AZ

Britaniya Ukrayna üçün 500 km mənzilli yeni ballistik raketlər istehsal edəcək

London Kiyevin müdafiə imkanlarını artırmaq üçün hələ hazırlanma mərhələsində olan taktiki ballistik silahları istehsal etməyi planlaşdırır...

Poliqon xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynanı özünün hələlik hazırlanmaqda olan yeni taktiki ballistik raketləri ilə silahlandırmaq niyyətində olduğunu açıqlayıb. Britaniya hökumətinin bazar günü yaydığı rəsmi press-relizdə bildirilir ki, bu addım Ukraynanın hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirməyə hesablanıb.

“Birləşmiş Krallıq Ukraynanın atəş gücünü və Putinin hərbi maşınına qarşı müdafiə qabiliyyətini artıracaq yeni taktiki ballistik raketlər hazırlayacaq”, – deyə açıqlamada vurğulanır. Söhbət ötən il elan edilən “Nightfall layihəsi” (Project Nightfall) çərçivəsində hazırlanması nəzərdə tutulan, 500 kilometrdən artıq uçuş məsafəsinə və təxminən 200 kiloqramlıq döyüş başlığına malik ballistik raketlərdən gedir.

Məlumata görə, Nightfall raketləri müxtəlif yerüstü platformalardan buraxıla biləcək, qısa müddət ərzində ardıcıl bir neçə raketin atılmasına imkan verəcək və cəmi bir neçə dəqiqə ərzində mövqeyi tərk edəcək. Bu isə Ukrayna Silahlı Qüvvələrinə Rusiya qüvvələri cavab zərbəsi endirməmişdən əvvəl mühüm hərbi hədəfləri vurmaq imkanı yaradacaq.

Qeyd edək ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi ötən ilin dekabr ayında bu tip silahların hazırlanması və ilkin nümunələrinin yaradılması üçün rəsmi müsabiqə elan edib. Layihə üçün müraciətlər fevral ayının əvvəlinədək qəbul ediləcək. Mart ayında seçiləcək üç şirkətin hər birinə bir il ərzində sınaqlara hazır raketlər hazırlamaq üçün 9 milyon funt sterlinq vəsait ayrılacaq.

Bundan sonra Britaniya aylıq 10 raket istehsal etməyi planlaşdırır. Rəsmi məlumata əsasən, hər bir raketin dəyəri 800 min funt sterlinqdən (hazırkı məzənnə ilə təxminən 1 milyon 72 min ABŞ dolları) artıq olmayacaq.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr