AZ

"Körpələrə milli ad qoymaq dilə hörmətin, kökə bağlılığın ifadəsidir"

Bildiyimiz kimi ana dilinin saflığının qorunması ölkəmizin əsas prioritetlərindəndir. Dilin saflığının qorunması ilə bağlı millət vəkili Fazil Mustafa təklif edir ki, bundan sonra doğulacaq körpələrə təmiz milli adlarının verilməsi dilin saflığının qorunmasına faydalı olacaq addım olar. 

Mövzu ilə bağlı Redaktor.az-aaçıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı qeyd etdi ki, ana dilinin saflığının qorunması milli kimliyimizin, tarixi yaddaşımızın və mənəvi bütövlüyümüzün qorunması deməkdir.

O, əlavə etdi ki, dil millətin ruhudur və ruhu yaşadan əsas amillərdən biri də adlarımızdır:

"Ad mənsubiyyətin, kökün, dəyərlərin ifadəsidir. Həmkarım Fazil Mustafanın körpələrə milli adların verilməsi ilə bağlı təklifini ümumilikdə müsbət təşəbbüs kimi qiymətləndirirəm. Milli adlarımızın yaşadılması dilimizin zənginliyinin, mədəni irsimizin və tarixi yaddaşımızın gələcək nəsillərə ötürülməsi baxımından çox önəmlidir. Ad seçimi valideynin şəxsi hüququdur və bu məsələdə məcburiyyət yox, maarifləndirmə və təşviq yolu daha doğru olar".

Müsahibimizin fikrincə, dilin saflığının qorunması geniş və sistemli yanaşma tələb edir:

"Ailədə danışıq mədəniyyəti, məktəblərdə ana dilinin yüksək səviyyədə tədrisi, mediada və sosial şəbəkələrdə düzgün və səlis Azərbaycan dilindən istifadə eyni dərəcədə vacibdir. Təbii ki, qloballaşma və sosiallaşma tendensiyası artdıqca ad müxtəlifliyi də paralel olaraq qabarır. Əcnəbi adların, xüsusilə, film personajlarının canlandırdığı obrazlardan götürülən adların çoxaldığının şahidi oluruq. Bu tendensiyanı hər hansı bir çərçivəyə salmaq olduqca çətindir. Ona görə də biz mütləq şəkildə milli kimliyimizi tərənnüm edən adların, obrazların təbliğini genişləndirməliyik".

Millət vəkili qeyd etdi ki, insanlar öz dillərinin, adlarının mənasını, tarixini, gözəlliyini dərindən dərk etdikcə, təbii olaraq milli adlara daha çox üstünlük verəcəklər:

"Milli ad qoymaq dilə hörmətin, kökə bağlılığın, Vətənə sevginin ifadəsidir. Bu, həm də övladımıza verdiyimiz ilk mənəvi mirasdır. Ona görə də hesab edirəm ki, milli adların təşviqi dilin saflığının qorunması yolunda doğru addımlardandır".

Xədicə BAXIŞLI
 

Seçilən
78
1
redaktor.az

2Mənbələr