AZ

Trampın verdiyi söz neft qiymətlərini NECƏ DƏYİŞDİRDİ?

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

2026-cı il gözlənildiyindən də qəribə gəldi. İlin əvvəlindən keçən bu qısa zamanda dünya hələ bu qədər kontrastlı, indiyə qədər yaşanmamış və bundan sonra proqnoz edilməsi çox mürəkkəb olan hadisələrlə qarşılaşmayıb.

Görünən odur ki, dünya artıq daha intensiv şəkildə “yenidənqurulmaq” dövrünə qədəm qoyur və bu baxımdan da “enerji keçidi” məsələsi yavaş-yavaş arxa plana keçir. Ona görə də belə bir vəziyyətdə enerji bazarlarının özünü necə aparması da müəmma dolu sualların cavabından asılıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Venesueladan sonra İRAN HƏDƏFDƏ – Dünyanı enerji böhranı GÖZLƏYİR?


Qlobal bazarlar

2026-cı il enerji bazarları üçün sakit gəlsə də, bazar iştirakçılarının içərisində yaşanan bir təşvişlə başladı. Bu baxımdan dünyada baş verən siyasi kataklizmlərə baxmayaraq neft bazarında qiymətlər sıçrayışlı dəyişkənliyə meyl etmədi, daha çox dar diapazonda hərəkət müşahidə olundu.

Elə bunları London Əmtəə Birjasında Brent markalı neftin qiymət dinamikasına nəzər yetirdikdə də görmək mümkündür. İlin ilk hərrac günü neft 60,75 qiyməti ilə bağlanmışdısa, Venesuela prezidenti Maduro və həyat yoldaşının ABŞ xüsusi təyinatlıları tərəfindən keçirilən əməliyyat nəticəsində həbs edilməsindən sonra keçirilən hərracda təqribən 1 dollar artım nümayiş etdirdi.

Bu da ondan qaynaqlanırdı ki, bazar iştirakçıları baş verən mürəkkəb vəziyyətə emosional deyil, texniki reaksiya verdi. Sonrakı iki gün qiymət azaldı və hətta yanvarın 7-də 60 dollardan aşağı həddə də düşdü. Amma həftə sonu nəinki itirilmiş mövqelərini bərpa edə bildi, hətta 63 dollar həddini də aşa bildi.

Burada bir neçə vacib məqam var. Əvvəla, neftə tələbatın zəif dinamikası zamanı OPEC+ ölkələrinin bazara əlavə sürpriz həcmlər çıxarmaması haqda addım atması. İkincisi, Venesuelanın 303 mlrd barel ehtiyatı haqqında tirajlanan  göstəricinin sadəcə geoloji ehtiyat olması və kommersiya baxımından çıxarıla bilən ehtiyatların həcminin bundan dəfələrlə az olması.
 

Bundan əlavə, Venesuela neftinin əksər hissəsinin ağır və yüksək qatılıqlı olmasıdır. Yəni ABŞ şirkətləri ona sahib çıxsalar belə, onun ixracının əsas hissəsinin elə Amerika bazarına gedəcəyi və qiymətlərin 10 dollar ucuzlaşmasına dair Vaşinqondan gələn sədaların ümumilikdə Brentə deyil, uzağı Qərbi Texas neftinə (WTI) aid ola biləcəyi ehtimalıdır.


Neft bazarı üzrə ixtisaslaşan “Rystad Energy” analitiklərinin qeyd etdiyi kimi, Venesuelada hasilatı yaxın müddətdə 20–25%-dən çox artırmaq real deyil, çünki bu ölkənin neft sənayesi son 20 ildə o qədər problemlərlə üzləşib, o qədər baxımsız halda olub ki, sosialistlərin hakimiyyətə gəlişindən öncə gündəlik çıxarılan 3,45 milyon bareldən 320 min barelədək eniş edib.

Son dövrlər hasilat təqribən 950-980 min barel təşkil edirdi. Bundan əlavə yataqlardan böyük neft həcmlərini nəql və ixrac edə biləcək infrastruktur da yoxdur. Onları yaratmaq üçün isə böyük çoxmilyardlı yatırımlar gərəkdir.

Bəli, ABŞ prezidenti Tramp bəyan edir ki, Amerika şirkətləri bunları edəcək və hətta 100 milyard dollar investisiya etmək ehtimalını da səsləndirib. Amma şirkətlər da bunun əvəzində rəsmi Vaşinqtondan dövlət qarantiyası istədiklərini dilə gətirdilər. Çünki başları məhz Venesela bazarında bir neçə dəfə daşdan daşa dəyib və bu qeyri-stabil ölkədə hətta  milliləşdirmə ilə də üzləşiblər.

