AZ

BMT-nin Beynəlxalq Məhkəməsi Myanmada rohinca soyqırımı ilə bağlı işi araşdıracaq

Haaqa məhkəməsində Myanma hakimiyyətinə qarşı irəli sürülən ağır ittihamlar beynəlxalq hüquqi presedent yarada bilər...

Poliqon xəbər verir ki, BMT-nin Haaqa şəhərində yerləşən Beynəlxalq Məhkəməsi yanvarın 12-də Myanma hakimiyyətinə qarşı rohinca müsəlman azlığına münasibətdə soyqırımı törədilməsi iddiası üzrə işi baxışa başlayacaq. Reuters Agentliyinin məlumatına görə, Myanma tərəfi bu ittihamları rədd edir və ölkə rəhbərliyi hər hansı soyqırımı faktının baş vermədiyini bildirir.

Agentlik qeyd edir ki, bu, Beynəlxalq Məhkəmənin son on ildən artıq müddətdə tam həcmdə baxacağı ilk soyqırımı işi olacaq. Gözlənilir ki, prosesin nəticələri təkcə Myanma ilə məhdudlaşmayacaq və beynəlxalq hüquq müstəvisində daha geniş təsir göstərəcək. Xüsusilə, Cənubi Afrika Respublikasının eyni məhkəmədə İsrailə qarşı Qəzza zolağındakı müharibə ilə bağlı irəli sürdüyü ittihamların baxılmasına da dolayı təsir edə biləcəyi ehtimal olunur.

Rohincalar Myanmanın Rakxayn ştatında yaşayan və sünni islamına etiqad edən etnik icmadır. 2012-ci ilə olan məlumatlara əsasən, bu icmanın sayı təxminən 800 min nəfər təşkil edib. 2017-ci ildə Myanma ordusunun rohincaların yaşadığı bölgələrdə hərbi əməliyyatlara başlamasından sonra azı 730 min rohinca qonşu Banqladeş və Tailand ərazilərinə sığınmağa məcbur olub. BMT-nin hesabatlarında bildirilirdi ki, həmin əməliyyatlar zamanı kütləvi qətllər, işgəncələr və cinsi zorakılıq halları qeydə alınıb.

Xatırladaq ki, Beynəlxalq Məhkəmə BMT-nin əsas məhkəmə orqanı hesab olunur və dövlətlər arasında hüquqi mübahisələrə, eləcə də beynəlxalq sülhün pozulmasına gətirib çıxara biləcək məsələlərə baxan ali instansiyadır. Məhkəmənin qərarları hüquqi baxımdan məcburi xarakter daşıyır və beynəlxalq münasibətlərdə mühüm rol oynayır.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr