AZ

Toğrul Əsədullayev: Kamança mənim taleyimə çevrilib

Bakı, 12 yanvar, Gülay Nəzərova, AZƏRTAC

Kamança Azərbaycan milli musiqi mədəniyyətinin əsrlərdən bəri formalaşmış simli alətlərindən biridir. Xalqın sevinc və kədərini, duyğu və yaşantılarını öz səsində əks etdirən kamança muğam sənətinin əsas daşıyıcılarından sayılır. Onun kövrək, eyni zamanda dərin və təsirli səsi muğamın fəlsəfəsini dinləyiciyə bütün dolğunluğu ilə çatdırmaq gücünə malikdir.

İstedadlı kamança ifaçısı, Əməkdar artist, Prezident mükafatçısı Toğrul Əsədullayev AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı sənətə sonsuz sevgisindən, özünün yaradıcılıq yolundan, milli musiqi irsimizin təbliği sahəsində gördüyü işlərdən danışıb.

Toğrulu kamançaya bağlayan ən əsas cəhət ilk növbədə ailədən gəlir. Musiqiçi ailəsində dünyaya göz açan sənətkarın atası görkəmli kamança ifaçısı Əməkdar artist Mirnazim Əsədullayev, anası isə kamança müəllimi Dilara Əsədullayevadır. Uzun illər bu sahədə çalışan və sənətin çətinliklərini yaxşı bilən Mirnazim müəllim əvvəllər oğlunun kamança ifaçısı olmaq arzusunu ötəri bir həvəs hesab edib. Lakin zaman keçdikcə Toğrulun kamançaya olan sevgisi onun potensialını və istedadını aydın şəkildə üzə çıxardıb: “Sonralar atam mənim bu alətə olan vurğunluğumu hiss edərək xeyir-dua verdi. İlk növbədə musiqiyə sevgim və kamança ifaçılığına böyük həvəs məni bu yola çıxartdı”.

O, heç vaxt atasının adından istifadə edərək nəyəsə nail olmağa çalışmayıb: “Atam hesab edirdi ki, digər tələbələr necə zəhmət çəkirsə, mən də elə çalışmalıyam. Bu da məni daha məsuliyyətli olmağa vadar edirdi”.

Toğrul Əsədullayev vurğulayıb ki, musiqidə yalnız istedad kifayət etmir, zəhmət və səbir əsas şərtdir: “İlk mərhələdə, xüsusən ilk addımlar atarkən kimsə sənə dəstək ola bilər, amma sonrakı mərhələlərdə artıq hər şey sənin qabiliyyətindən asılıdır”.

Hazırda pedaqoji fəaliyyətlə də məşğul olan sənətkar Azərbaycan Milli Konservatoriyasında və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyərək gənc ifaçıların yetişməsinə töhfə verir. Onun dediyinə görə, muğam sənətinə dövlət tərəfindən göstərilən diqqət və dəstək gənclərin bu musiqiyə marağını daha da artırıb: “Xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın muğam layihələrinə verdiyi dəstək gənc ifaçılar üçün böyük stimul oldu. Gənclər arasında muğama olan maraq məni çox sevindirir. Bir vaxtlar onu dinləmək yalnız yaşlı nəslin marağında idisə, indi gənclər də muğam konsertlərinə gəlir, ifaçılarla maraqlanır və onları yaxından tanıyırlar”.

Toğrul Əsədullayev, həmçinin Beynəlxalq Muğam Mərkəzinin solistidir. O, mərkəzdə təşkil olunan konsertlərdə dinləyicilər arasında gənclərin sayının çoxluğunu xüsusi olaraq qeyd edib: “Gənclərin bu sahəyə marağı son illər xüsusilə nəzərəçarpacaq dərəcədə artmaqdadır. Muğam və milli musiqi sənətinə göstərilən bu maraq gənc nəslin öz mədəni irsinə daha dərindən bağlanmasından xəbər verir. Konsertlərdə, xüsusilə Beynəlxalq Muğam Mərkəzində təşkil olunan proqramlarda gənc dinləyicilərin çoxluq təşkil etməsi bu sahənin gələcəyi üçün ümidverici göstərici hesab olunur. Tamaşaçı bilet alıb gəlirsə, bu, muğama olan marağın ifadəsidir. Bir dəfə gəlib izləyənlər sonra növbəti konsertlərə üz tuturlar. Tədricən onların sevimli xanəndələri, ifaçıları yaranır. Bu, onu göstərir ki, muğam onların ruhuna toxunur”.

Onu da qeyd edək ki, Toğrul Əsədullayevin ifa etdiyi “Nəva”, “Bayatı-Şiraz”, “Çahargah”, “Şur”, “Hümayun” və “Rahab” kimi muğamlar Azərbaycan Dövlət Teleradio Şirkətinin Qızıl Fondunda saxlanılır. Sənətkar hesab edir ki, kamança ifaçısı olmaq yalnız texniki bacarıq deyil, həm də daxili hissləri dinləyici ilə paylaşmaq, böyük səbir və zəhmət tələb edən bir sənət yoludur.

Əməkdar artist beynəlxalq səhnələrdə də Azərbaycanı uğurla təmsil edir. İndiyədək 50-yə yaxın ölkədə çıxış edən Toğrul Əsədullayev öz ifaları ilə milli musiqimizi əcnəbi dinləyiciyə sevdirməyi bacarıb. O, Azərbaycanın hüdudlarından kənarda təşkil olunan konsertləri yalnız bir musiqi təqdimatı kimi deyil, həm də milli mədəniyyətimizin təbliği və Azərbaycan sənətinin qlobal aləmdə dəyərinin nümayişi kimi qiymətləndirir.

Gələcək planlarından danışarkən sənətkar qeyd edib ki, qarşıdakı dövrdə həm yeni musiqi layihələri üzərində işləyəcək, həm də milli ifaçılıq sənətimizin dünyada daha geniş tanınması üçün öz imkanlarından bacarıqla istifadə etməyə çalışacaq: “İstər ifaçı, istər müəllim, istərsə də Azərbaycan musiqiçisi kimi öz məsuliyyətimi dərindən dərk edirəm. Kamança mənim taleyimdir və onu yaşatmaq, gənclərin musiqiyə, muğama və milli alətlərimizə marağını artırmaq mənim üçün ən böyük missiyadır. Üzərimə həm də ailə ənənəsini davam etdirmək missiyası düşüb. Onların hər birini ləyaqətlə yerinə yetirmək istəyirəm”.

Toğrul çox sevdiyi ecazkar musiqi dünyası haqqında danışır. Doğrudan da, musiqi və muğam dünyası çox gözəldir. İllah da ki, ona belə məhəbbət olanda...

 

Seçilən
27
1
azertag.az

2Mənbələr