"Xızı-Abşeron" Külək Elektrik Stansiyasının (KES) rəsmi açılışı enerji sektorunda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu stansiyanın ölkəmizin ümumi inkişafına töhfə verəcəyini vurğulayıb. 240 meqavat gücündə olan həmin layihə ümumi iqtisadi dayanıqlığın möhkəmlənməsi və bərpaolunan enerji siyasətinin genişlənməsində önəmli rol oynayacaqdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: ""Xızı-Abşeron" KES-in istismara verilməsi əlamətdar hadisədir. 2022-ci ilin yanvarında təməli qoyulan layihənin qısa müddət ərzində uğurla tamamlanması məqsədyönlü planlaşdırmanın və peşəkar icranın nəticəsidir. Dövlətimizin başçısı stansiyanın inşasında əməyi olan bütün qurumlara, xüsusilə investor kimi çıxış edən "ACWA Power" şirkətinə təşəkkürünü edib. Layihə "ACWA Power" şirkətinin Azərbaycanda inşa etdiyi ilk bərpaolunan enerji stansiyasıdır, lakin sonuncu deyil. Şirkətin gələcək planları daha genişmiqyaslıdır və bu planlar dövlət tərəfindən tam dəstəklənir. Bu şirkət bərpaolunan enerji sahəsində dünya miqyasında aparıcı şirkətlərdən biridir və Azərbaycan qurumları ilə sıx əməkdaşlıq çərçivəsində yeni layihələrin icrasında maraqlıdır. Xüsusilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin də məhz həmin şirkət tərəfindən investor kimi həyata keçiriləcəyi diqqətə çatdırılıb.Layihənin tikintisində baş podratçı kimi iştirak edən "Power China" şirkətinin fəaliyyəti də yüksək qiymətləndirilir. Sözügedən şirkət təkcə podratçı kimi deyil, gələcəkdə investor qismində də müxtəlif layihələrdə iştirak etməyi planlaşdırır. Bu isə enerji sektorunda beynəlxalq əməkdaşlığın daha da dərinləşəcəyindən xəbər verir. Son illərdə yeni generasiya güclərinin istismara verilməsi mürəkkəb və yüksək məsuliyyət tələb edən prosesdir. Bərpaolunan enerji növlərinin böyük həcmdə enerji sisteminə inteqrasiyası yüksək peşəkarlıq, müasir texniki yanaşma və ciddi maliyyə resursları tələb edir. Qarşıdakı illərdə bu sahədə layihələrin miqyası daha da genişlənəcəkdir"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31