AZ

Boğaza yığıldıq, onları AYB-dən çıxarırıq - Anar

Azərbaycan Yazıçılar Birliyi nə etsə, hamı narazı qalır. Narazılıq etməkdənsə, ildə 15 manat üzvlük haqqını versinlər. Bu böyük məbləğ deyil. İllərdir ödəniş etmirlər. Amma hamı hər şey istəyir, tələb edir. Mənə ev ver, kömək et, dərman al, xərcimi qarşıla və s. Hər şeydən də narazıdırlar.

Aktual.az xəbər verir ki, bunu "Yeni Sabah”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar Rzayev deyib.O bildirib ki, ödəniş etməyən hər kəs AYB-dən çıxarılacaq:

"Biz də boğaza yığıldıq. Hara qədər belə davam edə bilərik? Kimisə saxlamağa məcbur deyilik. İnsaflı davranıb son 5 ili götürmüşük. 7-8 ildir ödəniş etməyənlər var. Keçən il də xəbərdarlıq etmişdik. Yanvarın sonuna qədər vaxt qoymuşuq. Üzvlük haqqını ödəməsələr Azərbaycan Yazıçılar Birliyindən xaric olunacaqlar. Bəziləri səhlənkarlıq edir. Onların içində çox nüfuzlu yazıçılar da var. Lakin qanun hamı üçündür. Deyə bilmərik ki, onlar vermir, siz də verməyin. Xəbərdarlığımızı etmişik. Ödəniş etməyənlər Yazıçılar Birliyindən çıxarılacaq. Başqa cür mümkün deyil”.

AYB sədri söyləyib ki, yekun qərarı nizamnaməyə uyğun olaraq təşkilatın katibləri qəbul edəcək:

"Hələ üzümüzə dururlar ki, bizə nə etmisiz? Nə etməliyik, axı? Əsər yazırsan, çap edirik. Başqa nə etməliyik. İldə 15 manatı tapmırsınız? Hələ ki, insafla hərəkət edirik. Harda yazılıb ki, üzvü olduğun təşkilatın nizamnaməsini pozasan? Görək indi nə olur. Onsuz da nə etsək, dilə-dişə düşürük”.

AYB-nin tərtib etdiyi üzvlük haqqını ödəməyən yazıçı və şairlərin siyahısında vəfat etmiş şəxslərin də adının olmasına da toxunan Anar Rzayev vurğulayıb ki, bu, texniki xətadır:

"3 min yazıçıdan 2-si vəfat edib. O da səhvlik olaraq siyahıda gedib. Burada böyütməli nəsə yoxdur. Dəfələrlə xəbərdarlıq etmişik. Sonuncu dəfə də bu addımı atdıq. Təşkilatın katibləri yığışacaq və qərar verəcəklər. Ayın sonuna qədər ödəniş etməyən hər kəs xaric olunacaq. Onlar AYB-ni saymırsa, biz də öz sıralarımızda görmək istəmirik”.

Qeyd edək ki, AYB qurumda təmsil olunan, lakin üzlük haqqını ödəməyən şair və yazıçıların adlı siyahısını tərtib edib. Həmin şəxslərə fevralın 1-dək vaxt verilib. Əgər onlar üzvlük haqqı borclarını ödəməsələr AYB-dən xaric ediləcəklər.

Quruma üzvlük haqqı illik 15 manatdır.

Seçilən
6
9
ulusum.az

10Mənbələr