AZ

Şəhid Rəşad Təhməzovun bu gün doğum günüdür - QHT sədri yazır

Gənc yaşında qəhrəmanlıq dastanı yazan şəhid Rəşad Təhməzovun bu gün doğum günüdür.

Hər dəfə Xəzər rayonu Qala qəsəbəsinə gedərkən yolun kənarında nurani simalı Rəşad Təhməzovun şəklini görürəm. Etinasız ötüb keçmək mümkün deyil. Bu şəkil həm bir qəhrəmanımızı bizə tanıtdı, həm də tariximizin çox şərəfli məqamını yaddaşımıza həkk edir. Azərbaycan xalqının tarixinə şərəflə yazılan II Qarabağ müharibəsi dövründə torpaqlarımızın işğaldan azad edilməsi zamanı qəhrəmanlıq nümayiş etdirən igidlərdən biri Təhməzov Rəşad Qərib oğludur. O, tarixi Zəfərimiz naminə düşmənə qarşı son nəfəsinədək vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. Rəşad Təhməzov 12 yanvar 2002-ci ildə Qobustan rayonu Ərəbşalbaş kəndində anadan olub. Bakı şəhəri Xəzər rayonun Qala qəsəbəsində böyüyüb və təhsil alıb. 92 saylı orta məktəbi bitirdikdən sonra bir müddət ticarət sahəsində çalışıb. Daha sonra onun hərbi xidmət dövrü başlayıb. 2020-ci ilin yanvar ayının 12-də 18 yaşı tamam olan Rəşad elə həmin ayın 24-də həqiqi hərbi xidmətə yola düşüb. Goranboy rayonunda, N saylı hərbi hissədə xidmət keçən əsgər sonuncu dəfə sentyabrın 23-də ailəsi ilə telefon əlaqəsi yaradıb və ondan nigaran qalmamağı tövsiyə edib. “Bizi təlimə aparırlar, əgər mənim telefonuma zəng çatmasa nigaran qalmayın. İmkan olan kimi özüm sizə zəng edəcəm” - deyib. Hərbi xidmətdə olan Rəşad Vətən müharibəsi başladıqdan sonra döyüşlərə qoşulub. Sərrast atıcılıq qabiliyyəti onu hamıdan fərqləndirib. O, həm də mükəmməl topçu kimi də müharibə dönəmində yüksək nəticə əldə edib. Rəşadın döyüş yoldaşları onun insan kimi mübarizliyindən, hərbçi kimi şücaətindən hər zaman danışırlar. Rəşad Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Şəhidimizin atası Qərib kişi: “Rəşadın yanında əsgər yoldaşları olub, yaralananda ona ilkin yardım göstərilib, yaralarını sarıyıblar. Lakin hospitala çatdırmaq mümkün olmur, yolda şəhid olur. Ciyərindən bir qəlpə yarası almışdı. Rəşad ən ali məqama şəhidlik zirvəsinə yüksəldi. Rəşad kimi övladla qürur duyuram. O, cəsurluğu, qəhrəmanlığı ilə həm mənim, həm də millətin başını uca etdi”. Şəhidimizin uşaqlıq dövrünü xatırlayan atası daha sonra qeyd edib: “Rəşad uşaqlıqdan vətənpərvər, qəlbində ilahi eşqi yaşadan imanlı uşaq olub. Onun bu qədər ilahi eşqə bağlılığı idi ki, o, hərbi xidmət keçdiyi dövrdə ibadətindən geri qalmayıb. Hətta bu gün onun döyüş yoldaşları, komandirləri bizim evə gələndə Rəşadın imanlı və fədakar əsgər olmasından söhbət açırlar. Komandiri qeyd edirdi ki, Rəşad hərbi tapşırıqları yüksək bacarıqla, hətta bəzən qaçaraq yerinə yetirirdi”. Şəhidimizin bacısı Rəvanə xanım: “Tək qardaşımı deyil, həm də dostumu, sirdaşımı itirdim. Rəşad evin sonbeşiyi olduğundan onu anamızla bərabər böyütmüşük. Ona görə də, onu övladım kimi sevirdim. Şəhid bacısı olmaq qürurverici bir hissdir”. Qeyd edək ki, Şəhid Təhməzov Rəşad Qərib oğlu ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü" medalları ilə təltif edilib. Əziz, qəhrəman qardaşlarımız, Siz qalib gəldiniz! Qazandığınız qələbəni Azərbaycana halal edin! Sizin misilsiz qəhrəmanlığınız hesabına beli bükülmüş ruhumuza rahatlıq gəldi. Azərbaycanın tək torpağı deyil, həm də qüruru özünə qayıtdı. Ona görə, hər zaman deyirik və yazırıq şəhidlər ölməz, Vətən bölünməz! Mənbə: Əkrəm Bəydəmirlinin “Şəhidlər ölməz, Vətən bölünməz” kitabı

Seçilən
18
qht.az

1Mənbələr