AZ

Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır

Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ilə ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı.

Aznews.az Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun ötən beş il ərzində Agentliyin fəaliyyəti, ölkədə həyata keçirilən media islahatlarının gedişi və qarşıda duran vəzifələr barədə AZƏRTAC-a müsahibəsini təqdim edir.

- Əhməd müəllim, Medianın İnkişafı Agentliyinin beşillik fəaliyyətinə nəzər saldıqda hansı məqamları vurğulamaq istərdiniz?

- Azərbaycanda həyata keçirilən media islahatlarının beşillik mərhələsinə nəzərə saldıqda inamla deyə bilərik ki, qarşıda qoyulmuş vəzifələrin hər birinin yerinə yetirilməsi istiqamətində sistemli addımlar atılıb, ölkənin media ekosisteminin müasirləşdirilməsi, yeni trendlərə uyğunlaşdırılması baxımından praktik nəticələr əldə olunub. Medianın inkişafının dəstəklənməsi, bu sahədə peşəkarlığın artırılması və rəqəmsallaşmanın stimullaşdırılması, eyni zamanda, cəmiyyət tərəfindən mediaya etimadın yüksəldilməsi islahatların mahiyyətini təşkil edən vacib amillərdir. Əldə olunmuş nailiyyətlərin əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması, cənab Prezidentin həm cəmiyyətin informasiya təminatında, həm də ictimai nəzarətin həyata keçirilməsində medianın fəaliyyətinə verdiyi daimi dəstək dayanır ki, bu da konkret nəticəyönümlü islahatların daha inamlı həyata keçirilməsi prosesində müstəsna əhəmiyyət daşıyır. Eyni zamanda, medianın sağlamlaşması və müasirləşməsi tendensiyasının vacibliyini anlayan ölkənin media ictimaiyyətinin və cəmiyyətimizin islahatların davamlılığına konseptual yanaşması, həmrəyliyi bu illər ərzində görülmüş işlərə münasibətin göstəricisidir.

Məlumdur ki, cənab Prezident "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı 44 günlük Vətən müharibəsində möhtəşəm zəfərimizdən az vaxt keçdikdən sonra imzalamaqla cəmiyyətin informasiya təminatının yaxşılaşdırılmasına dövlətin həssas yanaşmasını nümayiş etdirmiş oldu. Fərmandan irəli gələrək tətbiq olunmuş yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaradan, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan verib. Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanlarının və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi Medianın İnkişafı Agentliyinin əsas prioritetlərindən olub.

Qlobal rəqəmsallaşma prosesləri bütün dünyada yeni və dinamik media mühitinin formalaşmasına gətirib çıxarıb. Milli media məkanının müasir tendensiyalara uyğun inkişaf etməsi və media mesajlarının həm ölkədaxili, həm də ölkəxarici auditoriyaya operativ və dolğun çatdırılması məqsədilə yerli media məkanında həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə bu sahədə fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarının yenilənməsinə, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı kimi məsələlərin daha təkmil formada nizamlanmasına yönəlmiş tədbirləri ehtiva edir.

- Media islahatlarının əsas tərkib hissəsi olan "Media haqqında" Qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ kimi qiymətləndirilir. Ümumiyyətlə, islahatların gedişində əldə olunmuş nəticələrlə yanaşı, yaxın perspektiv hədəflər barədə nə deyə bilərsiniz?

- Azərbaycanda həyata keçirilən media islahatlarının "yol xəritəsi" funksiyasını yerinə yetirən "Media haqqında" Qanun ötən dövr ərzində ölkənin informasiya mühitinin sağlamlaşdırılması və qorunması sahəsində öz praktik əhəmiyyətini təsdiqləyib. Xatırlatmaq istərdik ki, Qanun layihə formasında parlamentdə müzakirəyə çıxarılanadək aparıcı media subyektlərində onun təqdimatı olub və yüzlərlə jurnalistin, media nümayəndəsinin və ekspertinin iştirakı ilə müzakirəsi həyata keçirilib. Qanunun parlament səviyyəsində də dəfələrlə ictimai müzakirəsi təşkil olunub. Bir çox ekspertlər haqlı olaraq "Media haqqında" Qanunu dövlət büdcəsi haqqında Qanundan sonra cəmiyyətdə böyük maraq doğurmuş və geniş müzakirə olunmuş hüquqi akt kimi dəyərləndiriblər. "Media haqqında" Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. Qanun qüvvəyə mindikdən sonra "Media Reyestrinin aparılması Qaydaları"nın icrası təmin edilib, media subyektlərinə və jurnalistlərə dair məlumatların sistemləşdirilməsi prosesinin hüquqi tənzimlənməsi həyata keçirilib.

Əlamətdar haldır ki, cənab Prezident 2022-ci il 8 fevral tarixində, yəni Qanunu təsdiqləməsi ilə eyni gündə güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olan şəxslərin siyahısına jurnalistlərin də daxil edilməsini nəzərdə tutan Fərman imzalayıb. Bu addım cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək kimi şərəfli bir peşəni icra edən jurnalistləri digər dəyərli peşə sahibləri ilə eyni sıraya daxil etməklə jurnalist əməyinə dövlətin yüksək diqqət və qayğısının bariz nümunəsi olub.

