AZ

Kris Merfi: ABŞ-ın Qrenlandiyanı ilhaq etməsi NATO-nun sonu olar

ABŞ Konqresinin Demokrat Partiyasından olan senatoru Kris Merfi ABŞ-ın Qrenlandiyanı ilhaq etməsinin Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) faktiki olaraq dağılması ilə nəticələnə biləcəyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Merfi bu fikirləri NBC News telekanalına verdiyi müsahibədə, ABŞ prezidenti Donald Tramp administrasiyasının Qrenlandiya ilə bağlı mümkün addımlarının NATO-nun gələcəyinə necə təsir göstərə biləcəyi barədə suala cavab verərkən səsləndirib. Senatorun sözlərinə görə, belə bir ssenari alyans üçün son dərəcə təhlükəli olar.

“NATO Qrenlandiyanı müdafiə etməyə borclu olacaq. Bu isə sual yaradır: biz Avropa, Böyük Britaniya və ya Fransa ilə müharibəyə girəcəyikmi? Bu, NATO-nun sonu deməkdir”, – deyə Merfi vurğulayıb.
Qeyd edək ki, Qrenlandiya NATO üzvü olan Danimarkanın ərazisidir. Alyansın 5-ci maddəsinə əsasən, üzv ölkələrdən birinə edilən hücum bütün üzvlərə edilmiş hücum kimi qiymətləndirilir. Bu maddə indiyədək yalnız bir dəfə – 2001-ci il 11 sentyabr terror aktlarından sonra ABŞ-ın müdafiəsi üçün tətbiq olunub.
Merfi çıxışında Donald Trampı sərt tənqid edərək bildirib ki, prezident ABŞ vətəndaşlarının problemlərindən çox, xarici macəralar haqqında düşünür: “Prezident hər gün Qrenlandiyanı işğal etmək, Venesuela iqtisadiyyatına nəzarət etmək və ya müxtəlif absurd planlar barədə düşünür. O, Amerika xalqı haqqında kifayət qədər düşünmür”.
Bu müzakirələr fonunda Trampın müttəfiqi Keti Miller ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu qaçırmaqla bağlı iddia edilən əməliyyatdan qısa müddət sonra sosial şəbəkədə Qrenlandiya üzərində dalğalanan ABŞ bayrağının fotosunu “Tezliklə” qeydi ilə paylaşıb.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen Trampın adanı ələ keçirməklə bağlı açıqlamalarını “son dərəcə hörmətsizlik” kimi qiymətləndirib. Danimarkanın Baş naziri Mette Frederiksen isə DR ictimai yayımçısına açıqlamasında bildirib: “Əgər ABŞ başqa bir NATO üzvü olan ölkəyə hücum edərsə, hər şey bitəcək”.
Xatırladaq ki, Donald Tramp daha əvvəl Qrenlandiya ilə bağlı sərt ritorikasını yenidən gündəmə gətirərək “İstəsələr də, istəməsələr də, Qrenlandiya ilə bağlı nəsə edəcəyik” demişdi. O, əks halda Rusiyanın və ya Çinin bu ərazini ələ keçirə biləcəyini iddia etmişdi.

Seçilən
12
veteninfo.az

1Mənbələr