AZ

Mənəviyyatın müflisliyi: Ataların pulu, oğulların şəri


Beyləqandan gələn xəbər sadəcə bir cinayət hadisəsi deyil, bu, illərdir cəmiyyətin canına bir xərçəng kimi yayılan “qudurğanlıq sindromu”nun növbəti metastazıdır. 15 yaşlı bir yeniyetmə qıza qarşı törədilən iyrənc əməldə adları keçən "qəhrəmanlar" – imkanlı biznesmenlərin, "nüfuzlu" ataların övladlarıdır.

Sosial şəbəkələrdə lüks həyatları ilə göz qamaşdıran, son model avtomobillərin sükanı arxasında "həyatın sahibi" imici yaradan Xəyal Qəhrəmanov və onun "biznesmen balası" olan dostları, görünür, bir şeyi unudublar: Atanın pulu ilə alınan "Mercedes" insanı mənzilinə çatdıra bilər, amma onu "İnsan" edə bilməz. Bu gənclərin profilləri bahalı maşınlarla, dəbdəbəli məkanlarla bəzədilib. Amma o parıltılı fotoların arxasında gizlənən mənəvi çürüklük, nəhayət ki, 15 yaşlı bir uşağın həyatına uzanan kirli əllərlə üzə çıxdı. Budurmu sizin "uğur" hekayəniz? Budurmu rayonda "baş ucalığı" gətirən biznes imperiyanızın bəhrəsi?

Burada ən böyük ittiham əslində o oğulların atalarınadır. Övladının altına milyonluq maşın qoyub, cibinə hüdudsuz imkanlar verən, lakin onun beyninə ədəbi, mənəviyyatı və qanun qarşısında məsuliyyəti yerləşdirməyən hər bir valideyn bu cinayətin gizli şərikidir.

Rayonda "iş adamı" kimi tanınmaq, böyük bizneslərə sahib olmaq hələ şəxsiyyət olmaq deyil. Əgər böyütdüyünüz övlad bir uşağın taleyini qaraltmağı özünə rəva bilirsə, deməli, sizin qurduğunuz bütün o binalar, qazandığınız bütün o milyonlar mənəvi baxımdan bir qəpiyə də dəyməz. Siz övlad yox, sadəcə bahalı geyimlərə bürünmüş, pulun hər şeyi həll edəcəyinə inandırılmış birer "canavar" yetişdirmisiniz.
İndi Beyləqanda hamı bir sualın cavabını gözləyir: Görəsən, bu şəxslərin "geniş biznes imkanları" onları qanunun pəncəsindən də xilas edə biləcəkmi?

Təcrübə göstərir ki, belə "zəngin balaları" üçün qanun bəzən sadəcə bir kağız parçası, həbsxana isə müvəqqəti "istirahət" kimi görünür. Amma bu dəfə məsələ fərqlidir. Bu dəfə söhbət 15 yaşlı bir qızın ləyaqətindən və bütöv bir cəmiyyətin ədalət hissindən gedir. Heç bir biznes şəbəkəsi, heç bir "nüfuzlu" əlaqə bu iyrəncliyin üstünü örtməməlidir.
Xəyal, Həzi, Elgün və digərləri... Onlar sadəcə bir cinayətin icraçıları deyil, həm də "haram pulla harınlayan gənclik" modelinin simvollarıdır. Unutmayın ki, bahalı maşınların təkəri altında qalan təkcə o qızın taleyi deyil, həm də sizin atalarınızın illərlə qurduğu "hörmət" və "nüfuz"dur. O ləkəni isə heç bir "biznes imkanı" təmizləyə bilməyəcək.

Şəmsi Qoca



Seçilən
40
aia.az

1Mənbələr