AZ

Qiymətləndiricilər Palatası hesabat verib

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) illik ümumi hesabat yığıncağı keçirilib. Tədbirdə Palata rəhbərliyi, üzvlər, qiymətləndirici təşkilatların nümayəndələri və müvafiq qurumların təmsilçiləri iştirak ediblər.

Yığıncaqda Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, hesabat dövrü Palatanın institusional möhkəmlənməsi, normativ bazasının təkmilləşdirilməsi və beynəlxalq inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm mərhələ olub. “Qiymətləndiricinin elektron portalı”nın istifadəyə verilməsini palatanın fəaliyyətində strateji əhəmiyyət daşıyan yenilik kimi dəyərləndirən N.İbrahimov bildirib ki, bu platforma qiymətləndirmə fəaliyyətində şəffaflığın artırılması, əməliyyat proseslərinin sürətləndirilməsi və məlumatların vahid, standartlaşdırılmış mühitdə idarə olunmasına xidmət edir. Vurğulanıb ki, portal, eyni zamanda, dövlət informasiya sistemləri ilə qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və gələcəkdə avtomatlaşdırılmış qiymətləndirmə modelinin tətbiqi üçün mühüm texnoloji baza rolunu oynayır.

Palata sədri diqqətə çatdırıb ki, hazırda Palatada 175 fərdi qiymətləndirici qeydiyyatdan keçib və onların 125-i qiymətləndirici təşkilatlarda fəaliyyət göstərir. Bu göstəricilər ölkədə qiymətləndirmə bazarının institusional inkişafının və Palatanın sahə üzrə aparıcı platforma kimi mövqeyinin gücləndiyini nümayiş etdirir. N.İbrahimov AQP-nin Beynəlxalq Qiymətləndirmə Standartlarına (IVS-2025) uğurla inteqrasiya olunduğunu qeyd edərək, bu istiqamətdə həyata keçirilən tədbirlərin qiymətləndirmə fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına xidmət etdiyini bildirib. 

Məruzəçi ötən il Palata rəhbərliyinin xarici səfərləri, eləcə də Bakıda keçirilən beynəlxalq tədbirlər çərçivəsində qurulan əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb. Beynəlxalq inteqrasiyanın əsas istiqamətlərindən biri kimi normativ və metodoloji bazanın beynəlxalq tələblərə uyğunlaşdırılması sahəsində əldə olunan nəticələr xüsusi qeyd edilib. 

Palata üzvlərinin çıxışları və müzakirələrindən sonra Azərbaycan Qiymətləndiricilər Palatasının 2026-cı il üçün fəaliyyət planı və büdcə layihəsi səsə qoyularaq təsdiq edilib. Yığıncaq qarşıdakı dövrdə qiymətləndirmə sahəsində institusional inkişafın davam etdirilməsi və beynəlxalq standartlara uyğun fəaliyyətin gücləndirilməsi ilə bağlı qərarlarla başa çatıb. 

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
3
xalqqazeti.az

7Mənbələr