Bugünədək isə Avropaya 54 milyard kubmetr “mavi yanacaq” ixrac edilib
Trans-Adriatik Qaz Kəmərinin (TAP) ötürücülük gücünün genişləndirilməsi üçün 2025-ci il bazar sınağının qeyri-məcburi fazasının yenidən nəzərdən keçirilməsi dövrü yanvarın 16-dək açıqdır. Bu barədə “Trans Adriatik Pipeline” (“TAP AG”) konsorsiumu məlumat verib.
Bildirilib ki, bu müddət ərzində bütün maraqlı tərəflər 2025-ci ilin iyul–sentyabr aylarında tələblə bağlı qəbul edilmiş qeyri-məcburi müraciətləri yenidən nəzərdən keçirə bilərlər. “Həmin dövrdə yeni iştirakçılara da tələbin qiymətləndirilməsi hesabatının hazırlanması zamanı nəzərə alınmaq üçün bazar sınağı çərçivəsində qeyri-məcburi müraciətlər təqdim etməyə imkan yaradılıb. Sənəd 3 qaz nəqli sisteminin operatoru tərəfindən birgə dərc ediləcək”.
“TAP AG” qeyd edib ki, əgər tələbin qiymətləndirilməsi hesabatının hazırlanmasında bazar testinin məcburi fazasına keçidin məqsədəuyğunluğu təsdiq olunarsa, bu zaman qaz kəmərinin növbəti genişləndirilmə mərhələsinə bir şərtlə başlanılacaq ki, ötürmə gücü üçün yetərli sayda məcburi uzunmüddətli müraciət təqdim edilsin. Bazar sınağı çərçivəsində daxil olan məcmu məcburi müraciətlər isə yekun investisiya qərarı qəbul edilməzdən əvvəl mütləq şəkildə iqtisadi məqsədəuyğunluq testindən keçəcək.
Konsorsiumdan onu da bildiriblər ki, yanvarın 1-dən kəmərin ötürmə gücü əlavə olaraq ildə 1,2 milyard kubmetr genişləndirilib ki, bu da Xəzər qazının Avropaya nəqlinə başlanmasından 5 il sonra baş verib. Qurumun qiymətləndirmələrinə görə, bu, TAP-ın etibarlılığını və Avropaya qaz tədarükünün şaxələndirilməsində əhəmiyyətli rolunu bir daha təsdiq edir.
2024-cü ilin yanvarında başlayan genişləndirmə işləri vaxtından əvvəl və təsdiqlənmiş büdcə çərçivəsində, cari qaz təchizatında fasilə olmadan və bütün təhlükəsizlik tələblərinə riayət olunmaqla başa çatdırılıb. Genişləndirmə çərçivəsində yeni kompressor aqreqatları quraşdırılıb, eləcə də Kipoi kompressor stansiyasında mövcud infrastruktur modernləşdirilib. Bu isə layihənin yüksək səviyyədə planlaşdırılmasını və əməliyyat dayanıqlılığını nümayiş etdirir.
Yeri gəlmişkən, TAP-ın Yunanıstandakı sistemlərarası birləşmələri, eləcə də qaz kəmərinin İtaliyada quruya çıxış nöqtəsi yükgöndərənlər üçün digər Avropa bazarlarına geniş giriş imkanları təmin edir.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP Azərbaycan qazının Xəzər regionundan Avropaya nəqli üçün nəzərdə tutulub. Uzunluğu 878 kilometr olan və 2020-ci il noyabrın 15-də kommersiya istismarına verilmiş qaz kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçir. Bu günədək Trans-Adriatik Qaz Kəməri vasitəsilə Avropaya 54 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilib.
Xatırladaq ki, ölkəmiz 2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə olunmuş razılaşmalara əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya tədarük həcmi ildə, ən azı, 20 milyard kubmetrə çatmalıdır.
XQ