Bildiyiniz kimi, bu ildən media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin gəlir (mənfəət) vergisindən azadolma müddəti artırılıb. Mediaya bu iqtisadi güzəştlər 2023-cü il yanvarın 1-dən tətbiq edilməyə başlanılıb. Media sahəsində dövlətin qərarlarının məzmununa nəzər salsaq görərik ki, Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində olub. Medianın İnkişafı Agentliyi də öz işini media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin formalaşdırılması, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması üzərində qurub. Vurğulamaq istərdik ki, media islahatlarının bu təməl yanaşmasının bundan sonra da davam etdirilməsi prioritet hədəflərimizdəndir.

- Beş il ərzində Agentlik tərəfindən jurnalist peşəkarlığının artırılması istiqamətində addımların, eyni zamanda mediaya dəstək layihələrinin həyata keçirilməsinin davamlılığı təmin olunub. Növbəti mərhələ üçün bu istiqamət əsas götürüləcəkmi?

- Azərbaycan mediasının güclü olması, insanları ictimai məzmunlu informasiya ilə yüksək səviyyədə təmin etməsi, vurğuladığınız hər iki amillə, yəni həm jurnalist peşəkarlığının artırılması, həm də media subyektlərinin güclənməsi ilə bilavasitə bağlıdır. Bu baxımdan, gələcəkdə də bu xətt öz aktuallığını qoruyub saxlayacaq. Ölkəmiz sistemli şəkildə dezinformasiya təhdidləri ilə üzləşir, müasir çağımızda informasiya mühitimizi çirkləndirməyə yönəlmiş addımların intensivliyi əvvəlki illərlə müqayisədə daha da artıb. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycanın nüfuzu möhkəmləndikcə, beynəlxalq müstəvidə öz layiqli yerini tutduqca ona qarşı müəyyən qarayaxma kampaniyaları da geniş vüsət alır. Azərbaycan mediası yalnız daxili auditoriyanı məlumatlandırmaqla öz işini bitmiş hesab etməməlidir, bununla yanaşı, dezinformasiya təhdidlərinə cavab vermək, ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmaq kimi vacib missiya da bizim medianın üzərinə düşür. Məsələyə bu kontekstdən yanaşdıqda media subyektlərinin rəqabətə davamlılığının artırılmasını, jurnalistlərimizin daha da peşəkarlaşmasını olduqca vacib amil kimi dəyərləndirə bilərik.

Nizamnaməsinə uyğun olaraq Agentlik Azərbaycanda medianın inkişafı prosesini stimullaşdırmaq məqsədilə yüksəkkeyfiyyətli jurnalistikanı təşviq etmək üçün yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə inkişaf proqramlarının icrası, müvafiq sahədə kadr potensialının gücləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi, regional media üçün əlverişli mühitin yaradılması kimi bir sıra istiqamətlərdə media dəstək layihələri həyata keçirir. Media nümayəndələrinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə peşəkar və sahəvi jurnalistikanın inkişafı istiqamətində il ərzində yerli və xarici ekspertlərin iştirakı ilə müxtəlif tədbirlər və inkişaf proqramları həyata keçirilməkdədir. Medianın İnkişafı Agentliyinin ADA Universiteti ilə uğurlu tərəfdaşlığı çərçivəsində təkcə ötən il 250-yə yaxın media nümayəndəsi üçün yerli və xarici ekspertlərin təlimçi qismində cəlb olunması ilə "Azərbaycan mətbuat tarixi", "Media etikası", "Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik", "Data Jurnalistikası", "Media, miflər və yanlış təsəvvürlər: Mediada Süni İntellekti necə səmərəli şəkildə istifadə edə bilərik", "Süni intellektin mediada tətbiqi", "Storytelling": müasir publisistikanın yeni narrativləri və aktual trendləri" mövzularında təlimlər təşkil edilib.

Ötən il Medianın İnkişafı Agentliyinin və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan "Euronews" telekanalının birgə əməkdaşlığı ilə daim dəyişən media mühitində tələbatlı məzmun yaratmaq, müasir media tendensiyalarını effektiv tətbiq etmək və oxucu vərdişlərinə uyğun yeni media texnikalarını anlamaq məqsədilə yüksəkkeyfiyyətli təlim proqramları təqdim edən "Euronews Academy" Azərbaycanda fəaliyyətə başlayıb. Beynəlxalq tədris platforması tərəfindən media nümayəndəsi, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə marağı olan tələbələr üçün "Rəqəmsal Jurnalistika" və "TV və canlı jurnalistika" mövzularında ümumilikdə 3 moduldan ibarət təlim proqramları icra edilib.

Onu da qeyd etmək istərdik ki, Azərbaycanda elə bir media subyekti yoxdur ki, beş il ərzində Agentliyin həyata keçirdiyi təlim proqramlarından kənarda qalsın. Hər il artan statistik göstəricilər deməyə əsas verir ki, jurnalist peşəkarlığının artırılması davamlı xarakter daşıyır, media əməkdaşlarının yeni bilik və bacarıqlara yiyələnməsi bundan sonra da davam etdiriləcək. Eyni zamanda, dövlət orqanlarının (qurumlarının) kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin bilik və bacarıqlarının artırılması, mətbuat xidmətlərinin işinin təkmilləşdirilməsi, onların fəaliyyətinin müasir kommunikasiya sistemlərinə uyğunlaşdırılması, mümkün böhran vəziyyətlərində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin effektiv icra edilməsi məqsədilə müvafiq mütəxəssislərə təlimlər keçirilməsi də artıq ənənə halını alıb.

- Media subyektləri üçün dəstək layihələrinin həyata keçirilməsi artıq yeni məzmun daşımaqdadır. Bu barədə nə deyə bilərsiniz?

Seçilən
60
32
aznews.az

10Mənbələr