Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qızı, Milli Məclisin deputatı Günay Ağamalıya məxsus “Buta” körpələr evi-uşaq bağçası fəaliyyətini bir müddətdir dayandırıb.
Publika.az İqtisadiyyat.az-a istinadən xəbər verir, uşaq bağçası artıq heç bir fəaliyyət göstərmir.
Buna baxmayaraq, bu günlərdə kommersiya qurumlarının dövlət reyestrində uşaq bağçasının qanuni təmsilçisi ilə bağlı dəyişiklik icra olunub.
Belə ki, kommersiya qurumlarının dövlət reyestrində həyata keçirilən dəyişikliklə bir müddət əvvəl fəaliyyəti dayandırılmış “Buta” körpələr evi-uşaq bağçasının qanuni təmsilçisi vəzifəsinə xanım deputatın qızı Nigar Həsənova təyin olunub.
Xatırladaq ki, “Buta” 2011-ci ildə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 20 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb və hazırda fəaliyyət göstərmədiyi üçün passiv vergi ödəyicisidir. Hüquqi ünvanı paytaxtın Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 12 D, 999-cu məhəllədə yerləşir. Bağçaya Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2013, 2014, 2016, 2021 və 2023-ci illərdə müvafiq olaraq, 120, 80, 40, 40, 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.