AZ

Prezident İlham Əliyevin çıxışı iqtisadi inkişafın dönməzliyinin bariz təsdiqidir



Prezident İlham Əliyevin “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində etdiyi çıxış Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının uğurla və ardıcıllıqla həyata keçirildiyini bir daha nümayiş etdirdi. Dövlət başçısının səsləndirdiyi fikirlər təkcə enerji sahəsinə dair qiymətləndirmələr deyil, bütövlükdə ölkənin gələcək inkişaf xəttini əks etdirən mühüm siyasi və iqtisadi mesaj kimi qəbul olundu.
Son illərdə Azərbaycanın inkişafı keyfiyyətcə yeni mərhələyə yüksəlib. Xüsusilə ərazilərimizin işğaldan azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır, yeni yollar, tunellər, elektrik xətləri, yarımstansiyalar, sənaye və sosial obyektlər inşa olunur. Eyni zamanda respublikanın digər bölgələrində də yeni istehsal müəssisələrinin açılması, regionların iqtisadi potensialının gücləndirilməsi ölkənin ümumi inkişafına mühüm töhfə verir. Bütün bunlar bir daha sübut edir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır.

Bu fikirləri aia.az-a verdiyi müsahibəsində Elm və Təhsil Nazirliyi Fizika İnstititunun baş meneceri Xanlar Xanlarov deyib.

Daha sonra X. Xanlarov sözlərinə davam edərək deyib ki, 240 meqavat gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın bərpaolunan enerji strategiyasında mühüm mərhələdir. Bu layihə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, həm də ekoloji dayanıqlılığın təmin olunmasına xidmət edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, son 20 ildə ölkənin enerji sistemi əsaslı şəkildə yenilənmiş, generasiya gücləri əvvəlki dövrlərlə müqayisədə dəfələrlə artırılmışdır. Bu gün Azərbaycanın ümumi enerji istehsalı potensialının təxminən 10 min meqavata çatması dövlətin strateji idarəetmə siyasətinin uğurlu nəticəsidir.
Azərbaycanın enerji siyasətinin əsas xüsusiyyətlərindən biri də ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel şəkildə inkişaf etdirilməsidir. Mingəçevirdə yeni elektrik stansiyasının istismara verilməsi, Qaradağ, Xızı, Abşeron və işğaldan azad edilmiş ərazilərdə günəş və külək stansiyalarının tikintisi bu balanslı yanaşmanın real nəticələridir. Bu yanaşma ölkəyə həm daxili enerji tələbatını tam ödəməyə, həm də enerji ixracını genişləndirməyə imkan yaradır.
Eyni zamanda dövlət başçısının xarici və yerli investorları enerji tutumlu sahələrə, xüsusilə süni intellekt, data mərkəzləri və yüksək texnologiyalar sahəsinə investisiya qoymağa dəvət etməsi Azərbaycanın artıq regional iqtisadi mərkəzə çevrildiyini göstərir. Bu, ölkəmizin gələcək inkişaf perspektivlərinin nə qədər geniş olduğunu açıq şəkildə ortaya qoyur.
Yekunda Xanlar Xanlarov bildirib ki, nəticə olaraq demək olar ki, Prezident İlham Əliyevin “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimində etdiyi çıxış Azərbaycanın iqtisadi inkişaf yolunun dönməzliyini, dövlət siyasətinin ardıcıllığını və milli maraqlara əsaslandığını bir daha təsdiqlədi. Bu çıxış həm bugünkü uğurların, həm də sabaha olan böyük inamın ifadəsi kimi tarixə düşmüşdür.

aia.az
Bayram Xudayarov



Seçilən
20
aia.az

1Mənbələr