Biz bu proqramı daxili vəsait hesabına da icra edə bilərdik. Ancaq ölkə qarşısında duran bir çox məsələlər var. Həm Qarabağın, Şərqi Zəngəzurun bərpası, ölkəmizin hərbi gücünün artırılması və həm də digər layihələr, sosial layihələr.
"Yeni Sabah" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.
Prezident bildirib ki, proqramın icrası nəticəsində yeni su anbarı tikilməlidir:
"Ona görə qeyd etdiyim kimi, biz iki mənbədən istifadə edəcəyik. Proqramın icrası nəticəsində yeni su anbarları tikilməlidir. Onların sayı 30-a yaxın olacaq. Bu da çox böyük, genişmiqyaslı infrastruktur layihələridir. Sayğaclaşdırma 100 faizə çatdırılmalıdır. Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq".
Telegram kanalımız