ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem Fox News-a verdiyi müsahibədə Prezident Donald Trampı İran hakimiyyətinə qarşı qəti tədbirlər görməyə çağırıb.
KONKRET.az xəbər verir ki, senator İran İslam Respublikasını öz xalqını öldürməkdə ittiham edərək, ciddi addımlar atılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, İranın ali liderinin “vəzifədən uzaqlaşdırılması” bölgədə sabitliyin artmasına, “Hizbullah” və HƏMAS kimi qruplaşmaların zəifləməsinə, həmçinin İsrail ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına səbəb ola bilər.
Qrem Trampın liderliyinə inandığını bildirib, onu Ronald Reyqanla müqayisə edərək, ABŞ-ı İran xalqının yanında açıq şəkildə dayanmağa və uzunmüddətli, sülh yolu ilə həll yolları üzərində işləməyə çağırıb.
ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi isə bildirib ki, əgər İran xalqı artıq 46 ildən çox davam edən nifrət dolu və qeyri-effektiv rejimə son qoymaq qərarı versə, bu, fars mədəniyyətinin, təhsil, incəsənət, musiqi və gücün bərpasına, həmçinin HƏMAS, “Hizbullah” və husilərin varlığına son qoymağa şərait yarada bilər”.
Müşviq Tofiqoğlu
KONKRET.az