AZ

Aydın Əsgərov: Yeni nəşrdə ilk dəfə Qarabağın florası geniş şəkildə təqdim olunub

Bakı, 13 yanvar, Günel Alıyeva, foto İlqar Cəfərov, AZƏRTAC

Azərbaycanın zəngin bölgələrindən biri, ölkəmizin ayrılmaz hissəsi olan Qarabağın florasına həsr edilən fundamental kitab hazırlanıb. Yeni nəşr Botanika İnstitutunun əməkdaşları tərəfindən tərtib olunub və İnstitutun direktoru professor Səyyarə İbadullayevanın rəhbərliyi və redaktəsi ilə ərsəyə gəlib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında professor, Botanika İnstitutunun Ali bitkilərin sistematikası laboratoriyasının müdiri Aydın Əsgərov deyib.

Onun sözlərinə görə, indiyədək Qarabağın florası barədə əsasən 70 il əvvəl rus dilində nəşr olunmuş “Azərbaycan florası” əsərində məlumat verilib. Sonrakı dövrlərdə müxtəlif kitablar və monoqrafiyalar yazılsa da, həmin mənbələr Qarabağ florası haqqında tam və sistemli məlumat əldə etməyə imkan vermirdi. Yeni nəşrdə isə ilk dəfə olaraq Qarabağın florası bütövlükdə həm ali, həm də ibtidai bitkilər daxil olmaqla geniş şəkildə əhatə olunub.

Professor qeyd edib ki, kitab Qarabağda işğaldan əvvəl toplanmış monitorinq məlumatları və digər elmi materiallar əsasında, eyni zamanda işğaldan sonrakı dövrdə əldə edilmiş məlumatların da cəlb edilməsi ilə hazırlanıb.

“Kitabda 2000-dən çox ali bitki növü barədə məlumat verilir. Hər bir bitkinin müasir adı, nomenklaturası, təsviri və Azərbaycanda yayılma arealı təqdim olunur. Bu məlumatlar gələcəkdə hər bir növün daha dərindən — populyasiya səviyyəsində öyrənilməsinə, eləcə də onların resurs mənbəyi kimi səmərəli istifadəsinə imkan yaradacaq. Həmçinin nəşrdə nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növləri də yer alır. Bu növlərin qorunması və mühafizə tədbirlərinin düzgün planlaşdırılması üçün kitabda təqdim olunan elmi məlumatlar mühüm əhəmiyyət daşıyır,- ”, – deyə A.Əsgərov əlavə edib.

Seçilən
47
azertag.az

1Mənbələr