"Şəffaf təsir mexanizmi dövlətə təhlükə yox, təminatdır".
QHT.az xəbər verir ki, bu fikri “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin dəyişməz prioriteti olduğunu bir daha açıq şəkildə vurğuladı. Dövlət başçısı korrupsiyanın yalnız fərdi pozuntu kimi deyil, qərarların legitimliyini, idarəetmənin keyfiyyətini və cəmiyyətin dövlətə etimadını sarsıdan sistem riski olduğunu xüsusi qeyd etdi:
"Uzun illər korrupsiyaya qarşı layihələr, qanunvericilik təşəbbüsləri və institusional təhlillərlə məşğul olan biri kimi deyə bilərəm ki, ən böyük problemlər açıq pozuntulardan yox, tənzimlənməyən və gizli təsir mexanizmlərindən yaranır. Məhz bu kontekstdə əsas sual meydana çıxır: dövlət qərarları hansı mexanizmlər vasitəsilə formalaşır, bu qərarlara kimlər, hansı əsaslarla və hansı maraqlar naminə təsir göstərir? “Lobbiçilik” anlayışına münasibət də emosional yanaşmadan çıxarılaraq məhz bu institusional çərçivədə qiymətləndirilməlidir".
Əliməmməd Nuriyev həmçinin bildirib ki, Azərbaycanda “lobbiçilik” anlayışı hələ də ehtiyatla, bəzən isə açıq qorxu ilə qarşılanır. Cəmiyyət bu anlayışı qanuni və legitim təsir mexanizmi kimi deyil, daha çox qeyri-rəsmi, pərdəarxası təsir aləti kimi tanıyır. Bunun səbəbi lobbiçiliyin mahiyyətində deyil; səbəb onun uzun illər şəffaflıqdan kənar və hüquqi çərçivəsiz mövcud olmasıdır.Problem lobbiçiliyin özündə deyil.Problem onun gizli və tənzimlənməyən formada həyata keçirilməsindədir.