Özləri də çox gözəl başa düşürlər ki, yatırılan milyardları geri qaytarmaq üçün bir beşillik kifayət etməyəcək. Trampın “kişi sözü” isə maksimum onun prezidentliyi dövründə keçərli ola bilər. Bax buna görə də, əvvəlcə bir qədər ucuzlaşan neft qiymətləri sonradan itirdiyi mövqeləri bərpa edə bildi.

Prezidentin enerji mesajları

Yola saldığımız həftə Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyalar üçün geniş müsahibə verdi. Dövlət başçısının çıxışında mənim diqqətimi 2 məqam çəkdi: birincisi ölkənin dünyada artan hərbi-siyasi gərginlik durumunda güc mərkəzləri ilə əlaqələrinin inkişafı, ikincisi isə Azərbaycanın qaz ixracının perspektivlərinə dair fikirləri.
 

Birinci məsələ ilə bağlı rəsmi Bakı dünyanın iki nəhəng gücü ilə - ABŞ və Çinlə münasibətlərində yeni müstəvidə əlaqələr qurmağa nail olub və məqsədi onları daha da inkişaf etdirməkdir. Regionda isə sülh və əmin amanlığın yaranmasıdır ki, bu da iqtisadi əməkdaşlıq üçün yeni imkanların ortaya çıxması, ən başlıcası isə gələcək üçün mümkün qarşıdurma risklərinin azaldılmasıdır.


Ermənistana yanacaq ixracı

Elə bu baxımdan da Azərbaycanın bu günlərdə Ermənistana yeni partiya neft nəhsullarını ixrac etməsini qonşu ölkənin kütləvi istehlak bazarında 4 onilliyə yaxın formalaşmış “düşmən malı” düşüncəsinin dəyişdirilməsi kimi də qiymətləndirmək olar.

Özü də bu dəfə ipə-sapa yatmaq istəməyənlərin bazarına daha geniş şəkildə yanacaq çıxartmışıq. Ermənistan iqtisadiyyat nazirliyinin məlumatına görə, Azərbaycandan bu dəfə 1800 ton Ai-95 markalı benzin və hərəsi 1000 ton olmaqla Ai-92 benzini və dizel yanacağı idxal edilib. Əgər dekabrın 19-da Azərbaycandan 22 vaqon alınmışdısa, bu dəfə idxal edilən yanacaq dolu vaqonların sayı 44-ə çatıb.

Bəli, hələ diplomatik əlaqələrin olmadığı dövlətlə ticarətə başlamaq asan məsələ deyil. Çünki sərhədimizin o tərəfində miflərə yaşayan inananların bizlərə olan neqativ baxışlarını bilirik. Amma Azərbaycan istehsalı olan malı hər dəfə alan, amma bunu həzm edə bilməyənlər təkrarən bu halla qarşılaşdıqda yavaş yavaş anlayacaqlar ki, onların bazarına yol tapan və getdikcə əhatəsini genişləndirən mallar 44 günün o əzəmətli Zəfərinin məntiqi nəticəsidir. 

Qaz ixracının bazarlaşması

Qeyd edim ki, Azərbaycan enerjisi siyasətində istehlak rəğbətini təkcə rəqabətədavamlı qiymət təklifi, stabil təhcizatçı adı ilə deyil, həm də düşünülmüş, mən deyərdim ki, “yüz ölçüb bir biçmək” qərarı ilə imza atdığı müqavilələrə sadiqliyi ilə də qazanıb.

Amma Avropadakı bəzi müştərilərimiz, özü də bizdən qaz alan şirkətlər heç də hər zaman özlərini Azərbaycan qazına bağlamaq istəmirlər. Prezident İlham Əliyev məhz bu məqamı diplomatikcəsinə yerli TV-lərə açıqlamasında çatdırıb.
 

Dövlət başçımız qeyd edib ki, “biz indiyədək 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla təchiz etmişik. Elə ölkələr var ki, onlar 2024-cü ildə bizdən qaz əldə edib, lakin sonra başqa mənbələrlə əlaqədar dayandırıb. Bu, bir növ tələbata əsaslanır, onların ehtiyacı olanda biz təchizata başlayırıq, ehtiyacı olmayanda dayandırırıq”.


Bu yerdə Azərbaycan Prezidenti əlavə edib ki, bu il qaz ixracatçılarımız sırasına daha iki Avropa ölkəsi əlavə olunacaq. Həmin ölkələrin adları çəkilməsə də, güman etmək olar ki, onlar Şərqi Avropa və Balkan ölkələri təmsilçiləri olacaq.

