Paytaxtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə mərhələli keçid həyata keçirilsə də, bəzi marşrut xətlərində hələ də nağd ödəniş tətbiq olunur. Masazır qəsəbəsi - “Avtovağzal” metro stansiyası istiqamətində fəaliyyət göstərən 569 nömrəli marşrut xətti də bu qəbildəndir. Sərnişinlərin gündəlik istifadə etdiyi bu xəttdə kartla ödəniş imkanının olmaması həm vaxt itkisinə, həm də bəzən narazılığa səbəb olur.
Maraqlıdır, nağd ödəniş həyata keçirən avtobusların kartla ödəniş sisteminə keçidi yaxın gələcəkdə nəzərdə tutulurmu?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq.
AYNA-dan Ölkə.az-a bildirildi ki, ölkənin bütün nəqliyyat sistemində nağdsız ödəniş alətlərinin məhdudiyyətsiz tətbiqi qarşıya qoyulan əsas hədəflərdən biridir:
"İstifadəyə veriləcək “Brutto müqavilə” mexanizmi işə salındıqda bu proses daha da sürətlənəcək. İin sonuna kimi bütün parkın nağdsız ödəniş sistemi keçəcəyi gözlənilir. Hazırda paytaxtda cəmi 15% marşrutun nağdsız ödənişə keçməyi qalıb.
569 nömrəli marşrut müsabiqəyə çıxarılıb, qalib də müəyyən edilib. Yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək və nağdsız ödəniş təmin ediləcək".
Həmidə İbrahimova