AZ

Qanunsuz medal təsis edən QHT rəhbərləri ilə bağlı cinayət işləri məhkəməyə göndərildi » AzadMedia.az


Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatına görə, bir sıra qeyri-hökumət təşkilatlarının vəzifəli şəxsləri tərəfindən qanunsuz şəkildə medal və döş nişanlarının təsis edilməsi və təqdim edilməsi faktları üzrə aparılan ibtidai istintaq tamamlanıb.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev və “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucovun səlahiyyətləri olmadığı halda müxtəlif adda medal və döş nişanları təsis etdikləri müəyyən edilib.
İstintaqla həmin şəxslərin bu nişanları pul müqabilində və şəxsi münasibətlər zəminində çoxsaylı şəxslərə təqdim etməklə dövlət orden və medallarına münasibətdə cəmiyyətdə yanlış təsəvvür yaratdıqlarına əsaslı şübhələr formalaşıb. Qeyd edilib ki, bu hallar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunun, eləcə də “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunub.
Toplanmış sübutlar əsasında adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işləri baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Bununla yanaşı, bir sıra ictimai birlik və fondların üzvlərinin reyestrinin aparılmaması və nizamnamə tələblərinə uyğun fəaliyyət göstərməməsi faktları da aşkar edilib. Bu səbəbdən müvafiq təşkilatlar və onların rəhbərləri barəsində İnzibati Xətalar Məcəlləsinin 579-cu maddəsi üzrə inzibati icraatlar başlanaraq materiallar məhkəmələrə və Ədliyyə Nazirliyinə göndərilib.
Eyni zamanda, Baş Prokurorluq tərəfindən qeyri-hökumət təşkilatlarının qeydiyyatı və fəaliyyətinə nəzarətin gücləndirilməsi, nizamnamələrin qanunvericiliyə uyğunluğunun yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edildiyi bildirilib.
Seçilən
12
11
azadmedia.az

10Mənbələr