığın
sistemli xarakter aldığını göstərir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya artıq dərinləşməkdədir.
Hazırda təşkilat daxilində 35-dən artıq sahə üzrə əməkdaşlıq mövcuddur və bu
siyahı davamlı şəkildə genişlənir. Hərbi, müdafiə sənayesi və təhlükəsizlik sahələrinin
bu prosesə daxil edilməsi tamamilə məntiqlidir.
Türk dövlətləri arasında hərbi əməkdaşlıq ideyası coğrafi
mövqe, mövcud geosiyasi şərait və ortaq maraqlardan irəli gəlir. Bu təşəbbüs
heç bir gücə qarşı yönəlməyib. Məqsəd dövlətlərarası inteqrasiyanın hərbi və
müdafiə sənayesi sahəsində də davam etdirilməsi üçün konseptual çərçivə
yaratmaqdır. Bunun üçün həm resurslarımız, həm siyasi iradəmiz, həm də real zərurət
mövcuddur. Artıq bu konsepsiyanın praktik mərhələyə keçməsinin zamanı çatıb.
Prezident İlham Əliyevin türk dövlətləri arasında hərbi sahədə
əməkdaşlıq təşəbbüsünü şətrləndirən bir sıra obyektiv və real amillər
mövcuddur. Əsas amillərdən birincisi müasir beynəlxalq münasibətlər sistemində
güc faktorunun hələ də həlledici rol oynamasıdır. Bu gün təəssüf ki, beynəlxalq
hüquq mexanizmləri effektiv şəkildə işləmir. Müdafiə ehtiyacları, regional və.geosiyasi
çağırışlar və çəkindirmə siyasəti bu əməkdaşlığı şərtləndirən amillərdəndir. Məhz
bu reallıqlar dövlətləri öz təhlükəsizliklərini təmin etmək üçün əlavə əməkdaşlıq
formatları axtarmağa vadar edir. Qəbələ Sammitindən sonra müdafiə, müdafiə sənayesi
və regional təhlükəsizlik sahələrində ölkələr əməkdaşlığı inkişaf etdirməyi hədəfləyirlər.
Müqayisəli beynəlxalq təcrübə də nəzərdən keçirilə bilər
Beynəlxalq təcrübədə
buna bənzər modellər mövcuddur. Məsələn, Skandinaviya ölkələri arasında
NORDEFCO çərçivəsində hərbi əməkdaşlıq hərbi ittifaq olmadan həyata keçirilir.
NORDEFCO - Nordic Defence Cooperation (Şimali Avropa Müdafiə Əməkdaşlığı)
2009-cu ildə beş Şimali Avropa ölkəsi tərəfindən yaradılmış hərbi-təhlükəsizlik
əməkdaşlıq platformasıdır. Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveçin təsis
etdiyi bu qurumun hərbi ittifaq deyil və NATO kimi kollektiv müdafiə öhdəliyi
yaratmır. Əsas məqsəd ölkələr arasında təhlükəsizlik və müdafiə sahəsində
koordinasiyanı gücləndirmək, resurslardan daha səmərəli istifadə etməkdir.
"Hərbi ittifaq olmadan hərbi əməkdaşlıq modeli" kimi təqdim olunan
model göstərir ki, eyni coğrafi məkanda yerləşən, ortaq təhlükəsizlik maraqları
olan ölkələr hərbi blok yaratmadan da effektiv əməkdaşlıq edə bilərlər.
Eyni zamanda ASEAN ölkələrinin müdafiə nazirləri səviyyəsində
əməkdaşlıq mexanizmi göstərir ki, təhlükəsizlik sahəsində koordinasiya mütləq hərbi
blok yaratmaq anlamına gəlmir.
ADMM, ASEAN Defence Ministers' Meeting - Cənub-Şərqi Asiya
Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələrin müdafiə nazirlərinin rəsmi əməkdaşlıq
platformasıdır. 2006-cı ildə yaradılan ADMM-də ASEAN-ın 10 dövləti -
İndoneziya, Malayziya, Sinqapur, Tailand, Filippin, Bruney, Vyetnam, Laos,
Kamboca, Myanma təmsil olunur. Əsas məqsədi regionda etimadın möhkəmləndirilməsi,
təhlükəsizlik dialoqunun inkişafı, qeyri-ənənəvi təhlükələrə qarşı birgə
yanaşma, müdafiə sahəsində şəffaflıq və koordinasiyanın təminidr. ADMM hərbi
ittifaq deyil, NATO tipli kollektiv müdafiə mexanizmi yaratmır.
Hətta
2010-cu ildə ADMM-in genişləndirilmiş formatı - ADMM-Plus təsis edildi. ASEAN
ölkələri ilə yanaşı, ABŞ, Çin, Rusiya, Yaponiya, Cənubi Koreya, Hindistan,
Avstraliya, Yeni Zelandiya burada təmsil olunur. Məqsəd ASEAN ilə böyük güclər
arasında təhlükəsizlik dialoqu, regionda balanslaşdırılmış və inklüziv təhlükəsizlik
mühiti yaratmaq, qarşıdurmanın qarşısının alınmasıdır.
Prezident
İlham Əliyev türk dövlətləri arasında hərbi əməkdaşlıqdan danışarkən heç də hərbi
blok və ya ittifaq yaradılması niyyətində olmadığımızı açıq şəkildə ifadə etdi.
Buna baxmayaraq, bəzi dairələr bu təşəbbüsü bilərəkdən təhrif edərək onu təhdid
kimi təqdim etməyə, hələ formalaşma mərhələsində olan əməkdaşlığa kölgə salmağa
və təzyiq aləti kimi istifadə etməyə çalışırlar. Bir daha vurğulamaq lazımdır
ki, türk dövlətləri arasında irəli sürülən hərbi əməkdaşlıq təşəbbüsü hər hansı
dövlətə və dövlətlər birliyinə qarşı yönəlməyib və bu, klassik anlamda hərbi
ittifaqın yaradılması kimi qiymətləndirilməməlidir.
Rizvan
NƏBİYEV,
Milli Məclisin
deputatı, siyasi elmlər doktoru