AZ

Taleh Məmmədov: Ölkə çempionatı gənc güləşçilərin bacarıqlarını göstərməsi üçün əla şans idi

 

Bakı, 12 yanvar, AZƏRTAC

Güləş üzrə ölkə çempionatı təşkilatçılıq baxımından əvvəlki illərlə müqayisədə daha peşəkar və yüksək səviyyədə keçirildi. Açılış mərasimi, idmançıların döşəyə çıxışı və ümumi atmosfer baxımından yarış beynəlxalq turniri xatırladırdı. Elə bilirdik ki, Avropa və ya dünya çempionatındayıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran yunan-Roma güləşçisi Taleh Məmmədov deyib.

O bildirib ki, bəzi təcrübəli idmançıların zədə və xəstəlik səbəbindən yarışda iştirak etməməsi gənclər üçün əhəmiyyətli fürsət yaradıb: “Gənclərə özlərini göstərmək üçün imkan yarandı. Bu, onlar üçün əla şans idi. Fürsətdən yararlanaraq özlərini göstərdilər. Xüsusilə 60, 67 və 72 kiloqram çəki dərəcələrində çıxış edən gənclər çempion oldular. Bu yarış onlar üçün həm də böyük təcrübə oldu”.

T.Məmmədov bildirib ki, yarışda 60 kiloqramda çıxış edən və çempion olan güləşçi onun diqqətini daha şox cəlb edib: “Bu çəkidə ilk dəfə ölkə çempionatında çıxış edən və uğur qazanan 18 yaşlı güləşçimiz Ayxan Cavadovun çıxışını xüsusilə fərqləndirmək istərdim. Sanki illərdir böyüklər arasında döyüşür. Çox xoş təsir bağışladı. O, taktiki cəhətdən səhvsiz güləşdi. Təcrübəli rəqiblərlə qarşılaşsa da, inamla qalib gəldi. Düşünürəm ki, gələcəkdə həmin çəki dərəcəsində Nihat Məmmədliyə ciddi rəqib ola bilər. 67 və 72 kiloqramda isə gənclərimiz qızıl medallara sahib çıxdılar. Bu çəkilərdə Həsrət Cəfərov və Ülvi Qənizadə liderdilər. Bu gənclər öz üzərilərində işləyib təcrübəli güləşçilərimizin yerini tuta bilərlər. Digər çəkilərdə isə ciddi dəyişikliklər olmadı, əsasən daha əvvəl də tanınan və təcrübəsi olan güləşçilər mübarizə apardılar”.

Keçmiş güləşçi milli komandaya gedən yolun ölkə çempionatından keçdiyini vurğulayıb: “Yığmanın tərkibinə namizəd olan idmançılar ölkə çempionatında ilk beşliyə düşənlər arasından seçilir. Onlar millinin əsas heyətində məşqlər keçirlər. Burada ciddi rejimə əməl olunur. Məşqçilər onlara məşq keçməklə, həm də gələcək yarışlara şans verir. Kim özünü yaxşı tərəfdən göstərirsə, onun üzərində daha çox işləyirlər, səhvlərini aradan qaldırırlar və gələcək böyük yarışlara hazırlayırlar. Hər bir idmançı üçün yığmaya düşmək gələcək karyerasını möhkəmləndirmək baxımından böyük imkan sayılır”.

 

Seçilən
63
azertag.az

1Mənbələr