GlobalInfo saytına istinadən ain.az xəbər verir.
Prezident İlham Əliyev yanvarın 12-də keçirilən müşavirədə Xəzər dənizi ilə bağlı problemlərə də diqqət çəkib. O bildirib ki, dənizin çirklənməsinin əsas səbəblərindən biri də bura axıdılan sulardır.
Sitat: “Dənizə buraxılan sular 100 faiz təmizlənməlidir. Ona görə burada da lazımi əlavə tədbirlər görüləcək”.
Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, burada söhbət dəniz suyunun bütövlükdə təmizlənməsindən deyil, Xəzərə axan bütün suların, xüsusilə də tullantı sularının təmizlənərək dənizə buraxılmasından gedir:
“Bu, son dərəcə vacib məsələdir və artıq uzun illərdir biz də təbliğat aparırıq. Müəyyən tədbirlər olsa da, hələ görüləsi işlər çoxdur. Tapşırıqların icrası üçün ilk növbədə kanalizasiya və tullantı sularının tam inventarlaşdırılması aparılmalıdır. Bakı və Abşeron üzrə sənaye müəssisələri, yaşayış massivləri, köhnə kanalizasiya xətləri və qeyri-qanuni axıdılan sular tam xəritələnməli, Xəzərə hansı nöqtədən, hansı həcmdə və hansı tərkibdə su buraxıldığı dəqiq müəyyənləşdirilməlidir. Yalnız bundan sonra növbəti addımların atılması mümkün olacaq. Eyni zamanda bioloji və mexaniki təmizlənmə qurğularının modernləşdirilməsi vacibdir. Mövcud qurğular yenilənməli, ehtiyac olan ərazilərdə yeni təmizləyici stansiyalar inşa edilməlidir. Hazırda bir çox stansiyalar köhnədir və əsasən mexaniki təmizləmə aparır. Bioloji və kimyəvi mərhələlər ya zəifdir, ya da ümumiyyətlə mövcud deyil. Bu qurğular üçpilləli sistemə keçməlidir. Əvvəl mexaniki yolla iri çirklər təmizlənməli, sonra bioloji mərhələdə üzvi maddələr, azot və fosfor birləşmələri, sonda isə kimyəvi təmizləmə ilə ağır metallar, neft qalıqları və mikrozərrəciklər aradan qaldırılmalı, sənaye tullantılarına ayrıca nəzarət mexanizmi qurulmalıdır.
Neft-qaz, kimya, metallurgiya və enerji obyektləri tullantı sularını ümumi kanalizasiya şəbəkəsinə deyil, lokal təmizləyici qurğulara yönəltməlidirlər. “Əvvəl təmizlə, sonra burax” prinsipi hüquqi baxımdan tam tətbiq edilməli, qeyri-qanuni axıntıların qarşısı alınmalı, Xəzərə birbaşa axan drenaj kanalları, yağış kollektorları və sənaye axıntıları ya bağlanmalı, ya da təmizləmə sisteminə qoşulmalıdır. Sahilboyu ərazilərdə bioloji filtrasiya zonaları yaradılmalı, yaşıl zonalar elan edilməli, süni bataqlıqlar və qamışlıq sahələr bərpa olunaraq təmizləyici funksiyaya cəlb edilməlidir. Bu zonalar son mərhələdə əlavə bioloji təmizləmə imkanı yarada bilər. Lokal çirklənmələr üçün də reabilitasiya tədbirləri vacibdir”.
Cəmşid Bəxtiyar
Ekoloq bildirib ki, təmizlənmiş tullantı sularının təkrar istifadəsi həm ekoloji, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır:
“Bu sular əsasən yaşıllaşdırma və landşaft işlərində, parkların və şəhər yaşıllıqlarının suvarılmasında istifadə oluna bilər. Bu məqsədlər üçün içməli sudan istifadə etmək israfdır. Təmizlənmiş suların tətbiqi içməli su ehtiyatlarına qənaət etməyə imkan verir. Eyni zamanda bu sular kənd təsərrüfatında – texniki bitkilər, yem bitkiləri və sənaye bağları üçün müvafiq normativlər çərçivəsində istifadə oluna bilər. Sənayedə texniki su kimi soyutma sistemlərində, avtoyuma məntəqələrində və müxtəlif texnoloji proseslərdə içməli suya ehtiyac yoxdur. Təmizlənmiş tullantı suları bu məqsədlər üçün tam uyğundur. Kommunal sahədə də, yəni küçələrin yuyulması, yanğın ehtiyat suyu və digər texniki ehtiyaclar üçün geniş şəkildə istifadə edilə bilər”.
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli qeyd edib ki, Səudiyyə Ərəbistanı təkrar istifadə mexanizmlərini tətbiq edir və ölkənin su təchizatının təxminən 50 faizini istifadə olunmuş suların təmizlənməsi hesabına təmin edir:
“Bu, artıq formalaşmış və özünü doğrultmuş bir mexanizmdir. Dünya təcrübəsində bu məqsədlə iri həcmli su təmizləyici qurğular, rezervuarlar və anbarlar inşa olunur, müasir texnologiyalar tətbiq edilir. Bakının içməli su təminatı Kür, Ceyranbatan və Şollar kimi mənbələr hesabına həyata keçirilirsə, təkrar istifadə sistemlərində də oxşar yanaşma mövcuddur. Fərq odur ki, burada kanalizasiya sularının təmizlənməsi üçün daha mürəkkəb, o cümlədən kimyəvi texnologiyalara əsaslanan xüsusi süzgəc və membran qurğularından istifadə olunur. Bu, konkret metodologiyadır və hazırda dünyanın bir çox ölkələrində geniş tətbiq edilir.
Nəzərə almaq lazımdır ki, Azərbaycan ümumilikdə sudan əziyyət çəkən, su riski yüksək olan ölkələr sırasında yer alır. BMT-nin hesabatlarında da bunlar çıq şəkildə qeyd olunur. Ona görə də bir tərəfdən Xəzər dənizinin ekosisteminin qorunması üçün dənizə yalnız təmizlənmiş suların axıdılması təmin edilməli, digər tərəfdən isə ölkədə mövcud su itkiləri kompensasiya edilməlidir”.
İlqar Hüseynli
İB sədri vurğulayıb ki, bu məqsədlə su-kanalizasiya sistemlərinin rezervuarlarında, ehtiyat anbarlarında və mənbələrində müasir təmizləyici qurğuların quraşdırılması təkrar su istifadəsinə real imkan yarada bilər:
“Təmizlənmiş sular məişətdə, sənaye, istehsal proseslərində, zavod və fabriklərin texniki suya olan tələbatının ödənilməsində geniş istifadə oluna bilər. Azərbaycanın əsas su arteriyaları olan Kür və Araz çaylarının hər ikisi transsərhəd çaylar olduğu üçün ölkə bu baxımdan daha həssas mövqedədir. Məhz buna görə suyun təmizlənməsi və təkrar istifadə sistemlərinin tətbiqi həm Xəzərin ekoloji prinsiplərinin qorunması, həm də ölkənin artan su tələbatının ödənilməsi baxımından strateji əhəmiyyət daşıyan layihədir. Bu istiqamətdə tədbirlərin gecikdirilmədən və sistemli şəkildə həyata keçirilməsi vacibdir”.
Ləman İmran
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.