AZ

Azərbaycan yaşıl enerji strategiyasını real icra mərhələsinə keçirir ŞƏRH

Bakı, 12 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin yerli televiziya kanallarına son müsahibəsi Azərbaycanın yaşıl enerji strategiyasının artıq konseptual mərhələdən real icra mərhələsinə keçdiyini nümayiş etdirir. Dövlətimizin başçısının səsləndirdiyi faktlar və rəqəmlər göstərir ki, Azərbaycan artıq Avrasiya məkanında yaşıl enerji istehsalı və ötürülməsi baxımından mühüm enerji mərkəzinə çevrilməkdədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın yalnız külək enerjisi üzrə potensialı 150 giqavatdan artıqdır. Bu göstərici ölkənin mövcud elektrik istehsal gücündən dəfələrlə çoxdur və strateji baxımdan Azərbaycanı uzunmüddətli enerji təhlükəsizliyi ilə yanaşı, enerji ixracatçısı statusunun yeni “yaşıl” mərhələsinə çıxarır. Eyni zamanda, Günəş enerjisi üzrə həm quruda, həm də azad edilmiş ərazilərdə geniş imkanların mövcudluğu ölkənin enerji balansının diversifikasiyasını sürətləndirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.

O bildirib ki, bu strategiyanın mühüm elementlərindən biri qlobal enerji şirkətləri ilə tərəfdaşlıqdır. Hazırda yaşıl enerji sahəsində əsas investorlar dünyanın aparıcı enerji şirkətləridir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə birinci Günəş elektrik stansiyası bu əməkdaşlığın ilkin real nəticəsidir.

Yanvarın 8-də istismara verilmiş 240 meqavat gücündə ikinci stansiyanın investoru isə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. Paralel olaraq, bp şirkəti tərəfindən Cəbrayıl rayonunda 240 meqavat gücündə üçüncü böyük stansiyanın inşası davam etdirilir. Çin və Türkiyə şirkətlərinin də bu sahəyə artan marağı Azərbaycanın yaşıl enerji bazarının beynəlxalq etimad qazandığını təsdiqləyir.

“Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət çəkən məqamlardan biri enerji sisteminin qəbul və ötürmə imkanlarının genişləndirilməsi zərurəti ilə bağlıdır. Artıq dənizdə və quruda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə Günəş və külək elektrik stansiyalarının xəritəsi təsdiqlənib. Mövcud planlara əsasən, 2030-cu ilə qədər 6 min meqavat, 2032-ci ilə qədər isə 8 min meqavat bərpaolunan enerji mənbələrinin ölkənin enerji sisteminə daxil edilməsi nəzərdə tutulur. Bu həcmdə enerjinin effektiv şəkildə idarə olunması üçün ötürücü şəbəkələrin, yarımstansiyaların və enerji mərkəzlərinin gücləndirilməsi strateji prioritet kimi müəyyənləşdirilib.

Bu kontekstdə batareya saxlanc sistemlərinin qurulması xüsusi əhəmiyyət daşıyır. Dövlət xətti ilə artıq təxminən 250 meqavat gücündə ilk batareya sistemləri quraşdırılır. Qısamüddətli planlarda ümumilikdə 8 giqavatlıq enerji istehsalı, uzunmüddətli perspektivdə isə 20, 30, hətta 40 giqavat enerji qəbul və ötürmə qabiliyyətinə malik sistemlərin formalaşdırılması hədəflənir. Bu, Azərbaycanın enerji infrastrukturunun keyfiyyətcə yeni mərhələyə keçidi deməkdir.

Azərbaycanın yaşıl enerji siyasəti konkret və ölçülə bilən hədəflər üzərində qurulub. Texniki potensial baxımından yaşıl enerji mənbələri quruda 135 giqavat, Xəzər dənizində isə 157 giqavat səviyyəsində qiymətləndirilir. Bu göstəricilər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynaya biləcəyi rolu daha da artırır”, - deyə A.Kərimli vurğulayıb.

Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji zonası” elan edilib. Bu ərazilərdə bərpaolunan enerji resurslarının texniki potensialı Qarabağda və Şərqi Zəngəzurda 10 giqavat, Naxçıvanda isə 5 giqavat həcmində qiymətləndirilir. Elektrik enerjisinin istehsalında bərpaolunan enerji mənbələrinin payının 2027-ci ildə 25 faizə, 2030-cu ildə isə 30 faizə çatması proqnozlaşdırılır. Hazırda icra olunan birinci mərhələ (2027-ci ilin sonunadək) çərçivəsində təxminən 2 giqavat, sonrakı beş il və daha uzun dövrdə isə əlavə 6 giqavatdan çox bərpaolunan enerji güclərinin istismara verilməsi planlaşdırılır. Birinci mərhələdə istehsal edilən enerjinin əsas təyinatı daxili istehlak olacaq, sonrakı mərhələdə isə iqtisadi səmərəlilik prinsipi əsasında ixrac və data mərkəzlərinin enerji təminatı əsas prioritetə çevriləcək. Bu layihələrin icrası nəticəsində ildə 5,1 milyard kilovat/saat elektrik enerjisi istehsal ediləcək, 1,1 milyard kubmetr təbii qaza qənaət olunacaq və 2,4 milyon ton istixana qazı emissiyasının qarşısı alınacaq.

“Su elektrik stansiyaları (SES) da Azərbaycanın yaşıl enerji portfelində mühüm yer tutur. Hazırda 1444 meqavat gücündə olan SES-lər ümumi qoyuluş gücünün 14,7 faizini təşkil edir və 2030-cu ilə qədər bu göstəricinin 1800 meqavata çatdırılması planlaşdırılır. Azərbaycanın su ehtiyatlarının 25 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında formalaşır. Hazırda bu ərazilərdə 307 meqavat gücündə 38 su elektrik stansiyası fəaliyyət göstərir və 2030-cu ilə qədər “Xudafərin” və “Qız Qalası” daxil olmaqla ümumi gücün 600 meqavatı keçməsi gözlənilir.

Bütün bunlarla yanaşı, Azərbaycan yaşıl enerji dəhlizləri vasitəsilə regional və qlobal enerji arxitekturasında mühüm tranzit ölkəyə çevrilir. Xəzər–Qara dəniz–Avropa, Mərkəzi Asiya–Azərbaycan, Azərbaycan–Türkiyə–Avropa, eləcə də Azərbaycan–Türkiyə–Gürcüstan–Bolqarıstan yaşıl enerji dəhlizləri ölkənin strateji mövqeyini daha da möhkəmləndirir.

2025-ci ildə elektroenergetika sektorunda görülən işlər də bu strategiyanın davamlı xarakter daşıdığını göstərir. “8 Noyabr” Elektrik Stansiyasının və azad edilmiş ərazilərdə su elektrik stansiyalarının istismara verilməsi nəticəsində enerjisistemin qoyuluş gücü 15,6 faiz artaraq 9732,5 meqavata çatdırılıb. Eyni zamanda, kiçik modul reaktorlar da daxil olmaqla nüvə texnologiyalarının tətbiqi üzrə araşdırmalara başlanılıb və bu prosesin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” SES-lərinin tikintisi, eləcə də Naxçıvan enerji sisteminin reabilitasiyası istiqamətində aparılan işlər Azərbaycanın enerji müstəqilliyini daha da gücləndirir”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və təqdim olunan rəqəmlər göstərir ki, Azərbaycanın yaşıl enerji strategiyası təkcə ekoloji məsuliyyət deyil, eyni zamanda, iqtisadi inkişaf, geosiyasi təsir və milli təhlükəsizlik konsepsiyasının ayrılmaz hissəsidir. Bu strategiya ölkəni XXI əsrin enerji çağırışlarına hazır edən, onu regional enerji mərkəzindən qlobal yaşıl enerji oyunçusuna çevirən uzunmüddətli dövlət siyasətidir.

Seçilən
56
azertag.az

1Mənbələr