AZ

Ermənistanda istehsal edilən məhsullara Azərbaycan bazarında nə dərəcədə ehtiyac var?



Firdovsi Şahbazov: “Bazarda Ermənistan istehsalı olan şərab məhsullarına tələbat ola bilər”

Bakı ilə İrəvan arasında Ermənistan məhsullarının ixracının bərpası ilə bağlı danışıqlar aparılır. Müzakirələr çərçivəsində Ermənistandan Azərbaycana alüminium folqa, alüminium folqa üçün xammal, ferromolibden, ev heyvanları, konyak istehsalı üçün xammal, tütün və tekstil məhsullarının ixracı məsələləri nəzərdən keçirilir.

Bunu erməni mediasına açıqlamasında Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

Onun sözlərinə görə, bu prosesdə Azərbaycan tərəfdən də konkret məhsulların idxalında maraqlı olan şirkətlər var. Azərbaycan tərəfi maraq göstərdiyi məhsulların siyahısını təqdim edib, Ermənistan isə ixrac edə biləcəyi həcmlərlə bağlı məlumatları qarşı tərəfə göndərib. Ermənistanın təqdim etdiyi siyahıya qızılgüllər, eləcə də istixana məhsulları – pomidor və bibər də daxildir.

Ümumilikdə, Ermənistan istehsalı olan sadalanan məhsullara Azərbaycanda nə dərəcədə ehtiyac var və rəqabət baxımdan nə dərəcədə sərfəlidir?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, bütün təklif olunan Ermənistan istehsalı məhsullara Azərbaycanda tələbatın olduğunu demək doğru olmaz: “Bir sıra aqrar məhsullar var ki, onlar Azərbaycanda da istehsal edilir. Həm istehsal edilir, həm də ixrac edilir. Xüsusən də tərəvəz məhsulları. Bu baxımdan hesab etmirəm ki, Azərbaycan Ermənistandan qızılgüllər, eləcə də istixana məhsulları idxal etsin. Ona görə ki, həmin məhsullar ölkəmizdə istehsal edilir. Həm yerli tələbatı təmin etmək üçün, həm də ixrac məqsədilə istehsal edilir. Azərbaycan bazarında Ermənistan istehsalı olan şərab məhsullarına tələbat ola bilər. Çünki Ermənistan istehsalı olan bu məhsullar rəqabət qabiliyyətlidir. Ermənistan şərab məhsullarını əsasən Rusiyaya ixrac edir. Bütövlükdə, Azərbaycanda Ermənistana məxsus məhsullara tələbat daha çox iki ölkə arasında etimaddan asılı olacaq. İki ölkə arasında gərək etimad formalaşsın ki, məhsullara maraq da yaransın. O üzdən hesab edirəm ki, bu kimi məsələlər vaxt tələb edir”.

Vidadi ORDAHALLI

Seçilən
52
baki-xeber.com

1Mənbələr