Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bazar ertəsi günü ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Radio Azatutyunun (Azadlıq Radiosunun Erməni Xidməti) Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ona "dövlət televiziya kanalındakı bir proqramda verilən açıqlamalara görə dərin qəzəb" ifadə edən nota təqdim edilib.
Nazirliyin notasında "bunun Ermənistan Respublikasının suverenliyinə qarşı qəbuledilməz bir pozuntu" və "Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin fundamental prinsiplərinin kobud şəkildə pozulması" olduğu vurğulanıb.
Söhbət Rusiyanın ən tanınmış Kremlyönlü televiziya aparıcılarından müəllif verilişi olan "Vladimir Solovyovla axşam" verilişindən gedir. Son buraxılışında o, Ukrayna ssenarisinin, Ermənistan da daxil olmaqla, digər Respublikalara da tətbiq olunmasını müdafiə edib.
Solovyov onu da deyib ki, Rusiya Venesuelada ABŞ nümunəsini izləməlidir, yəni Nikolas Maduronu zorla ələ keçirmə əməliyyatında olduğu kimi, "beynəlxalq hüququ nəzərə almaya bilər". Solovyovun sözlərinə görə, Rusiya üçün Ermənistanı və Orta Asiya ölkələrini "itirmək" Venesuelanı "itirməkdən" daha pis olardı. "Beynəlxalq hüquqa, beynəlxalq nizama lənət olsun. Əgər milli təhlükəsizliyimiz üçün Ukraynada xüsusi hərbi əməliyyat başlatmalı idiksə, niyə eyni səbəblərə görə təsir zonamızın digər hissələrində xüsusi hərbi əməliyyat başlada bilmirik?" Solovyov bildirib.
Qeyd edilməlidir ki, bu, Solovyovun Rusiyanın qonşularına və ya Ermənistan da daxil olmaqla MDB ölkələrinə qarşı səsləndirdiyi ilk təhdid deyil. Elə 2024-cü ilin mart ayında onun orijinal proqramlarının RTR-Planeta televiziya kanalının multipleksində yayımı da bu tip "davamlı pozuntular səbəbindən" bloklanmışdı.
SAMİRƏ