Mövzu ilə bağlı Trend-ə açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, assosiasiyasının 300-ə yaxın üzvü fəaliyyət göstərir və üzvlər seçiləndə onların şəffaflığı, sağlam iş aparmaları və bütün işlərdə məsuliyyət hissi qiymətləndirilir:
"Müştəri ilə turizm şirkəti arasında müqavilə münasibətləri qurulmalıdır. Bu halda hansı tərəfin doğru və ya səhv etdiyi ortaya çıxa bilər. İkinci bir tərəfdən, şirkətlər də diqqətli olmalıdırlar. Bank hesabına tam ödəniş daxil olduqdan sonra müştəriyə turizm sənədləri təqdim edilməlidir. Bu müqavilədə də əks olunmalıdır".
O qeyd edib ki, bu şəkildə heç bir problem yaşanmaz və dələduzluq etmək istəyənlər də çəkinərlər.
Kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə isə Trend-ə açıqlamasında qeyd edib ki, son dövrlərdə turizm sektorunda müşahidə olunan bu cür dələduzluq halları klassik saxta ödəniş sxeminin daha peşəkar formada tətbiqidir. Dələduzlar psixoloji təsir və zaman amilindən ustalıqla istifadə edirlər:
"Müştəri qismində çıxış edən şəxs qısa müddət ərzində tur paketi sifariş edərək şirkəti tələsdirir, ödəniş etdiyini bildirir və qəbzin fotosunu təqdim edir. Bu qəbzlər əksər hallarda ya saxtalaşdırılmış olur, ya da ləğv edilmiş və yaxud icra olunmamış bank köçürmələrinə aid edilir. Əsas risk isə ondan ibarətdir ki, bəzi turizm şirkətləri bank sistemində mümkün gecikmələri nəzərə alaraq faktiki balans yoxlaması aparmadan, öz vəsaitləri hesabına bronlaşdırmanı həyata keçirirlər. Nəticədə dələduz heç bir real ödəniş etmədən tur paket əldə edir. Bu hallarda əsas problem texniki boşluqdan deyil, insan amilindən və daxili nəzarət mexanizmlərinin yetərincə güclü olmamasından irəli gəlir".
Ekspert qeyd edib ki, dələduzluq halları iki istiqamətdə artıb. Bir qrup şəxs tur şirkəti adı ilə vətəndaşları aldadır, digər qrup isə müştəri adı altında birbaşa şirkətlərin özünü hədəf alır.
"Bu da onu göstərir ki, problem təkcə fərdi ehtiyatsızlıqdan qaynaqlanmır, daha çox sistemli kiberdələduzluq tendensiyasından xəbər verir. Kibertəhlükəsizlik baxımından turizm şirkətlərinə tövsiyə olunur ki, hesaba real vəsait daxil olmadan heç bir rezervasiya və ya ödəniş əməliyyatı icra edilməsin. Yalnız bankdan rəsmi təsdiq alındıqdan və onlayn bank balansı dəqiq yoxlanıldıqdan sonra əməliyyat həyata keçirilməlidir.
Eyni zamanda, əməkdaşlar bu cür sosial mühəndislik üsulları barədə mütəmadi şəkildə maarifləndirilməli, daxili maliyyə nəzarət və yoxlama prosedurları daha da sərtləşdirilməlidir. Əks halda, bu tip halların artması təkcə maddi itkilərə deyil, həm də şirkətlərin reputasiyasına ciddi zərbə vuraraq turizm sektoruna olan ümumi etimadı sarsıda bilər", - deyə o əlavə edib.