Rusiyanın URA.RU nəşrinin yaydığı məlumata görə, Yekaterinburq sakini Fehruz Şirinov Ural azərbaycanlı diasporunun sabiq rəhbəri Şahin Şıxlinski və Səfərov qardaşlarına qarşı 22 milyon rubl məbləğində mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. İddia artıq hüquqi müstəviyə daşınıb və Rusiya ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
KONKRET.az Musavat.com-a istinadən Nəşrin məlumatına görə, iddiaçı Fehruz Şirinov bu tələbi 2010-cu ilə aid edilən guya sui-qəsd epizodu ilə əsaslandırır. Onun iddiasına əsasən, həmin dövrdə baş verdiyi bildirilən hadisə uzun illər sonra da ona ciddi psixoloji travma yaşadıb və məhz bu səbəbdən yüksək məbləğdə mənəvi zərərin ödənilməsini tələb edir. Şirinov iddia ərizəsində birbaşa olaraq Şahin Şıxlinskinin və Səfərov qardaşlarının adını çəkir.
Məsələ ilə bağlı hazırda hüquqi proseslər davam edir. Məhkəmənin iddianı icraata qəbul edib-etmədiyi, həmçinin qarşı tərəfin rəsmi mövqeyi barədə açıq mənbələrdə hələlik ətraflı məlumat verilməyib. Rusiya mediası qeyd edir ki, iddianın məhz bu mərhələdə gündəmə gətirilməsi təsadüfi sayılmır və prosesin arxasında daha geniş siyasi-hüquqi kontekstin dayandığı ehtimalları irəli sürülür.
Musavat.com xatırladır ki, Şahin Şıxlinski uzun illər Ural bölgəsində Azərbaycan diasporunun ən tanınmış və fəal simalarından biridir. O, həm Rusiya cəmiyyətində azərbaycanlıların hüquqlarının müdafiəsi, həm də Azərbaycan dövlətinə və milli maraqlara bağlı mövqeyi ilə seçilib. Məhz bu fəaliyyətinə görə Şıxlinskinin son dövrlər Rusiya hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşdüyü bildirilir.

Xüsusilə Yekaterinburqda baş verən son faciəvi hadisələrdən sonra Şahin Şıxlinskinin adı yenidən gündəmə gətirilib. O zaman Rusiya hüquq-mühafizə təşkilatları Səfərov qardaşlarını qətl etmiş, diasporun çoxsaylı üzvlərini vəhşicə döymüşdü. Həmin vaxt Şahin Şıxlinski və oğlu Mütvali soydaşlarımızın müdafiəsi istiqamətində böyük işlər görmüşdülər. Bu səbəbdən də Rusiya İstintaq Komitəsi tərəfindən saxlanıldı və hazırda oğlu Mütvali Şıxlinski ilə birlikdə həbsdədir. Azərbaycan ictimaiyyətində və diaspor dairələrində bu həbslərin qondarma ittihamlar əsasında həyata keçirildiyi, prosesin isə Azərbaycan–Rusiya münasibətlərində yaranmış gərgin fonun tərkib hissəsi olduğu fikri geniş yayılıb.
Ekspertlərin fikrincə, 22 milyon rubl məbləğində mənəvi zərər tələbi ilə bağlı iddianın məhz indi ortaya çıxması təsadüfi deyil. Bu, təkcə hüquqi mübahisə yox, həm də Ural bölgəsində fəal mövqeyi ilə seçilən Azərbaycan diasporunun nüfuzlu simalarına qarşı təzyiq aləti kimi qiymətləndirilir. Bir sıra müşahidəçilər hesab edirlər ki, Şahin Şıxlinski faktiki olaraq Azərbaycanla Rusiya arasında artan siyasi-soyuqluğun və diaspor müstəvisində gedən görünməz qarşıdurmanın qurbanlarından birinə çevrilib.

Hazırda iş üzrə istintaq və məhkəmə prosedurlarının gedişi diqqətlə izlənilir. Qarşı tərəfin mövqeyi, iddianın hüquqi əsasları və məhkəmənin verəcəyi qərar bu qalmaqallı prosesin taleyini müəyyən edəcək. Məsələ həm Rusiya, həm də Azərbaycan ictimaiyyətində uzun müddət gündəmdə qalacağa bənzəyir.