Birinci xanım Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə Azərbaycan idmanı hər zaman ən yüksək zirvələrdə olacaqdır.
Azərbaycanda gimnastika populyarlığı ilə seçilən, uşaq və gənclərin sevdiyi idman növlərindən biridir. Gimnastika uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsində xüsusi rola malikdir. Bu növün kütləvi xarakter alması da bunu bir daha sübut edir. İdman gimnastikadan başlayır; insanın fiziki sağlamlığının əsasında məhz gimnastik hərəkətlər durur. Gimnastika bədənə çeviklik, güc, qədd-qamət, gözəllik verir, insanda igidlik və nəciblik hissləri aşılayır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2002-ci il oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilməsindən sonra bu sahədə uğurlu inkişafın əsası qoyulub. Gimnastika idmanı sahəsində həyata keçirilən məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində beynəlxalq əlaqələr qurulub, respublikada gimnastika üzrə yüksək nailiyyətlər əldə olunub, AGF dünyada ən fəal quruma çevrilib.
Həmin dövrdən sürətli inkişaf yoluna qədəm qoymuş AGF-nin fəaliyyətinə hazırda 9 gimnastika növü daxildir. Azərbaycan milli gimnastika məktəbinin yetirmələrinin olimpiadalarda iştirakı, dünya və Avropa çempionatlarında medalların qazanılması, ölkədə ən nüfuzlu qitə və dünya miqyaslı gimnastika yarışlarının yüksək səviyyədə təşkili federasiya rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir.
Bu gün paytaxtla yanaşı, respublikanın bölgələrində də gimnastika təbliğ və inkişaf etdirilir. Hazırda 26 rayon və şəhərdə gimnastika bölməsi fəaliyyət göstərir. AGF ardıcıl 6 il Beynəlxalq Gimnastika Federasiyasının (FIG) mükafatlandırdığı 10 milli federasiyanın reytinq siyahısında yer alıb və son illərdə bu siyahıda liderlik edir. AGF prezidenti Mehriban Əliyevanın rəhbərliyi və gimnastikaya göstərdiyi diqqət sayəsində Azərbaycan dünyanın gimnastika mərkəzinə çevrilib.
2002-ci ildən indiyə qədər Azərbaycan gimnastikası çox böyük inkişaf yolu keçib. Hər il Azərbaycan böyük beynəlxalq tədbirlərə, o cümlədən Avropa çempionatlarına və dünya kuboklarına ev sahibliyi edir. Bütün bu işlərin nəticəsidir ki, AGF dünyada birinciliyə layiq görülüb.
Bu gün Azərbaycanda gimnastikanın inkişafı üçün hər cür şərait yaradılıb. Milli Gimnastika Arenası demək olar ki, dünyada ən yaxşı arenalardan biridir. Bütün dünyadan gimnastlar burada yarışlara və təlim-məşq toplanışlarına qatılırlar. Yarışların yüksək səviyyədə keçirilməsi federasiyaların sədrləri və baş məşqçiləri tərəfindən xüsusi vurğulanır.
2016-cı ildə Mehriban xanım Əliyeva Avropada idmanın inkişafı və Olimpiya hərəkatına verdiyi töhfəyə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan “Ali Ordeni” ilə təltif olunub. 2017-ci ildə isə o, Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FIG-in yüksək mükafatı ilə təltif olunub.
Həmin il Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan gimnastları bədii gimnastika, kişi və qadın idman gimnastikası üzrə yarışlarda ümumilikdə 20 medal (9 qızıl, 7 gümüş və 4 bürünc) qazanıblar ki, bu da bir turnirdə əldə edilən rekord göstəricidir.
Bütün bu uğurlar onu göstərir ki, Mehriban xanım Əliyevanın ötən 20 il ərzində federasiyaya rəhbərliyi, genişmiqyaslı fəaliyyəti ölkədə gimnastikanın dinamik inkişafı, idmanın kütləviliyinin artırılması, bölgələrdə ən müasir idman mərkəzlərinin yaradılması, uğurlu beynəlxalq fəaliyyət və parlaq nailiyyətlərlə müşahidə olunur. Bu uğurlar qarşıdakı illərdə daha böyük nailiyyətlərin əldə olunmasına güclü inam yaradır.
Son olaraq qeyd etmək istərdim ki, Azərbaycanın El Anası Birinci xanım Mehriban Əliyeva ilə birlikdə Azərbaycan xoşbəxt gələcəyə doğru inamla addımlayır və Birinci xanımın xüsusi diqqət və qayğısı ilə Azərbaycan idmanı hər zaman ən yüksək zirvələrdə olacaqdır.
Fərid Şərifov,
YAP üzvü, Paşa Holdinqin əməkdaşı