AZ

İranda kütləvi etirazlar Yaxın Şərqdə gərginliyi artırır

Rialın dəyərdən düşməsindən sonra başlayan aksiyalar fonunda ABŞ və İsrail mümkün təzyiq ssenarilərini müzakirə edir, Tehran isə cavab zərbələri ilə hədələyir...

Poliqon xəbər verir ki, İranda dekabrın 28-dən etibarən milli valyuta rialın kəskin dəyərdən düşməsindən sonra başlayan kütləvi etiraz aksiyaları Yaxın Şərqdə ümumi təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. “Nezavisimaya qazeta”nın yazdığına görə, bölgədə baş verən proseslər artıq təkcə İranın daxili sabitliyinə deyil, regional güclər arasında münasibətlərə də birbaşa təsir göstərir.

Məlumata əsasən, ABŞ administrasiyası Tehrana təzyiq göstərmək üçün müxtəlif variantları nəzərdən keçirir. Bu variantlara hərbi müdaxilə, kiberəməliyyatlar, eləcə də informasiya və psixoloji təsir mexanizmləri daxildir. Lakin Vaşinqtonda hələlik yekun qərarın verilmədiyi bildirilir. ABŞ rəsmiləri mümkün addımların regionda genişmiqyaslı eskalasiyaya səbəb ola biləcəyini istisna etmir.

İsrail isə ABŞ-nin razılığı olduğu təqdirdə güc tətbiqini nəzərdə tutan ssenarini dəstəkləməyə hazır olduğunu gizlətmir. İsrail rəsmiləri İran ətrafında baş verən prosesləri öz milli təhlükəsizlikləri üçün birbaşa risk kimi qiymətləndirirlər.

Tehran isə Vaşinqton və Təl-Əvivin mümkün addımlarına sərt cavab verəcəyini bəyan edib. İran hakimiyyəti ABŞ və İsrailə məxsus obyektlərin cavab zərbələrinin legitim hədəfləri olacağı ilə hədələyir. Bununla yanaşı, rəsmi Tehran daxili dialoqa çağırışlar edir, etirazların qarşısını almaq məqsədilə kütləvi əks-nümayişlər təşkil edir və tərəfdarlarını küçələrə çıxarır.

Qəzetin yazdığına görə, etiraz dalğası tədricən daha radikal xarakter alır. Xüsusilə ölkənin qərb və şimal-qərb bölgələrində kürd silahlı qruplaşmalarının fəallaşması vəziyyəti daha da mürəkkəbləşdirir. Bu amil İran hakimiyyəti üçün əlavə təhlükə mənbəyi kimi qiymətləndirilir və mövcud siyasi rejimin sabitliyini ciddi şəkildə təhdid edir.

Analitiklər hesab edirlər ki, İranda etirazların davam etməsi və xarici təzyiqlərin artması Yaxın Şərqdə yeni böhran mərhələsinin başlanğıcı ola bilər. Mövcud vəziyyətin necə inkişaf edəcəyi isə əsasən ABŞ, İsrail və İran arasında veriləcək qərarlardan asılı olacaq.

Poliqon.info

Seçilən
33
poliqon.info

1Mənbələr