Möhtərəm cənab Prezident, əvvəlcə Bakı şəhərində və Abşeron yarımadasında bugünkü sosial-iqtisadi inkişaf və demoqrafik artımla əlaqədar bəzi məlumatları diqqətinizə çatdırmaq istəyirəm ki, bunlar da bu proqramın hazırlanmasında əsas amillərdən biridir.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı və Abşeron yarımadasında su təchizatına dair müşavirədə deyib.
"Bakı şəhərindəki su və kanalizasiya sistemləri əsasən 1980-ci illərin sonuna qədər hazırlanmışdır və o gündən bu günə qədər yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə artmışdır. Əsas magistral xətlərin istismar müddəti çoxdan başa çatdırmışdır, müasir nəzarət sistemləri də standartlara heç bir şəkildə cavab vermir. Bunların çoxunun ömrünün 40-50 il olmasını nəzərə alsaq, onların istismar müddəti artıq başa çatdırmışdır. Əksər yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması ilə sistemlərdə əlavə yükləmələr yaranmışdır. Vaxtilə Bakıda mövcud olan yağış sistemlərinin hamısı 1990-cı illərdə kanalizasiya kollektoruna çevrilmişdir.
Əsas kollektorların maksimal ötürücülük qabiliyyəti, formalaşan su miqdarının az olması təbii ki, həm yuxarıda göstərdiyimiz kimi əhalinin artması, həm də yağış sularının həmin kollektora axıdılması ilə əlaqədardır.