AZ

Süni intellekt teatr sənətinin inkişafında yeni imkanlar yaradır

Bakı, 13 yanvar, AZƏRTAC

Müasir dövrdə süni intellekt və rəqəmsal texnologiyalar mədəniyyət və incəsənətin müxtəlif sahələrində olduğu kimi, teatr sənətində də geniş tətbiq olunur. Yeni texnologiyalar teatrın ənənəvi mahiyyətini qoruyaraq, onun yaradıcılıq imkanlarını genişləndirir və tamaşaçı ilə səhnə arasında daha dinamik əlaqə yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi texnika üzrə fəlsəfə doktoru Əfruz Qurbanova rəqəmsal texnologiyaların, süni intellektin teatr sənətinə tətbiqi imkanlarından anışarkən deyib. O qeyd edib ki, teatr sənəti tarixboyu elmi-texniki tərəqqinin nailiyyətlərindən faydalanıb. Qədim Yunanıstandan başlayaraq XIX əsrdə səhnə işıqlandırmasının inkişafı və müasir dövrdə süni intellektin tətbiqi teatrın inkişafında mühüm mərhələlər kimi qiymətləndirilir. Hazırda süni intellekt texnologiyaları teatr tamaşalarında ssenarinin təhlili, səhnə quruluşu, işıqlandırma və səs dizaynının optimallaşdırılması istiqamətində geniş istifadə olunur. Süni intellektin yaratdığı səs imitasiyaları və virtual aktyorlar teatr səhnəsində yeni ifadə formaları yaradır. Bu texnologiyalar vasitəsilə insan səslərinin rekonstruksiyası, sinxron tərcümə və rəqəmsal personajların yaradılması mümkün olur.

Ə.Qurbanova vurğulayıb ki, süni intellektin incəsənətdə istifadəsi müəlliflik hüquqları və orijinallıqla bağlı müzakirələr doğursa da, bu texnologiya yaradıcılıqda insan amilini əvəz etmir. Əksinə, insan və maşın arasında yaradıcı əməkdaşlıq üçün yeni imkanlar açır .

“Son illər teatr sahəsində “immersiv teatr” anlayışı da aktuallaşıb. Bu teatr forması tamaşaçını passiv izləyici mövqeyindən çıxararaq hadisələrin birbaşa iştirakçısına çevirir. Virtual və artırılmış reallıq texnologiyalarının tətbiqi ilə səhnə və tamaşaçı arasındakı sərhəd aradan qalxır, emosional təsir güclənir. Bundan əlavə, virtual reallıq texnologiyaları fiziki məhdudiyyətləri olan şəxslər üçün teatr tamaşalarına çıxışı asanlaşdırır, eyni zamanda, teatr sənətinin coğrafi sərhədlərini genişləndirir. Artırılmış reallıq isə tamaşalarda vizual və səs effektlərini zənginləşdirərək qlobal auditoriya üçün yeni imkanlar yaradır”, - deyə alim bildirib.

Seçilən
83
azertag.az

1Mənbələr