Bu göstəricilər Azərbaycanın qlobal enerji bazarındakı mövqeyinin unikal xarakterini açıq şəkildə nümayiş etdirir və onun alternativ təchizatçı rolundan sistemyaradıcı oyunçu statusuna keçidini təsdiqləyir.

Qaz resurslarımız

Əlavə etmək istərdim ki, Azərbaycanın qaz ixracını daha da genişləndirilməsi üçün bütün zəruri resurslar mövcuddur. Artıq bu il “Azəri–Çıraq–Günəşli” yatağının dərin sulu hissəsindən ilk təbii qaz hasilatına başlanılmasına hazırlıq gedir, “Şahdəniz” Kompressiya layihəsinin həyata keçirilməsi nəticəsində əlavə olaraq  50 milyard kubmetr qazın və təqribən 25 milyon barel kondensatın hasilatı gözlənilir, 2029-cu ildə isə “Abşeron” qaz-kondensat yatağının ikinci mərhələsi üzrə hasilata başlanılacaq. Həmçinin “Ümid/Babək” müqavilə sahəsindən qaz hasilatının artırılmasını da nəzərə almaq gərəkdir.

Artan yaşıl enerji layihələri

Bu həftə “Gülüstan” sarayında Azərbaycanın yaşıl enerji tarixində iz buraxacaq bir layihənin də açılışı gerçəkləşdi. Söhbət Səudiyyə Ərəbistanının “Acwa Power” şirkətinin ərsəyə gətirdiyi 240 MVt gücə malik “Xızı-Abşeron” külək elektrik stansiyasından gedir.

Bu layihə Azərbaycanın bərpa olunan enerji strategiyasında və onun daha geniş dekarbonizasiya məqsədlərində mühüm mərhələni təmsil edir. Çünki Azərbaycanın ilk böyük gücə malik külək elektrik stansiyasıdır. Bundan öncə 2023-cü ilin oktyabrında Azərbaycanın ən böyük alternativ enerji mənbəli stansiyası BƏƏ-nin Masdar şirkətinin Qaradağda inşa etdiyi 230 MVt güvə malik günəş elektrik stansiyası idi.
 

Hər iki stansiya da dövlət vəsaitlərindən istifadə edilmədən ərsəyə gətirilib. Layihənin icrasına təqribən $340 milyon xarici investisiya yönəldilib. Stansiyanın tikintisi üçün Səudiyyə şirkətinə Avropa Yenidənqurma və İnkişaf Bankı 197,1 milyon dollar, OPEC Fondu isə 50 milyon dollar kredit ayırıb.


Stansiya il ərzində küləkli hava şəraitinin optimal göstəriciləri olduğu halda 1 milyard kVt/saat həcmində elektrik istehsal etmək qabiliyyətinə malikdir. Bunun nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunması və 400 min tondan çox karbon emissiyasının atmosferə atılmasının qarşısının alınması gözlənilir.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev “yaşıl enerji”nin Azərbaycanda gələcək inkişafı ilə bağlı maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, imzalanmış və razılaşdırılmış müqavilələr əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə səkkiz giqavat gücündə külək və günəş elektrik stansiyaları inşa ediləcək.

İlin ilk qaz sazişi

Azərbaycanın qaz sənayesi üçün 20226-cı il uğurla gəlib. Ötən həftə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar "Kanal 7" telekanalına müsahibəsində açıqlayıb ki, Türkiyə ilə Azərbaycan arasında "Abşeron" yatağından hasil ediləcək təbii qaz tədarükünə dair həcmi 33 milyard kubmetr olan uzunmüddətli müqavilə imzalanıb.

Müqaviləyə əsasən, bu həcmlər "Abşeron" yatağından ildə 2,25 milyard kubmetr olmaqla, 15 il ərzində Türkiyəyə tədarük ediləcək. Tədarükə 2029-cu ildən start veriləcək.

Nazir həmçinin qazın hansı marşrutla Türkiyəyə nəql ediləcəyinə də aydınlıq gətirib. “Mövcud infrastrukturumuzdan istifadə edərək bu qazı "Bakı-Tbilisi-Ərzurum" boru kəməri vasitəsilə ölkəmizə çatdıracağıq", - deyə Bayraktar bildirib.

Beləliklə, Azərbaycanın enerji həyatı 2026-cı il üçün qlobal bazarlarda nə yaşanmasından asılı olmayaraq rəngarəng layihələr, yeni müqavilələrin imzalanması və işlərin canlanması ilə qədəm qoyur.

Bizim.Media

Seçilən
27
1
bizim.media

2Mənbələr