AZ

Beynin sağlam fəaliyyəti üçün nə lazımdır?

Beynin sağlam fəaliyyət göstərməsi üçün onun kifayət qədər oksigenlə təmin olunması əsas şərtlərdən biridir.

Redaktor.az xəbər verir ki, bu barədə gazeta.ru-ya həkim Aleksey Reşetun məlumat verib.

Onun sözlərinə görə, beyin ölçüsünə nisbətən çox böyük miqdarda oksigenə ehtiyac duyur və insanın nəfəs aldığı ümumi oksigenin azı dörddə birini istehlak edir. Bu səbəbdən də beyin oksigen çatışmazlığına qarşı olduqca həssas orqandır.

Mütəxəssis bildirib ki, oksigen orqanizmdə eritrositlərin tərkibindəki hemoglobin vasitəsilə daşınır və beyin iki əsas böyük arteriya sistemi vasitəsilə qidalanır. Bu baxımdan, qan damarlarının sağlam vəziyyətdə saxlanılması olduqca vacibdir. Ateroskleroz zamanı damarların divarlarında əmələ gələn lövhələr beyinə gedən qan axınını azaldır və bu da orqanın fəaliyyətinə mənfi təsir göstərir. Aterosklerozun əsas səbəbləri sırasında siqaret çəkmə, elektron siqaret istifadəsi, qeyri-sağlam həyat tərzi, yağlı qidaların çox qəbulu və digər risk faktorları göstərilir.

Reşetun alkoqol istifadəsinin də beyin üçün təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, alkoqol beyinin yumşaq qişalarına tez təsir edir və bu nahiyələrdə fibrozun inkişafı nəticəsində beynin ayrı-ayrı sahələrinin qanla təminatı pozulur. Bu isə insanın zehni fəaliyyəti və psixoloji vəziyyətinə mənfi təsir göstərir.

Həkim əlavə edib ki, beyin daim “məşq” tələb edir. Əgər insan informasiyanı passiv şəkildə qəbul edirsə, məsələn, qısa videolara baxmaqla kifayətlənirsə, neyronlar arasında assosiativ əlaqələr zəifləyir və ya ümumiyyətlə formalaşmır. Lakin yeni məlumatların öyrənilməsi, yaddaşın məşqi, təhsil almaq, xarici dilləri öyrənmək və məntiqi tapşırıqlarla məşğul olmaq neyronlar arasında yeni əlaqələrin yaranmasına və beynin resurslarının artmasına səbəb olur.

Nuriyyə NATİQQIZI

Seçilən
53
1
redaktor.az

2Mənbələr